Hətəmxan uşaq deyildi, dünyanın işini, oyununu buraya buyurmuş kişilərdən az bilmirdi. “Laldinməz”in əsər-kəsərini, cəza-cəzanını keçmişlərdə dadmış olardı. İş zoğal çubuğuna, zopaya da gedib çıxırdı qədimlərdə.
Xəlbir çıxarından, dənəvər dəmyə arpasından yeyib, at kimi kişnəyib bir sarı, səmənd xoruzla da qurtarmaq olardı; əgər ilişsə, cıqqırı çıxsa, bunlar arxdan adlayanda, çaşıb, ikicə kəlmə sözlə ötürsə. Yox, Hətəmxan təkcə ovuc-ovuc arpa-buğda sayəsində yox, dənçilərin gətirdiyi pay, qoz-fındıq havasına şişib şişəyə dönmüş xoruzdan ayrılmaq istəmirdi, yoxsa hələ çax-çaxı kəsilməyən, ocağı sönməyən yurdda yalqız qalardı.
Cəmşid eşmənin kötüyünü basdı ocağın külünə. Baxdı Gər Xəlilə, padşahın allanıb qan gəlmiş üzündən bir aydın işarə oxuya bilmədi. Qımzandı nə isə qandırsın: “Durun gedək, Xəlil padşah! Burdakı “Laldinməz” külləyib qaraldı”. Bəlkə Cəmşidin dillənməyindən Hətəmxan da şəklənib, bircə kəlmə söyləsin.
Bir quğultu qopdu. Bunu, gər boğazdan çıxan həniri Hətəmxan da aldı. Gər Xəlil gözünü ağartdı, Cəmşid əlini dəstərxana çırpdı: “Mən yox, mən dəyildim”. Hər üçü yerindən boylanıb, içərini aradılar. Hətəmxanı görmək istədilər. Geridə, dəyirmançının taxtının ayağında nə isə tərpəşirdi. Ala-toran bucaqda bir də quğultu qopdu. Qaranlığa zillənib gördülər ki, bu elə Hətəmxanın özüdü; intəhası, sarı çuxası qaranlıqda cilvələnən xoruz cildinə girmişdi. Şeşələndi, o bunları görürdü, bunlar onu güclə seçdilər.
Sözün lap yeriydi, Cəmşid özünü güclə saxladı. Arada “Laldinməz” deyişməsi başladı:
“-Quğuldayan, səda qoparan xoruzdu. Odur, Hətəmxanın taxtının ayağında bağlanıb. O bizi görür, biz onu görmürük.
–Bunu Hətəmxana sübut edə bilərikmi, quğuldayan xoruzdu? O, səs çıxarıb. Xoruz sənindi, özü də adamcan ağlıkəsən bir xoruzdu. Onun ağır-yüngül bütün taxsırı sənin boynuna düşür. Cəzanı özün seç.
Cəmşid:
–Deyimmi mən, dillənim, Hətəmxanı çağırımmı?
Xəlil padşah:
–Əsla!
Mürşüd kişi:
–Yaxşı bəs niyə qalxıb getmirik?
Cəmşid vəzir:
–Sən icazə ver, mən onu dolaşdırım.
Xəlil padşah:
–Bir az döz”.
Xoruz taxtın ayağında gəzinməyə başladı. Hətəmxan dənnik səmtdən dolanıb, bunlara yavuqlaşdı. O da bunları güdürdü, daldala girələnir, tayı qoyub, xaşanı götürürdü, güya başı qatışıqdı. Bunlardan biri dillənsə, ucadan səslənib açıqca söhbətə keçsə də, Hətəmxan eşitməyəcək, qulağı almayacaqdı.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.