Название: Beş uşaq və O
Автор: Эдит Несбит
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952245141
isbn:
– Doğrudan? – Ceyn təəccüblə soruşdu. – Necə maraqlıdır! Çox istərdim ki, bizə öz yuxularınız barədə danışasınız.
– Sizin bugünkü arzunuz budur? – Sammied təəccüblə xəbər aldı.
Bunu eşidən Siril dodağının altında donquldanmağa başladı: «Bu qızlarla nə edəsən axı!»
O biri uşaqlar isə susurdular. Nə deyəydilər? Əgər «hə» desələr, bayaqdan bəri güclə fikirləşib tapdıqları arzularından əl çəkməli idilər. «Yox» desələr, nəzakətsizlik olardı. Lakin Sammied onları bu vəziyyətdən xilas elədi.
– Əgər yuxularımı sizə danışmağa başlasam, ən xırda arzunuzu belə yerinə yetirməyə gücüm qalmaz. Ona görə də ən yaxşısı budur, deyin görüm, arzunuz nədir?
– İstəyirik ki, evimizdəki qulluqçu qadın sizin elədiklərinizin fərqinə varmasın, – Robert dedi.
Sammied yenə ovurdlarını şişirib gözlərini bərəltdi, sonra ağzındakı havanı bir anda çölə buraxdı.
– Vəssalam, alındı, – o dedi. – Bu bir o qədər də çətin arzu deyildi. Bəs əsas arzunuz nədir?
– İstəyirik ki, həddən artıq varlı olaq! – Robert alçaq səslə dilləndi.
– Tamahkarlığa bir bax! Yaxşı, siz deyən olsun, – Sammied dedi. – Lakin bu sizə sevinc bəxş etməyəcək.
Bundan sonra qum pərisi dodağının altında nəsə mızıldandı, ardınca isə əlavə elədi:
– Deyin görüm, nə qədər var-dövlət istəyirsiniz? Bir də kağız pulla, yoxsa qızıl?
– Qızıl, qızıl! – uşaqlar qışqırışdılar. – Özü də lap çox!
– Əgər bu karxananı qızıl pulla doldursam, sizə bəs eləyər?
– Hə! Hə!
– Yaxşı, onda karxanadan çıxın, yoxsa qızılın içində batıb qalarsınız, – Sammied onlara xəbərdarlıq elədi. Sonra qollarını irəli uzadıb elə möhkəm fırlatmağa başladı ki, uşaqlar qorxudan dərhal karxanadan sıçrayıb çıxdılar və qum daşıyan arabaların keçdiyi yola tərəf götürüldülər. Burada ayaq saxlayıb arxaya boylandılar və dərhal da gözlərini qıymalı oldular: dərənin içi qızıl pullarla dolmuşdu, özü də qızıllar elə parıldayırdı ki, adamın gözü qamaşırdı! Sanki yay günü günorta vaxtı günəşə baxırsan.
Karxana ağzına kimi qızıl sikkələrlə dolmuş, ətrafa da bir xeyli pul səpələnmişdi. Uşaqlar geri qayıtdılar.
Robert əyilib yerdəki qızıllardan birini götürdü.
– Axı bunlar tanış sikkələr deyil, – o qışqırdı.
– Nə olsun, qızıldan düzəldilib ki! – Siril etiraz elədi.
Sonra uşaqlar sevincək atılıb-düşməyə, bir-birinə aman vermədən danışmağa başladılar. Onlar qızılları ovuclayıb tökür, pulların çıxartdığı cingiltiyə qulaq asırdılar. Uşaqlar hətta bunların qızıl pul olduğunu belə unudub adi daşlarmış kimi onlarla oynayırdılar. Birdən Robertin ağlına gəldi ki, Ceyni qızıl pulların içində basdırsın. Eynilə dəniz kənarında bir-birini quma basdırdıqları kimi… Di gəl Ceyn buna imkan vermədi:
– Dayan! Qızıllar çox ağırdır. Məni əzə bilərsən!
– Qulaq asın, uşaqlar! – Siril birdən qışqırdı. – Biz niyə burada vaxt itiririk axı? Gəlin ciblərimizi qızıllarla doldurub buradan əkilək. Yaddan çıxartmayın ki, günəş batan kimi bu pulların hamısı yoxa çıxacaq. Görün nə deyirəm, yaxınlıqdakı kənddə arabaya qoşulmuş poni satırlar.
– Sən onu almaq fikrindəsən? – Ceyn soruşdu.
– Yox, almaq niyə? İcarəyə götürərik. Sonra da Roçesterə yollanarıq. Oradan istədiyimiz hər şeyi alarıq. Hərə gücü çatan qədər qızıl pul götürsün. Düzdür, bunlar bir az qeyri-adi pullardır, lakin heç nə olmaz. Yığın!
Sonra Siril yerdə oturub öz ciblərini doldurmağa başladı. Onun nə az, nə çox, düz doqquz cibi var idi. Oğlan bütün ciblərini qızılla doldurdu. Sonra burun dəsmalına da qızıl pullardan yığıb düyün vurdu. Bir xeyli qızıl pulu da köynəyinin altına doldurdu. İntəhası ayağa durmaq istəyəndə gücü çatmadı, səndələyib təzədən yerə oturdu. Uşaqlar ona baxıb güldülər.
– Göyərtədəki yükün yarısını boşaltmasan, gəmin dənizin dibinə gedəcək, – Robert gülərək dedi.
Nəhayət, uşaqlar yola düzəldilər. Kəndə kimi tozlu yolla düz bir mil yol getmək lazım gəlirdi.
Günəş adamı yandırıb-yaxırdı. Uşaqların ciblərindəki qızıllar isə sanki get-gedə ağırlaşırdı.
– Onsuz da bu qədər pulu dərhal xərcləyə bilməyəcəyik, – Ceyn dedi. – Mən öz pullarımın bir hissəsini bax burada kolların altında gizlədəcəyəm. Bir də yaxşı olar ki, kəndə çatanda özümüzə bulka alaq, elə acmışam ki!
Uşaqlar hərəsi pullardan bir ovuc götürüb kolların altında gizlətdilər. Lakin yenə də bu qədər yüklə yerimək çətin idi. Odur ki bir qədər sonra yenə ayaq saxlayıb qızılların daha bir hissəsini də gizlətdilər. Buna baxmayaraq onlar kəndə gedib çatanda hələ xeyli pulları qalmışdı.
Başdan-ayağa toz-torpaq içində olan bu yorğun-arğın uşaqları görənlərin ağlına da gəlməzdi ki, onlar belə varlıdırlar!
Uşaqlar kəndə çatar-çatmaz qarşılarına çıxan birinci skamyaya oturdular. Bu skamya «Mavi çöldonuzu» adlı mehmanxananın qarşısında idi.
Anteya dedi:
– Uşaqların belə yerlərə girməsinə icazə yoxdur, ora yalnız kişilər gedə bilərlər. Ən böyüyümüz Sirildir, qoy o getsin və mehmanxananın içindəki yeməkxanadan bir şüşə zəncəfilli limonad istəsin.
Bundan sonra Siril mehmanxanaya yollandı. Qalan üç uşaq isə onun arxasınca baxırdı.
– Susuzluqdan yanıram! – Robert dedi. – İtlər susayanda dillərini çölə çıxarıb ləhləyirlər. Bəlkə, belə eləyəndə sərinləyirlər, hə?
– Yoxlamaq olar, – Ceyn dedi.
Onlar dillərini çıxarsalar da, bunun bir faydası olmadı, əksinə, boğazları daha da qurudu. Üstəlik, ətrafdan gəlib-keçənlər onlara baxıb üz-gözlərini turşudurdular.
Uşaqlar ağızlarını yumdular.
Elə СКАЧАТЬ