Pəncərənin kənarında bir ağcaqanad vızıltılarla öz ətrafında dəli kimi fırlanır; bəlkə o da mənim kimi xəstədir, uça bilmir. Qonşunun xoruzu bu saatda niyə qışqırır? Bəlkə o da xəstədir… Külək hər əsdikcə burnuma qapı ağzındakı çiçəklərin şirin qoxusu gəlir… Damda siçanlar dayanmadan bir-birini qovur… Və ağacqurdu acgöz bir iştaha ilə taxta masanı gəmirir…
Qırt, qırt, qırt… qırt, qırt, qırt… Qırt, qırt, qırt…
Sabah o dəliyə bir tel soxacağam, ağacqurdunu görmək istəyirəm. Mən bir çirozam, sirkə qoxulu bir çiroz… Birdən ürpərdim, ədyalıma möhkəmcə büründüm.
– Yoxsa öləcəkdimmi?
Bibim bir dəfə mənə: "Ölümdən və ölülərdən qorxma. Hər necə olsa da həyat varkən ölüm, ölüm varkən həyat olmaz" – demişdi. Amma əslində ikisi də var… Fikrim qarışdı, gözlərimi bərk-bərk yumdum. Deyəsən, yenə qızdırmam qalxmışdı.
Gecəyarısı birdən-birə oyandım. Yuxumda qanadlarımı çırpa-çırpa uçurdum, halbuki indi yaman gündəydim, yataqdaydım…
Dizlərim sızıldayırdı, diş ətlərim də… Yanağımı yastığıma möhkəmcə dirədim, cırcıramalar belə susmuşdu.
– Danışın də, – deyə qışqırdım. – Niyə indi səssizsiniz, niyə? Qorxuram.
Birdən bibim baş tərəfimdə peyda oldu, ağzıma bir qaşıq uzadıb dedi:
– İç, – dedi, – bu sehrli bir iksirdir. Hər dərdə dərmandır… Ələddinin sehrli çırağındakı cin bir az əvvəl gətirdi.
İksiri içdim, bibim yanımda oturub “Ölkələr” kitabımı açdı, oxumağa başladı. Onun həlim səsi məni rahatlatdı. Qorxularım toz zərrələrinə çevrilib havada dağıldı.
Bir az sonra Zümrüd quşunun qanadlarının arasında özümə yer edərək uzaqlara uçurdum. Nağıl quşu məni Kamçatkaya aparmağa qərar vermişdi. Sibiri başdan-başa gəzmək… Bax səyahət mən buna deyərəm…
Səhər o yandıqda bibim ayaq tərəfimdəki kresloda oturub yaylığa naxış vururdu, başını yuxarı qaldırmadan soruşdu:
– Necəsən, yaxşısanmı, boşboğaz Kirpicik? Dünən gecə gah tərlədin, gah titrədin…
– Sibir soyuq, İndoneziya da isti idi, – deyə cavab verdim.
– Demək, dediklərini buna görə başa düşmədim, mən təkcə quş dilini bilirəm… Nə ilə getdin oralara?
– Zümrüd quşunun belində…
– Mən qatarla getməyi seçərdim, daha komfortlu olar… Adam kitab oxuyar, qalxıb bir az gəzər…
Bibim hələ də üzümə baxmırdı.
– Yorğunam, – deyə mızıldandım.
– Normaldır, – dedi, – o qədər yol yorulmadan gedilə bilməz.
Turşu kimi idim, amma o qədər sirkəylə kim turşu olmazdı ki… Kaleydoskopumu götürüb yuxarı qaldırdım, tavanda yüzlərlə kəpənək vardı, başgicəlləndirici rəng və şəkillərdəki qanadları necə də ahənglə açılıb-yumulurdu… Çöldən gələn su səsinin ritmi ilə möcüzəvi bir rəqs edirdilər. Demək, bibim hovuzun fəvvarəsini açmışdı.
Hovuzu özü yüzlərlə balıqqulağından düzəldib; vergül şəklindədir, tam ortasında da bir balıq var, ağzından su püskürdür. Bəzi gecələr hovuza su pəriləri gəlir və bibimin suya buraxdığı şamların titrək işığında üzürlər. Pərdənin aralığından gizlicə onları seyr edirəm. Məndən başqa tamaşaçılar da var: kiçik qurbağalar, yengəclər və gecələr elektrik dirəyinin təpəsinə çıxan yaşlı bayquş… Pərilər saatlarla üzürlər, bəzən onların qəhqəhələrini də eşidirəm. Quş cəh-cəhlərindən daha gözəl səsləri…
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.