Uşaqlıq. Yeniyetməlik.... Лев Толстой
Чтение книги онлайн.

Читать онлайн книгу Uşaqlıq. Yeniyetməlik... - Лев Толстой страница 4

Название: Uşaqlıq. Yeniyetməlik...

Автор: Лев Толстой

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952244069 

isbn:

СКАЧАТЬ Lakin diribaş xidmətçi Foka onun kobud, amma sevən qəlbini ovlamışdı. Natalya hətta özü babamın yanına gəlib Fokaya ərə getmək üçün ondan icazə almağa cürət etmişdi. Babam Nataşkanın istəyini nankorluq sayaraq qəzəblənmiş və onu uzaq bir kəndə mal-qaraya baxmağa göndərmişdi. İntəhası, bu qızı heç kəs əvəz edə bilmədiyindən altı aydan sonra əvvəlki vəzifəsinə geri qaytarılmışdı.

      O zamandan Natalya dönüb Natalya Savişna olmuş, Fokanı unutmuş, sadəcə, anama dayəlik etməklə məşğul olmuşdu.

      Onun anamın yanındakı yerini mürəbbiyə tutanda isə anbarın açarlarını, bütün dəyişəklərin və ərzağın ixtiyarını Natalyaya vermişdilər. O, yeni vəzifəsini eyni səy və məhəbbətlə yerinə yetirirdi.

      Ağlım kəsəndən Natalya Savişnanı, onun məhəbbətini, nəvazişini xatırlayıram. Lakin bu məhəbbət və nəvazişi yalnız indi qiymətləndirə bilirəm.

      Ayrılıq

      Ertəsi gün səhər saat 12-yə işləyəndə bir faytonla araba qapı ağzında dayandı. Bir neçə dəqiqəni son dəfə bir yerdə keçirmək üçün qonaq otağında hamı dəyirmi stolun ətrafına toplaşanda bizi necə kədərli anlar gözlədiyini ağlıma gətirmirdim. Foka otağa daxil olub «Atlar hazırdır» deyəndə anamın titrədiyini və rənginin qaçdığını gördüm, sanki bu xəbər onun üçün gözlənilməz idi.

      Hamı ayağa qalxıb sağollaşmağa başladı. Atam anamı qucaqlayıb bir neçə dəfə öpdü. Anamın yaşla dolu gözlərini görəndə çox kədərləndim, ürəyim ağrıdı, hətta onunla sağollaşmaqdansa, qaçmaq istədim. Anam Volodyanı bir neçə dəfə öpdü, bağrına basdı. Nəhayət, mən də anamı qucaqlayıb ona sığınaraq öz dərdimdən başqa heç bir şey haqqında düşünmədən ağladım.

      Hamıdan əvvəl faytona sıçrayıb arxa tərəfdə əyləşdim. Atam yanımda oturmuşdu, bir kəlmə də danışmırdı. Mən isə göz yaşlarımı udur, qəhərdən boğulurdum…

      Bir qədər getdikdən sonra dönüb arxaya baxmağa cəsarət etdim. Külək anamın başındakı mavi ləçəyi yellədirdi; o, yavaş-yavaş eyvana qalxırdı. Foka qolundan yapışmışdı.

      Böyük yola çıxanda kiminsə eyvandan yellədiyi ağ yaylığı gördüm. Mən də öz yaylığımı yelləməyə başladım və elə bil bir az yüngülləşdim.

      Üzümdəki göz yaşları hələ qurumamışdı, amma fikirlərim, bəlkə də, əbədi ayrıldığım anamdan çox-çox uzaqda idi. Mən Lyuboçka ilə Katenkanın bizimlə vidalaşarkən necə ağladıqlarını xatırladım. Onlara yazığım gəlirdi. Natalya Savişnaya da yazığım gəlirdi, Fokaya da. Hətta kinli Mimiyə də. Hər şeyə heyifsilənirdim. Bəs zavallı anam? Gözlərim yenə də yaşla doldu, lakin bu, çox çəkmədi.

      Uşaqlıq

      Bir daha geri qayıtmayacaq xoşbəxt uşaqlıq çağları! Uşaqlıq xatirələrini necə sevməyəsən, necə əzizləməyəsən? Bu xatirələr mənim ruhuma təravət verir. Bəzən doyunca qaçıb yorulduqdan sonra öz hündür kreslonda stol arxasında çay içməyə əyləşirsən; artıq gecdir, gözlərin yumulur, lakin yerindən tərpənmədən oturub ətrafdakı səsləri dinləyirsən. Necə də dinləməyəsən? Anam kiminləsə danışır və onun səsi nə qədər şirin, nə qədər mehribandır. Təkcə bu səs qəlbimə nələr söyləyir!

      Ayağa qalxıb ayaqlarını yığaraq kresloda rahatca uzanırsan.

      Anam deyir:

      – Nikolenka, sən yenə yuxulayacaqsan. Yaxşısı budur, yuxarı qalx.

      – Yatmaq istəmirəm, anacan, – deyə ona cavab verirsən. Amma uşaqlara məxsus şirin yuxu göz qapaqlarını örtür. Bir dəqiqədən sonra isə yuxuya gedib ta səni oyadana qədər yatırsan. Bəzən yuxulu-yuxulu hiss edirsən ki, kiminsə zərif əli sənə toxunur; bu əli bircə təmasda tanıyırsan və onu yuxulu-yuxulu tutub bərk-bərk dodaqlarına sıxaraq öpürsən.

      – Qalx, mələyim mənim.

      Yarıqaranlıq otaqda səssizlikdir; anam lap yanımda oturub, əli üzümdə gəzir, mən onun ətrini duyur, səsini eşidirəm. Bütün bunlar məni qalxmağa, qollarımı onun boynuna dolamağa, başımı sinəsinə sıxmağa və nəfəsim tutula-tutula:

      – Ah, sevimli anam, mən səni nə qədər çox istəyirəm! – deməyə məcbur edir.

      Anam kədərli bir təbəssümlə başımı əllərinin arasına alır, alnımdan öpərək dizlərinin üstünə qoyur.

      – Məni çoxmu istəyirsən? – azacıq susandan sonra soruşur. – Məni həmişə sev, heç bir zaman yadından çıxarma. Əgər anan ölsə, onu yadından çıxarmayacaqsan ki, Nikolenka?

      O məni daha da nəvazişlə öpür.

      – Bəsdir, ana, yalvarıram, belə danışma! – qışqırıb anamın dizlərindən öpürəm və göz yaşlarım sel kimi axır.

      Bundan sonra yuxarı qalxıb ikonaların7 qabağında dayanaraq «Pərvərdigara, atama, anama kömək ol» deyəndə gözəl bir hiss duyursan.

      Sonra yorğana bürünürsən, ürəyində bir yüngüllük hiss edirsən, qəlbin işıq və sevinclə dolur, arzular bir-birini qovur. Bəzən bədbəxt hesab etdiyin yeganə insanı – Karl İvanıçı və onun aqibətini xatırlayırsan, ona o qədər acıyırsan ki, gözlərindən yaş axır və düşünürsən: «Allah onu xoşbəxt etsin, Allah mənə imkan versin ki, ona kömək edim. Mən hər şeyi ona qurban verməyə hazıram». Bundan sonra çox sevdiyin çini oyuncağı – dovşan və ya iti pərqu yastığın bir küncünə soxursan. Bir də dua edirsən ki, Allah hamını xoşbəxt eləsin, hamı həyatından razı qalsın, gəzmək üçün sabah hava yaxşı olsun. O biri böyrü üstə çevrilirsən, fikirlərin və arzuların bir-birinə qarışır, üzündəki göz yaşları hələ qurumadan isə sakit, rahat bir yuxuya gedirsən.

      Uşaq vaxtı səndə olan o gümrahlıq, o qayğısızlıq, sevmək ehtiyacı və öz gücünə inam haçansa geri qayıdarmı? Bəs o ən gözəl hədiyyə – riqqətdən doğan pak göz yaşları hanı?

      Doğrudanmı, həyat mənim qəlbimdə elə ağır izlər buraxıb ki, bu göz yaşları və sevinclər məni əbədi olaraq tərk edib? Doğrudanmı, o illərdən yalnız xatirələr qalıb?

      Şeir

      Moskvaya köçdüyümüzdən, demək olar, bir ay sonra nənəmin evinin yuxarı mərtəbəsində böyük stolun arxasında əyləşib yazırdım. Mənim qarşımda rəsm müəllimi əyləşmişdi və çalmalı bir türkün qara karandaşla çəkilmiş başına axırıncı düzəlişləri eləyirdi. Türk başı şəkli Volodyanın qara karandaşla çəkdiyi ilk əsəri idi və bu gün – nənəmin ad günündə ona hədiyyə veriləcəkdi.

СКАЧАТЬ



<p>7</p>

İkona – xristian dininə məxsus müqəddəslərin təsvir edildiyi boyakarlıq əsəri