Название: Atlantidanın son sakini
Автор: Александр Беляев
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952243659
isbn:
Nəhayət, mühəndislərin kiçik sualtı qayıqlarla bağlı eskizlərindən biri bəyənildi. Dərhal da qayıqların inşasına başlandı.
Bu sualtı qayıqlarda qalın şüşədən pəncərələr düzəltmək və elə qayıqların içindəncə okeanın dibində müşahidə aparmağı asanlaşdırmağa kömək edəcək güclü projektorlar quraşdırmaq nəzərdə tutulurdu. Korpusun aşağısında deşiklər yerləşdirilməliydi. Bu deşiklər vasitəsilə xüsusi zondlar okeanın dibinə enəcək və torpağı tədqiq edə biləcəkdi. Bundan başqa, məxsusi lüklər dalğıcların suya atılmasına və geri qayıda bilməsinə imkan verəcəkdi. Hətta qayıqlara bir-biri ilə daimi əlaqə saxlamaq üçün sualtı aləmdə rahatca işləyə bilən radioqəbuledicilər quraşdırılacaqdı. Plan belə idi ki, beş ədəd bu cür submarin düzəldilsin. Xərclər getdikcə artır, ancaq bu, mister Sollini qətiyyən narahat etmirdi. Onun planına görə, sualtı qayıqlar iki ilə hazır olmalı idi, bu müddət ərzindəki xərcləri isə onun bank hesablarındakı pullarına gələn faizlər artıqlaması ilə ödəyirdi. İlk qayığın inşası uzağı il yarım sonra başa çatacaqdı; belə olduğu təqdirdə digər submarinləri düzəltməyə ehtiyac qalmaya da bilərdi.
Hazırlıq işlərinin sürətlə davam etdiyi vaxtda ortaya bir “əmma” çıxdı. Məsələ o qədər ciddi idi ki, hətta sualtı qayığın inşası da yarımçıq qala bilərdi. Söhbət Karterin nişanlısı sarışın Meri Rivsdən gedir – mister Sollinin katibi nişanlısına müdirinin Atlantida həvəsindən daha çox bağlı idi və ondan uzun müddət uzaq düşmək fikrində deyildi. Bir sözlə, Meri Atlantidanın rəqibinə çevrilmişdi; indi Karter onların arasında seçim etməli idi: nişanlısının yanında qalsın, yoxsa Atlantidanın kəşfinə yollansın?
Düzü, mister Sollinin şəxsi katibi müdirinin niyyətini əvvəlcə ciddi qəbul etməmiş, ötəri həvəs saymışdı. Ancaq belə məlum olurdu ki, varlı fabrikant zarafat-zad eləmirmiş, fikrində çox ciddi və qəti imiş. Bu isə Karteri Meridən uzun müddət, hətta, bəlkə, sonsuzadək ayrı sala bilərdi.
Karter qərara aldı ki, mister Sollini fikrindən daşındırmaq üçün bəzi yollara əl atsın. Əvvəlcə həkimə yalvardı ki, Sollini belə bir səfərdən əl çəkməyə məcbur etsin, onu inandırsın ki, bu onun sağlamlığı üçün ölümcül həddə təhlükəli ola bilər. Bu plan işə yaramadıqda isə Karter Atlantidanın mövcudluğuna inanmayan professorları axtarıb-tapmağa başladı, onlardan xahiş etdi ki, qoca Sollini dilə tutub fikrindən daşındırsınlar. Hətta mətbuatı da ayağa qaldırmışdı. Elm adamları Sollinin xəyalpərvərliyinə az qala şaqqanaq çəkib gülürdülər, qəzet səhifələri isə bu xəyalpərvərin karikaturaları ilə dolu idi.
Di gəl ki mister Solli inadından dönmürdü ki, dönmürdü.
Bu azmış kimi, Karterə başqa bədbəxtlik üz verdi: Solli professor Larisonun timsalında belə bir ekspedisiyanın qızğın tərəfdarını tapdı. Artıq bundan sonra çətin ki varlı fabrikant öz xülyasından əl çəkəydi…
Qoca Larisonun kürəşəkilli tüksüz başı və qıyıq, şən gözləri vardı. Tezliklə o, mister Sollinin yanına köçdü, bu da azmış kimi, nə vaxtsa okean sularına qərq olmuş Atlantida və bu materikin qiymətli sərvətləri haqqında söylədiyi coşqulu çıxışlarla varlı fabrikantın ekspedisiya eşqini daha da alovlandırdı.
Karter artıq ekspedisiyanın ləğv ediləcəyinə olan-qalan ümidini də itirmişdi. Odur ki günlərin bir günü səhər işə gəldikdə mister Solliyə ilk sözü onun yanından getmək istəyi ilə bağlı oldu.
– Necə? Mən düz başa düşdüm: siz belə bir vaxtda məni tərk edirsiniz? – mister Solli məyus halda soruşdu. – Səbəbini öyrənə bilərəm?
Karter hiss etdi ki, zəngin müdirinin təəssüfü olduqca səmimidir, o, doğrudan da, şəxsi katibinin işdən ayrılmasını istəmir. Belədə Karter kiçik tərəddüddən sonra həqiqəti söyləmək qərarına gəldi:
– Ser, məsələ belədir ki, mən tezliklə nikah bağlamaq istəyirəm. Bu halda isə, yəqin, siz də razılaşarsınız ki, bəlkə də, bir neçə il çəkə biləcək ekspedisiyaya yollanmaq heç də doğru fikir deyil.
Mister Solli başını aşağı salıb bir müddət susdu. Sonra qəfil kreslodan sıçradı və əllərini yelləyib qışqırdı:
– Siz bu işi niyə yubadırsınız axı? Dərhal evlənin və xanımınızı da özünüzlə aparın!
“Özümlə? – bu, Karterin ağlına da gəlməmişdi. – Görəsən, Meri razı olacaqmı? Birdən razı olmasa, onda necə?”
O bu düşüncələr içində nişanlısı ilə görüşə getdi və mister Sollinin təklifi haqqında danışdı.
Merinin ekspedisiyada iştirak etməyə razılaşması, özü də həvəslə razılaşması Karter üçün gözlənilməz oldu.
Beləliklə, Atlantidanın kəşfi yolunda artıq Meri təhlükəsi qalmamışdı.
3. Atlantidanın sorağında
Ekspedisiyaya hazırlıq sona çatdı və Atlantidanın axtarışına başlandı.
Artıq dörd il idi ki, submarinlər Atlantik okeanının dərinliklərində, Afrikanın şimal-qərb sahilləri ilə Şimali və Cənubi Amerikanın şərq sahilləri arasında dolaşırdı. Lakin Atlantidanın izlərinə rast gəlinmirdi. Dalğıc dəstələri dənizin dibini yüz metrlərlə dərinlikdə zondlar vasitəsilə tədqiq edir, ancaq hər yerdə yalnız suyun təzyiqi nəticəsində kristallaşmış vulkan tufu4, qranit və gilli şistlərlə qarşılaşırdılar.
Ekspedisiya üzvləri əməlli-başlı yorulmuşdular. Hətta Merinin axtarışlara marağı və həvəsi də azalmışdı. Əri isə, ümumiyyətlə, acıqlı idi: o bu mənasız səfərə görə hamını və hər şeyi lənətləyirdi: qoca Larisonu da, mister Sollini də, elə Atlantidanı da!
Ekspedisiya üzvlərini axtarışlardan əl çəkməməyə sövq edən bircə şey vardı, o da aldıqları yüksək maaş idi.
Mister Solliyə gəlincə, artıq varlı fabrikant da axtarışların uğurla başa çatacağından şübhələnməyə başlamışdı, üstəlik, ekspedisiyanın xərcləri artırdı, indi əvvəlki var-dövləti də xeyli azalmışdı.
Sualtı ekspedisiyanın Atlantidanın axtarışına çıxması əvvəlcə böyük maraq doğurdu; bir müddət qəzetlər ancaq bu mövzuda yazırdı. Elm adamları arasında qızğın mübahisələr başlamışdı. Üstəlik, Atlantida kəşf edilərsə, üzə çıxacaq var-dövlət indidən çoxlarının gözünü qamaşdırırdı. Hətta mister Solli ilə əməkdaşlıq etmək üçün səhmdar cəmiyyətin yaradılması fikri ortaya atılmışdı. Ancaq tələsməyə nə ehtiyac vardı? Ekspedisiyanın nəticəsini gözləmək lazım idi. Hələliksə nəticənin müsbət СКАЧАТЬ
4