Dəniz kənarı ilə qaçan alabaş. Чингиз Айтматов
Чтение книги онлайн.

Читать онлайн книгу Dəniz kənarı ilə qaçan alabaş - Чингиз Айтматов страница 3

Название: Dəniz kənarı ilə qaçan alabaş

Автор: Чингиз Айтматов

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952243413 

isbn:

СКАЧАТЬ zəngin olan uzaq yerlərə səfərlərə çıx. Əgər mən ölsəm, dənizə gənc və güclü ovçularla çıx. Onlara da mənə etdiyin kimi xidmət et. Sən ömrü başa vurmağa tələsmə, qardaşım kayak, gözlə ki, bax, o burun tərəfdə oturan, başını bulayan, özünü güclə saxlayan bizim bu uşaq da böyüsün, o da uzaq-yaxın səfərlərə səninlə getsin. Bu gün isə o bizimlə ilk dəfədir ki, dənizə çıxıb. Belə lazımdır. Qoy öyrənsin. Biz dünyadan köçüb gedəcəyik, onun ömrü isə hələ qabaqdadır. Əgər atasına – Əmrayinə çəkərsə, deməli, fərasətli adam olacaq, daha boşboğazın biri yox. Əmrayin indiki ovçular arasında, bəlkə də, ən mahir ovçudur. Qıvraq, işbacaran oğlandır. Bir vaxtlar mən də eləydim. Lap gənc vaxtlarımdı. Mənə elə gəlirdi ki, ömrün sonu yoxdur. Fəqət çox gec başa düşürsən ki, belə deyil. Cavanlar isə bunu bilmək istəmirlər. Bax, Əmrayin və Mılğun bu barədə, yəqin ki, hələ fikirləşmirlər. Eybi yoxdur. Bir vaxt başa düşərlər. Amma onlar cəld və sürətlə avar çəkirlər. Qayıq sanki öz-özünə, oynaya-oynaya gedir. Lakin bu, adama belə gəlir. Dənizdə qolların gücünə gedirsən. Qarşıda isə hələ nə qədər yol var, hələ nə qədər qol gücü sərf olunacaq, nə qədər avar çəkmək lazım gələcək. Bu gün, yəqin ki, qaranlıq düşənə kimi üzməliyik. Sabah da bütün günü.

      Sən məni eşidirsən? Sən məni başa düşürsən, qardaşım kayak? Sən bizi aparıb Üçəmcək adalarına, bolluca ov yerinə çatdırmalısan. Biz məhz ov üçün səfərə çıxmışıq. Orada, adaların sahillərində nerpalara rast gələcəyik. Onlar adalarda sürü-sürü yığışıblar ki, kürü töksünlər.

      Sən məni başa düşürsən, qardaşım kayak? Mən səni meşədəki böyük qovaq ağacının bətnindən azad etmişəm. Bir vaxt mən bu dünyada olmayanda məni yaddan çıxartma, qardaşım kayak, hər dəfə dənizdə üzəndə məni yada sal…”

      Orqan sahil kənarında əsas səmt göstəricisi olan Alabaş qayadan dənizə, düzünə istiqamət götürərək belə düşünürdü. Bu qayanın bir qəribə xüsusiyyəti olduğunu dəniz səfərinə gedənlərin hamısı danışırdı: açıq havada adam ondan uzaqlaşdıqca o sanki böyüyürdü. Elə bil Alabaş geridə qalmaq istəməyib özü sənin dalınca düşüb gəlirdi. Sahildən uzaqlaşdıqca bu qaya uzun müddət görünür, sonra isə birdən-birə gözdən itirdi. Deməli, Alabaş öz damına girib, deməli, torpaq çox-çox uzaqlarda qalıb…

      Həmin an Alabaşın hansı səmtdə qaldığını yaxşı-yaxşı yadda saxlamaq lazımdır. Küləyin istiqamətini, ləpə ilə müqayisədə günəşin vəziyyətini yadda saxlamaq, buludlara diqqət yetirmək və ucsuz-bucaqsız dənizdə azmamaq üçün bütün dəniz səfəri boyunca Alabaşın yerini yadda saxlayaraq hərəkət etmək lazımdır.

      Onlar, demək olar, birgünlük məsafədə olan adalara yola düşmüşdülər. Daşlı-qayalı o kiçik, kimsəsiz adacıqlar dənizdən qara əmcək kimi çıxmış üç parça quru yer idi. Buna görə də adalara Üçəmcək adı verilmişdi: Kiçik Əmcək, Orta Əmcək, Böyük Əmcək. Onlardan bir az o yana həddi-hüdudu olmayan, adını bilmədikləri okean başlanırdı – dünya yaranan gündən ördək Luvrun yuva qurmaq üçün balaca bir yer sora-ğında hay-həşirlə uçduğu və onu tapmadığı bir aləmdə lap o vaxtlardan mövcud olan əsrarəngiz Böyük Su.

      Nerpalar bu yaz günlərində okean sərhədində olan həmin o adalarda məskən salmışdılar. Ovçular da elə oraya gedirdilər.

      Oğlan heyrətlənirdi: dəniz heç də onun təsəvvür etdiyi kimi – Alabaşın sıldırım dərələrində oynayarkən onun təsəvvür etdiyi kimi deyil, hətta körfəzdə qayıq gəzintisi zamanı olduğu kimi də deyil, sən demə, tamam başqa cür imiş. Onlar körfəzdən çıxdıqda dəniz gözlə görünən hər yanı sulara qərq edib dünyanın bölünməz, ucsuz-bucaqsız yeganə varlığına çevrildikdə o bunu daha aydın hiss etdi.

      Dəniz Kiriski heyrətə saldı. O belə bir mənzərə görəcəyini ağlına gətirmirdi. Hər yan yalnız su və yüngül, əlçatmaz bəyaz buludlar dolaşan səmadan ibarət idi. Burada nə qış bilinirdi, nə də yay, nə dərə vardı, nə də təpə. Dünyanı başdan-başa su bürümüşdü.

      Qayıq dalğalara baş vura-vura gedirdi. Bol ov intizarında olan oğlan üçün bu səfərə yollanmaq maraqlı və fərəhli idi. Ancaq o, ətrafda – suyun altında və üstündə gördüyü, müşahidə etdiyi hər şeyi bu dəfə ani olaraq, etinasız surətdə dərk edirdi, çünki onun qəlbi başqa təəssüratlar həsrətilə döyünürdü. Onun bircə istəyi vardı – adalara çatmaq! Tezliklə işə başlamaq!

      Lakin az sonra oğlan özünü o yerə qoymasa da, əhvalı yavaş-yavaş dəyişməyə başladı. Onlar torpaqdan uzaqlaşdıqca, xüsusən Alabaş birdən-birə gözdən itdikdən sonra o, dənizdən doğan dumanlı bir qorxu duymağa başladı və özünün bütünlüklə dənizdən asılı olduğunu, böyük təbii qüvvə qarşısında özünün son dərəcə aciz və son dərəcə köməksiz olduğunu hiss etdi.

      Onun üçün bu yeni bir duyğu idi. Yalnız dənizin ağuşunda ikən o başa düşdü ki, yamaclarında qayğısız-qorxusuz oynadığı, başına dırmanaraq dənizə tamaşa etdiyi Alabaş onun üçün nə qədər əziz imiş. O, indi başa düşürdü ki, Alabaş nə qədər güclü, xeyirxah, yenilməz və qüdrətli imiş.

      İndi o, quru ilə dəniz arasındakı fərqi başa düşdü. Torpağın üstündə olanda torpaq haqqında düşünmürsən. Dənizdə isə daim dəniz haqqında düşünürsən. Bu kəşf oğlanı duruxdurdu. Dənizin adamı onun haqqında daim düşünməyə vadar etməsində nə isə bir əsrarəngizlik, təkidlilik, amiranəlik gizlənmişdi…

      Lakin böyüklər özünə əmin görünürdülər. Əmrayin və Mılğun yenə də əvvəlki qayda ilə avar çəkir, müntəzəm təkanlarla qayığa asan və sərbəst hərəkət vermək üçün kürəkləri bacardıqca qaldırıb uzaqdan çalır, başlarını aşağı əyərək eyni anda yığılır, eyni anda da düzəlirdilər. Kirisk onların çiyinlərinin necə qalxıb-endiyini görürdü. Onlar çox nadir hallarda bir-biri ilə kəlmə kəsirdilər. Ata, doğrudur, hərdən dönüb arxaya baxır, oğluna bığaltı gülümsəyirdi, sanki “Hə, necəsən?..” soruşurdu.

      Kirisk iki dəfə gah Mılğunla, gah da atası ilə qoşa avar çəkmək istədi. Avarçılar həvəslə kürəklərdən birini ona verdilər ki, o da bir az işləsin. O, kürəyi iki əli ilə hərlətsə də, çox davam gətirə bilmədi: qayıq onun üçün həddən artıq ağır, kürək isə böyük idi. Amma buna görə heç kim onu məzəmmət etmədi. Avarçəkənlər yenə kürəkləri əllərinə alıb səssizcə işləməyə da-vam etdilər.

      Ancaq Alabaş birdən-birə gözdən itdikdə hamı eyni anda hərəkətə gəldi. Atası dedi:

      – Alabaş getdi evə!

      – Hə, getdi, – deyə Mılğun təsdiqlədi.

      Qoca Orqan da o tərəfə baxıb:

      – Doğrudan? Hə, deyəsən, gedib, – dedi. СКАЧАТЬ