Название: Dəniz kənarı ilə qaçan alabaş
Автор: Чингиз Айтматов
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952243413
isbn:
Vladimir Sangiyə
Canına dənizin rütubəti və soyuğu çökmüş zülmət gecədə Oxot dənizinin sahili boyunca, quru ilə dənizin üz-üzə gəldiyi hər yerdə təbiətin iki qüvvəsinin əbədi mübarizəsi gedirdi – quru dənizin qarşısını alır, dəniz isə qurunun üstünə hücum çəkməkdən usanmırdı.
Dəniz qaranlıqda sıldırım qayalara çırpılıb çiliklənərək uğuldayır, özünü əldən salırdı. Daş kimi bərkimiş torpaq isə dənizin zərbələrini dəf edərək ağır-ağır nəfəs alırdı.
Onlar ilk yaranışdan – gündüzlə gecənin yarandığı vaxtdan bəri beləcə çarpışır və bu çarpışma bundan sonra da, nə qədər ki torpaqla su var, gecəli-gündüzlü, əbədi olaraq davam edəcəkdir. Gecəli-gündüzlü…
…Daha bir gecə əriyib gedirdi. Ertəsi gün onların ova çıxacaqları gecə. Həmin gecə o yatmadı. Ömründə ilk dəfə yuxusu qaçaq düşdü, ömründə ilk dəfə yuxusuzluğun nə olduğunu bildi. Çox istəyirdi ki, səhər tez açılsın. O, nerpa1 dərisi üzərində uzanaraq torpağın dəniz zərbələrindən güclə seziləcək dərəcədə titrəməsini, dalğaların körfəzdə guruldamasını və sakitləşməsini hiss edir, eşidirdi. O, gecəni dinşəyir, yatmırdı…
Amma bir vaxtlar hər şey başqa cür olmuşdu. İndi bunu heç təsəvvürə gətirmək də mümkün deyil. İndi bu heç kəsin ağlına da gəlmir, heç kəs başa da düşmür ki, o qədim zamanlarda ördək Luvr olmasaydı, dünya tamam başqa cür qurula bilərdi. Quru suya qarşı, su da quruya qarşı durmazdı. Axı dünyanın əzəl başından təbiətdə torpaq olmayıb, onun heç tozu da olmayıb, hər tərəf göz işlədikcə su imiş, yalnız su! Su cərəyan etdiyi qaranlıq girdablarda, hədsiz burulğanlarda öz-özündən əmələ gəlib və dalğalar o vaxtkı yan-yörəsiz dünyanın hər tərəfinə axıb yayılıb.
Elə indi də başımızın üstündən dəstə-dəstə ötüb keçən adi çöl ördəklərindən olan ördək Luvr o vaxt dünya üzərində tək-tənha uçur, yumurta qoymaq üçün yer tapa bilmirmiş. Dünyada sudan başqa heç nə yox imiş. Hətta bir qamış belə yox imiş ki, ördək ondan yuva qursun.
Ördək Luvr həyəcanla uçurmuş. O, yumurtasını saxlaya bilməyəcəyindən, onu dibsiz dənizə salacağından çox qorxurmuş. Hansı tərəfə üz tutub uçurdusa, yenə də özünü dalğalanan sular üzərində qanad çalan görürmüş, çünki hər yan ucu-bucağı olmayan su imiş. Ördək Luvr yorulub əldən düşüb və anlayıb ki, bu gen dünyada yuva qurulası bir yer yoxdur.
Əlacsız qalan ördək Luvr suyun üzünə qondu, sinəsindən lələklər qopararaq özünə yuva qurdu. Həmin üzən yuvadan da torpaq əmələ gəldi, böyüdü və cürbəcür canlılara məskən oldu. İnsan isə bu məxluqat içərisində hamını ötüb keçdi. O, vəhşi heyvan ovlayaraq, balıq tutaraq özünü dolandırdı, nəsil artırdı.
Kaş ördək Luvr ucsuz-bucaqsız su səltənətinin ortasında torpağın yaranması ilə dünyada necə bir çətinlik əmələ gələcəyini bilmiş olaydı. Axı torpaq yaranandan bəri dəniz rahatlıq tapmır. O vaxtdan bəri dəniz quruyla çarpışır, quru da dənizlə. İnsan da qalıb bu ikisinin arasında. Quru ilə dənizin, dənizlə qurunun arasında qalmaq isə insan üçün bəzən çox çətin olur. İnsan da torpağa çox bağlı olduğundan dəniz onu sevmir.
Səhər açılırdı. Daha bir gecə çəkilib gedir, daha bir gündüz gəlirdi.
Bir-birindən güclü dalğalar qumun üstüylə, boz, sürüşkən daşların arasıyla şığıyaraq var qüvvə ilə yuxarı qalxıb quru üzərinə hücum çəkir və axır nəfəsdə şappıltı ilə çırpılaraq bir anda yoxa çıxan köpüklər və yosun qoxusunu sahildə qoyub geri çəkilirdi.
Qaranlıq çəkilib gedirdi. Səhər səxavətlə nura bələnirdi. Torpağın ümumi cizgiləri yavaş-yavaş aydın görünür, dənizin üzü get-gedə açılırdı.
Gecə küləyinin coşdurduğu dalğalar sahilə yaxın yerlərdə hələ köpüklənsə də, dəniz öz dərinliklərində artıq sakitləşir və daha coşub-çağlamırdı. Dəniz üzərindəki qara buludlar isə sahil təpəliklərinə doğru sürünürdü.
Həmin yerdə, Alabaş buxtasının yaxınlığında çəpəki ucalan dağlıq yarımadada ən çox nəzərə çarpan və uzaqdan baxanda dəniz kənarıyla baş alıb qaçan nəhəng ala-bula köpəyi xatırladan bir qaya var. Yan-yörəsində ağac və kollar olan, başında sallaq qulağa oxşayan iri qar talasını, quzey çuxurunda isə ondan da iri bəyaz qar zolağını yayın qızmar günlərinədək qoruyub saxlayan Alabaş qaya dənizdən də, meşədən də hər zaman aydın görünürdü.
Sübh tezdən, günəş iki qovaq boyu qalxanda buradan – Alabaş buxtasından bir nivx2 kayakı3 ayrılıb dənizə yol aldı. Qayıqda üç ovçu və bir oğlan uşağı vardı. Daha cavan və qüvvətli olan iki kişi hərəsi iki kürəklə avar çəkirdi. Kişilərdən ən yaşlısı – qəhvəyi sifətli, arıq, irihülqumlu, üz-gözünü, ələlxüsus da boynunu dərin qırışlar basmış, iri kələ-kötür əlləri çat-çat olmuş qoca, qayığın arxa tərəfində oturub çubuğunu ağır-ağır sümürərək sükanı idarə edirdi. Saç-saqqalı çallaşmış, demək olar, ağarmışdı. Qəhvəyi çöhrəsində çal qaşları gendən seçilirdi. Qoca sulanan, qızarmış gözlərini adəti üzrə qıymışdı – axı o, ömrü boyu günəş şüalarını əks etdirən sulara baxmalı olmuşdu. On bir-on iki yaşlı qaragözlü oğlan isə o biri başda, qayığın lap burnunda oturaraq altdan-altdan böyüklərə baxır, zəhmli ağsaqqal ona acıqlanmasın deyə özünü güclə yerində saxlayır, yıxılmamağa çalışırdı.
Oğlan həyəcan keçirirdi. Onun burun pərləri qalxıb-yatır, üzündə xəfif çillər görünürdü. Bu ona anasından keçmişdi. Anası çox sevinəndə üzündə belə xəfif çillər əmələ gələrdi. Oğlanın həyəcanlı olmasının səbəbi vardı. Bu dəniz səfəri onun üçün, onu ovçuluq peşəsinə alışdırmaq üçün düşünülmüşdü. Elə buna görə də Kirisk cüllüt kimi başını o tərəf-bu tərəfə çevirir, ətrafa sonsuz maraq və səbirsizliklə baxırdı. Kirisk ömründə birinci dəfə idi ki, dədə-baba qayığında açıq dənizə peşəkar ovçularla əsl ova gedirdi. Oğlan yerindən qalxmaq, avar çəkənləri tələsdirmək, dəniz heyvanlarını ovlayacaqları adalara tez çatmaq üçün, az qala, özü kürəklərdən yapışmaq istəyirdi. Fəqət uşaq istəkləri təmkinli adamlara gülməli görünə bilərdi. O bundan ehtiyat edərək var gücü ilə hissini büruzə verməməyə çalışırdı. Lakin buna heç də tam müyəssər olmurdu. Öz xoşbəxtliyini gizlətmək onun üçün çətin idi; sağlam, qarabuğdayı yanaqları qıpqırmızı olmuşdu. Ən çox da vəcdə gəlmiş fərəhli, saf uşaq gözləri onun qəlbini coşduran sevinc və qürurunu gizlədə bilmirdi. Axı önündə dəniz vardı, qarşıda onu ov gözləyirdi!
Qoca Orqan onu başa düşürdü. O, gözlərini qıyaraq qayığın dənizdə istiqamətinə baxa-baxa səbirsizlikdən yerində qurcalanan oğlanın halını hiss edirdi. Qocanın baxışları hərarət saçırdı. O, “Eh, uşaqlıq, uşaqlıq!” deyə gülümsəmək istədi, lakin yarısönmüş çubuğuna dərin qullab vurub sümürməklə xəfif təbəssümünü vaxtında gizlətdi. Təbəssümü büruzə vermək olmazdı. Oğlan onlarla dəniz səfərinə əyləncə üçün çıxmamışdı. O öz dəniz ovçusu həyatına qədəm qoymalı idi. O bu həyata onu günlərin bir günü elə dənizdə başa vurmaq üçün başlamalı idi. Neyləmək olar?! Çörəyini dənizdən çıxaran adamın taleyi belədir, çünki dünyada dəniz ovçuluğundan çətin və təhlükəli iş yoxdur. Ona gərək uşaq yaşlarından alışasan. Elə buna görə də atalar deyiblər: “Ağıl – göydən, səriştə – uşaqlıqdan”. Atalar belə də deyiblər: “Çörək gətirməyən oğul nəslə yükdür”. Deməli, çörək gətirmək, ailəni dolandırmaq üçün kişi xeylağı erkən çağlarından özünə bir peşə seçməlidir. Kiriskin də belə bir peşə öyrənmək çağıydı. Ona ovçuluğu öyrətmək vaxtı gəlib çatmışdı.
Bu barədə hamı bilirdi. Alabaş dağının СКАЧАТЬ
1
Nerpa – suitilərin bir növü
2
Nivxlər – Amur çayının aşağı tərəfində və Saxalin adasında yaşayan xalq
3
Kayak – biryerli, ikiyerli və ya üçyerli avarlı qayıq