Sindbadın yeddi səyahəti. Группа авторов
Чтение книги онлайн.

Читать онлайн книгу Sindbadın yeddi səyahəti - Группа авторов страница 1

Название: Sindbadın yeddi səyahəti

Автор: Группа авторов

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952241105 

isbn:

СКАЧАТЬ ÜDRİK ŞƏHRİZADIN ƏHVALATI

      Arvadının xəyanəti ilə üzləşən Şahzaman şah onu edam etdirir və dərdini bölüşmək üçün qardaşı Şəhriyar şahın yanına yollanır. Amma məlum olur ki, Şəhriyar şahın arvadı Şahzamanın arvadından da əxlaqsız imiş. Bir müddət sonra isə qardaşlar boynunda beş yüz yetmiş üzükdən ibarət boyunbağı gəzdirən qadına rast gəlirlər. Bu üzüklərin sayı həmin qadının ərinə neçə dəfə xəyanət etdiyini göstərirdi. Bu hadisədən sonra qadınlara inamını tamamən itirən və zalımlaşan Şəhriyar şah arvadını da, hərəmlərini də edam etdirir. Bundan sonra o hər gün yeni bir qadınla evlənir və toy gününün səhəri həmin qadını edam etdirir. Nəhayət, növbə Şəhrizad adlı vəzir qızına çatır. Gözəl və ağıllı Şəhrizad hər gecə şaha maraqlı əhvalatlar danışır və onların hər birini yarıda qoyaraq davamını növbəti gün danışacağını bəyan edir. Hər dəfə əhvalatın sonunu bilməkdən ötrü şah Şəhrizadın edamını təxirə salır. Beləcə, Şəhrizad şaha düz min bir gecə əhvalatlar nəql edir. Min birinci gecə bitincə o, Şəhriyar şahın hüzuruna bu müddət ərzində dünyaya gəlmiş üç oğul övladı ilə gəlir və şaha yalvarır ki, övladlarının xətrinə onu edam etdirməsin. Şəhriyar şah isə deyir ki, onsuz da Şəhrizadı edam etdirmək fikrindən əl çəkib; çünki o, Şəhrizadın necə təmiz, namuslu və etiqadlı olduğunu bilir və ona inanırdı.

      Şəhrizadın nağılları arasında ən məşhurları bunlardır: “Heyvanlar və quşlar barəsində hekayələr”, “Şahraman şah, oğlu Qəmər əz-Zaman və şah qızı Budur xanımın hekayəti”, “Ənuşirəvan şahın əhvalatı”, “Şahzadə ilə yeddi vəzirin arvadı”, “Harun ər-Rəşidlə kənizin hekayəti” və s. Şübhəsiz ki, “Min bir gecə” nağılları arasında ən məşhurlarından biri “Sindbadın yeddi səyahəti”dir. Şəhrizad Şəhriyar şaha bu nağılı 537-ci gecədən 566-cı gecəyədək nəql edib. Şəhrizad bu hekayəti bu cür təsvir edir:

      – Xəlifə Harun ər-Rəşidin zamanında Bağdad şəhərində bir kişi vardı, adına hambal Sindbad deyərdilər. Kasıb bir adam idi, ona-buna yük daşıyıb haqqını alardı. Özü də yükü başına qoyub daşıyardı. Sindbadın işi ağır olsa da, o bu iş üçün çoxlu pul almırdı. Çünki Bağdadda o qədər hambal vardı ki! Ona görə də o, qazandığı qəpik-quruşla birtəhər dolanır, yarıac-yarıtox yaşayırdı.

      Günlərin bir günü Sindbad yenə ağır bir yük götürmüşdü. Hava çox isti idi, kişi yükün altında yorulub qan-tərə batmışdı, bürkü onu taqətdən salmışdı. Bir tacirin darvazasının yanından ötəndə gördü ki, qapının qabağı tərtəmiz süpürülüb-sulanıb, sərin yerdir, darvazanın yanına da enli kürsü qoyulub. Hambal yükü başından alıb kürsünün üstünə qoydu ki, nəfəsini dərsin. Bu vaxt darvazadan onun üzünə sərin meh vurdu, burnuna gül-çiçək ətri dəydi. Sindbad bundan xoşhallanıb yanını kürsünün qırağına qoydu. Gördü ki, evdən ud səsi gəlir, insanı valeh eləyən mahnılar oxunur, mənalı şeirlər deyilir. Bağçada quşlar səs-səsə verib hərəsi öz dilində yüz avazla Allah-taalanın şəninə nəğmələr qoşurdu. Qumru quşları, çölgöyərçinləri, kəkliklər, qaratoyuqlar, İran bülbülləri cəh-cəh vururdu.

      Sindbad ürəyində təəccüb eləyib bu büsata heyran qaldı. Durub qapıya yaxın gələndə evin qabağında böyük bir bağ gördü, nökərlər, qullar, buyruqçular gördü; burada elə şeylər vardı ki, onlara ancaq şahların, sultanların xanimanlarında rast gəlmək olardı. Sindbadın burnuna növbənöv ləzzətli xörəklərin, gözəl-gözəl içkilərin ətri gəldi. Bu cah-calalı görəndə o, üzünü göyə tutub bir şeir dedi.

      Hambal Sindbad yükünü götürüb getmək istəyəndə darvazadan cavan, göyçək, qədd-qamətli, gözəl libaslı bir nökər çıxdı. O, hambalın əlindən yapışıb dedi:

      – Gedək içəri, otur mənim ağamla söhbət elə, səni çağırır.

      Hambal istədi boyun qaçırsın, mümkün olmadı. Yükünü evin girəcəyində, qapıçının yanında qoyub nökərlə birgə həyətə keçəndə gözəl bir imarət gördü. Burada hər addımda qonaqpərvərlik, hər şeydə ləyaqət hiss olunurdu. Sindbad böyük qonaq otağına göz gəzdirəndə gördü ki, burada nəcib ağalar, adlı-sanlı adamlar əyləşiblər, hər yerə cürbəcür gül-çiçək düzülüb, ortalığa çoxlu ləzzətli xörək, quru meyvə, qarpız-yemiş, gözəl üzüm şərabı qoyulub, sazəndələr, xanəndələr çalıb-oxuyur, gözəl kənizlər sıraya düzülüb. Otağın ortasında isə saqqalına təzə-təzə dən düşən hörmətli bir şəxs əyləşmişdi. O, üzdən çox gözəl idi, əzəmətli, yaraşıqlı, nəcib görünüşü vardı.

      Bunları görəndə hambal Sindbad məəttəl qalıb öz-özünə dedi: «Allaha and olsun, bu otaq cənnətin bir guşəsidir, bu saray şahlara, sultanlara layiqdir!» Sonra o, oturanlara ədəb-ərkanla salam verib hamısına Allahdan cansağlığı dilədi, onların hüzurunda əyilib yeri öpəndən sonra başını aşağı salıb ədəblə dayandı. Ev sahibi öz yanında ona yer göstərdi. Sindbad əyləşdi, ev sahibi hambalın könlünü alıb ona dedi:

      – Xoş gəlmisən!

      Sonra əmr elədi ki, onun qabağına ləzzətli yeməklər qoysunlar. Hambal Sindbad irəli oturdu, «Bismillah» deyib yeməyə başladı. O ki var yeyib doyandan sonra «Əlhəmdülillah» dedi, əllərini yuyub ev yiyəsinə təşəkkürünü bildirdi. Bu vaxt ev sahibi ona dedi:

      – Bu evə bir də xoş gəlib səfa gətirmisən. İndi söylə görək adın nədir, nə peşənin yiyəsisən?

      Sindbad cavab verdi:

      – Ağa, mənə hambal Sindbad deyərlər, işim-peşəm ona-buna muzdla yük daşımaqdır.

      Ev sahibi gülüb dedi:

      – Ey hambal, məlumun olsun ki, sənlə mən adaşıq, mənim də adım dəniz səyyahı Sindbaddır. İndi mənim səndən təmənnam budur ki, bir az bundan qabaq darvazada dediyin şeiri bir də deyəsən, mən qulaq asım.

      Bunu eşidəndə hambal utanıb dedi:

      – Səni and verirəm Allaha, məndən incimə, əzab-əziyyət, yoxsulluq adamı çaşdırır, qanmaz eləyir.

      Ev sahibi cavab verdi:

      – Heç utanıb-eləmə, bu gündən sən oldun mənim qardaşım. Şeiri de, qulaq asım; sən darvazanın yanında dayanıb onu oxuyanda xoşuma gəldi.

      Hambal şeiri bir də oxudu:

      Belə həyat kimə lazım?

      Ac-yalavac, ətraf zalım.

      Məmnundurlar başqaları,

      Heç tükənməz səfaları.

      Eyş-işrətdə yaşayarlar,

      Nə aclıq, nə zülm dadarlar.

      Onlardan əskiyim nədir?

      Guya hamı bərabərdir…

      Nə olsun varlıdırlar çox?!

      Ölümçün bunun fərqi yox.

      Təkcə dövlətli xoşbəxtdir!

      De, bu necə ədalətdir?!

      Ev sahibi hambala qulaq asıb yenidən valeh oldu və dedi:

      – Ey hambal, sənə məlum olsun ki, mənim qəziyyəm qəribədir. Başıma gələnləri sənə danışaram, onda görərsən ki, indiki xoşbəxtliyə çatıb həmin bu yerdə oturana qədər nələr çəkmişəm. Mən bu ağ günə çıxanacan çox əzab-əziyyət görmüşəm, çox bəlalara düçar olmuşam. Keçmişdə çox zəhmət çəkib alın təri axıtmışam. Yeddi dəfə səyahətə çıxmışam, hər birində başıma elə qəribə əhvalatlar gəlib ki, qulaq asanlar heyran qalır.

      Hamısı qəzavü-qədərdir. İnsanın alnına nə yazılıb, o da olmalıdır, ondan heç kim yaxasını qurtara bilməz.

      SİNDBADIN BİRİNCİ SƏYAHƏTİ

СКАЧАТЬ