Название: Bir dəqiqə müdriklik
Автор: Энтони де Мелло
Издательство: Altun Kitab
Серия: Hikmət
isbn: 9789952242799
isbn:
CƏHALƏT
Ustadın şagirdi çox istedadlı bir gənc idi. Hər yerdən onun yanına məsləhətə gələn elm adamları gəncin biliyinə heyran qalırdılar.
Bir dəfə hökmdara məsləhət lazım olduqda o, Ustadın yanına getdi.
– Deyirlər, bu cavan hər şeyi bilir. Bu, düzdür?
– Düzünü desəm, – Ustad istehza ilə dedi, – oğlan o qədər çox oxuyur ki, mən onun nəsə öyrənməyə necə vaxt çatdırdığını heç təsəvvür edə bilmirəm.
MİFLƏR
Ustad ibrətamiz rəvayət və hekayələrin köməyi ilə öyrədirdi. Bu, şagirdlərin xoşuna gəlirdi. Lakin bəzən onlar açıq-aşkar darıxırdılar, nə isə daha ciddi bir şey eşitmək istəyirdilər.
Ustad isə fikrində qəti idi. Bütün etirazlara yalnız bir cavabı var idi:
– Siz, mənim əzizlərim, hələ dərk etməlisiniz ki, rəvayət Həqiqətlə insan arasında ən qısa məsafədir.
Başqa bir vaxt o dedi:
– Rəvayətlərə etinasız yanaşmayın. İtirilmiş qızıl pulu ən ucuz şamın işığı ilə tapmaq olar; ən dərin həqiqəti ən sadə hekayənin köməyi ilə dərk etmək olar.
XOŞBƏXTLİK
Bir nəfər Ustadın yanına gələrək yalvarıb kömək istədi:
– Mən nə edəcəyimi bilmirəm. Dəli olacağam. Biz hamımız bir otaqda yaşayırıq: uşaqlar, arvadım, qohumlar. Əsəblərimiz tarıma çəkilib, hamı qışqırır, bir-birinin üstünə bağırır. Ev deyil, cəhənnəmdir!
– Nə desəm, eləyəcəyinə söz verirsənmi? – deyə Ustad bir qədər fikirləşdikdən sonra soruşdu.
– And içirəm, nə lazımdırsa, edəcəyəm.
– Əla. Neçə baş heyvanın var?
– İnək, keçi və altı toyuq.
– Onların hamısını otağına gətir. Bir həftədən sonra isə yanıma qayıt.
Şagird dəhşətə gəldi. Amma andına əməl etməli idi.
Bir həftədən sonra şagird Ustadın yanına gəldi. Ona baxanda adamın ürəyi yanırdı.
– Mən daha dözə bilmirəm. Çirk! Üfunət! Səs-küy! Hamımız dəli olmaq dərəcəsindəyik!
– Evə qayıt və heyvanları otaqdan çıxar.
Şagird evinəcən yolu qaça-qaça getdi.
Ertəsi gün o, yenə Ustadın yanına gəldi: gözləri sevincdən yanırdı.
– Həyat necə də gözəldir! Heyvanlar yoxdur. Sakitlik, genişlik, hər yan tərtəmiz! Ev deyil, cənnətdir!
MEDİTASİYA
Bir gün şagird yuxuda cənnətə düşdüyünü və burada Ustadın başqa şagirdlərlə birgə meditasiya etdiyini görür.
– Cənnətin bütün gözəlliyi elə bundan ibarətdir?
– deyə şagird heyrət içərisində qışqırır. – Biz bunu elə yerdə də edirdik.
Elə bu zaman o, Səs eşitdi:
– Axmaq! Sən düşünürsən ki, onlar cənnətdədirlər? Tamamilə əksinədir: cənnət onlardadır.
UZAQGÖRƏNLİK
Bir qumarbaz Ustada gileyləndi:
– Dünən məni fırıldaqçılıq edərkən yaxaladılar və döyüb pəncərədən atdılar.
Ustad qumarbazı başdan-ayağa süzüb dedi:
– Sənin yerində olsaydım, mən yalnız birinci mərtəbədə oynayardım.
Şagirdlər təəccüblə Ustada baxdılar.
– Sən ona qumar oynamaqdan əl çəkməyi niyə tövsiyə etmədin?
– Çünki mən bilirəm, əl çəkən deyil, – Ustad cavab verdi.
SÖHBƏT
Şagird bazarda eşitdiyi dedi-qodunu Ustada çatdırmaq üçün səbirsizlənirdi.
– Dayan, – Ustad onu saxladı. – Söyləyəcəyin əhvalat həqiqətdir?
– Düşünürəm ki, yox.
– Kiməsə bir fayda gətirəcək?
– Yox, əlbəttə.
– Bəs gülməlidir?
– Xeyr.
– Onda ona niyə qulaq asım ki?
RAHATLAŞMA
Ustad hesab edirdi ki, pis söz olmur: hər şey şəraitdən asılıdır.
Şagirdlərdən birinin ədəbsizcəsinə söyüş söydüyünü eşidəndə o bildirdi:
– Bəzən nalayiq sözlər duaların verə bilmədiyi rahatlığı gətirir insana.
DEDİ-QODU
Bir şagird Ustada etiraf etdi ki, onun dedi-qodunu başqalarının yanında təkrarlamaq kimi pis bir vərdişi var. Müəllim istehza ilə cavab verdi:
– Təkrar etmək elə də böyük bir günah deyil; əsas odur ki, özündən heç nə əlavə etməyəsən.
HƏRƏKƏT
Şagirdlər inadla Ustaddan onlara müdrikliyi öyrətməyi xahiş edirdilər. Bir dəfə Ustad onlara dedi:
– Müdrikliyi sözlərlə ifadə etmək olmaz. O, əməllərdə özünü göstərir.
Şagirdlər fikirləşmədən hərə bir işlə məşğul olmağa başladılar. Bunu görən Ustad ucadan gülüb dedi:
– Bu, əməl deyil. Bu, hərəkətdir.
ZİNDAN
– Sən öz intellektinlə çox fəxr edirsən, – Ustad şagirdə dedi. – Bununla sən mənə öz kamerasının genişliyi ilə fəxr edən məhbusu xatırladırsan.
BİRLƏŞMƏ
СКАЧАТЬ