Название: Əhməd bəy Ağaoğlu
Автор: Айдын Гусейнага оглы Балаев
Издательство: Altun Kitab
Серия: Tarixi yaradanlar
isbn: 9789952244786
isbn:
– Bir şey deyil. Ürəyinizi sıxmayın. Hər zaman xidmətinizdə hazırıq, – deyə xanım bildirdi».
Kirayə haqqını ödəmək üçün ev sahibəsinin verdiyi biraylıq möhlət bitdikdən sonra xanımın otağı boşaltmaq tələbi isə Əhməd bəy üçün növbəti zərbə oldu. Şübhəsiz ki, xanım tələbində haqlı idi, çünki verdiyi möhlətin üstündən əlavə olaraq yarım ay da keçmişdi. Bunu anlayan Əhməd bəy otağı boşaldaraq kirayə borcunu ödəyəcəyinə söz verdi. Eyni zamanda Parisdə kimsəni tanımadığı üçün qadından xahiş etdi ki, onun müvəqqəti olaraq çardaqda yaşamasına izin versin. Bu xahişdən sonra qadın heyrətlə Əhməd bəyin gözlərinə baxaraq üzüntülü səslə dedi:
– Buyurun. Fəqət xəbərdar edirəm ki, çox zəhmət və əziyyət çəkəcəksiniz.
Bu çox xeyirxah qəlbli ixtiyar qadın çardağı öz əli ilə təmizləyərək Əhməd bəyin taxtını və əşyalarını ora daşıtdırdı. Üç aya yaxın müddətdə qaldığı bu qaranlıq, toz və həşəratlarla dolu çardaqdakı həyatını Ağaoğlu belə xatırlayacaqdı: «Gecələri, ümumiyyətlə, yatmırdım. Fikirlər bir tərəfdən, taxtabitilər digər tərəfdən rahatlıq vermirdi. Dan yerinin işıqlanmasını həsrətlə gözləyirdim. Dərhal yataqdan qalxırdım. Qəhvəmi içib kitabları qoltuğuma vuraraq küçəyə çıxırdım».
Bütün bu maddi məhrumiyyətlərə və psixoloji durumunun ağırlığına baxmayaraq Əhməd bəy inadla müstəqil şəkildə fransız dili bilgilərini təkmilləşdirməkdə davam edirdi. Bu məqsədlə o, Parisdə olduğu ilk aylarda fransızcadan başqa dil bilməyən ev sahibəsi ilə saatlarla söhbət edirdi. Eyni zamanda hər gün fransız yazıçısı və şairi Alfred Müssenin əsərlərindən 10 sətir oxuyur, bilmədiyi sözləri rusca lüğətdən öyrənərək əzbərləyirdi. Pulsuzluq ucbatından çardaqda yerləşdikdən sonra hər səhər kitabları qoltuğuna vuraraq Parisin mərkəzindəki Lüksemburq parkına yollanırdı. Burada qapalı bir yerə çəkilərək «yanında fransızca-rusca lüğət, əlində isə Müsse, Hüqo və ya Teofil Qotyenin kitabları» olmaqla fransız dilini incəliklərinə kimi öyrənməyə çalışırdı.
Maraqlıdır ki, illər sonra Ə.Ağaoğlu Parisdə olduğu ilk aylarda üzləşdiyi həmin çətin sınaqları xatırlayaraq tərcümeyi-halında yazırdı: «1929-cu ildə Fransanı ziyarət edirdim. Bütün bu yerləri zavallı həyat yoldaşıma göstərib keçirdiyim həyəcanları anladarkən dayana bilmədim, gözlərim yaşardı. Həyat yoldaşım güldü və dedi:
– Çəkdiyin əzablara 50 il sonramı acıyırsan?
– Xeyr, xeyr. Onun üçün deyil. Əksinə, həyatın ta ilk gündən məni içinə aldığı işgəncələrə minnətdaram. Çünki ömrüm boyu davam edən ağır imtahanlara ancaq keçirdiyim həmin işgəncələr sayəsində dözüb tab gətirə bildim. Məni hər şeydən öncə mütəəssir edən isə ailəmin məni unutmuş olması idi. Necə oldu ki, aylarla məni xatırlamadılar?
– Bizim məmləkət sənə qədər təhsil üçün yalnız Kərbəla və Nəcəfə övlad göndərirdi. Onlara da ildə bir dəfə ziyarətçilər vasitəsilə pul göndərilirdi. Çünki tələbə imamın məzarı civarındakı bir mədrəsəyə yerləşdirilir və imamın otağından yeyib-içməyi təmin edilirdi. Kimsə onları nə düşünür, nə də axtarırdı. Səninkilər Parisin bir qiyamət olduğunu nə biləydilər? Zənn ediblər ki, bura da Nəcəf kimi bir yerdir. Yoxsa heç rahat durardılarmı?!
Bəlkə də, doğru bir fikirdir. Fəqət nə yazıq ki, bunu aydınlaşdıra bilmədim. Çünki Qafqaza döndüyüm zaman həm zavallı anam, həm atam, həm də əmim artıq vəfat etmişdilər».
Paris illəri
Uzun gözləntidən sonra, 1888-ci il may ayının ortalarında Əhməd bəy, nəhayət ki, evdən məktub və təxminən 1000 franka bərabər olan 400 rubl pul alır. Təbii ki, həmin anda onun sevincinin həddi-hüdudu yox idi və özünün də etiraf etdiyi kimi, əgər məktubla pulu gətirən poçtalyondan utanmasaydı, durub «Uzundərə» oynayacaqdı. Əhməd bəy hər şeydən öncə borclarını qaytarmasından və bununla da Qafqazdan olan tamamilə yad bir tələbəyə xeyirxahlıq edərək aylarla borc vermiş insanların etimadını doğrultmasından məmnun idi. Hərçənd az sonra məlum oldu ki, Paris üçün bu, adi bir şeydir, digər tələbələr də həmin imkanlardan yararlanırlar. Tanış baqqalın ona söylədiyi kimi, «bu kimi yaxşılıqlar bir şey deyil. Kifayətdir ki, arada etimad olsun. Bu etimad məsələsində isə ən öndə gələn türklərdir. Türk tələbəyə kreditə otaq, ərzaq, hətta paltar da verirlər. Çünki bilirlər ki, onlar nə olsa da, borclarını qaytaracaqlar. Lakin, məsələn, yunanlar belə deyillər. Yunan tələbəyə əsla etimad edilməz. Çünki pulları olduğu halda belə borclarını ödəməzlər».
Əhməd bəy borclarını qaytardıqdan sonra yaşamaq üçün daha münasib bir yer axtarmaq qərarına gəldi. Axırda Rue de Glacier küçəsində yerləşən pansionda otaq kirayələdi. Tezliklə həmin pansionda qalan iki iranlı və üç misirli tələbə ilə dostlaşan Ə.Ağaoğlu elə onların məsləhəti ilə Parisin iki nüfuzlu elm və tədris mərkəzində – Fransa kollecində və Ali tətbiqi araşdırmalar məktəbində mühazirələr dinləməyə başladı. Həmin vaxt Parisin elmi dairələrində böyük nüfuz sahibi olan görkəmli fransız filosof və tarixçi Ernest Renan (1823–1892) hər həftə Fransa kollecində məruzələrlə çıxış edirdi. Ali tətbiqi araşdırmalar məktəbində isə İranın mədəniyyət və din tarixinin tanınmış tədqiqatçısı Ceyms Darmesteter (1849–1894) «Şərq xalqlarının tarixi» mövzusunda mühazirələr oxuyurdu. Mübaliğəsiz deyə bilərik ki, məhz bu iki görkəmli alimlə tanışlıq Ağaoğlunun gələcək taleyini əhəmiyyətli dərəcədə müəyyənləşdirmiş oldu.
Əhməd bəy həmçinin 1888/89-cu tədris ilindən etibarən Sorbonna Universitetinin Hüquq fakültəsində dərslərə başladı. Lakin onun maraq dairəsi təkcə hüquq elmləri ilə məhdudlaşmırdı. Belə ki, Ə.Ağaoğlu Şərq sivilizasiyalarının və dinlərinin tarixinə də böyük maraq göstərirdi. Həmin sahələrdə əlavə biliklər əldə etmək məqsədilə o həmçinin Anri Oqüst (1820–1898) və Barbiyer de Meуnard (1826–1908) kimi görkəmli şərqşünasların mühazirələr oxuduğu Canlı Şərq dilləri məktəbinə tez-tez baş çəkirdi.
Ağaoğlunun bir tədqiqatçı və şəxsiyyət kimi formalaşmasında həlledici rol oynayan bu məşhur araşdırmaçılar müxtəlif elm sahələrində fəaliyyət göstərirdilər. Bir-birindən fərqli ideoloji baxışlara sahib olsalar da, onları Şərq dünyasına, ilk növbədə isə İranın tarix və mədəniyyətinə olan ümumi maraq birləşdirirdi. Onlar məşğul olduqları sahəyə sayğı və sevgilərini Əhməd bəyə da aşılaya bilmişdilər. Təsadüfi deyil ki, Ağaoğlunun ilk elmi araşdırmalarının mövzusu İranın islamaqədərki tarixi və inancları olmuşdur.
Parisdəki təhsil illərində Əhməd bəyin bir çox istedadlı şəxslərlə təmasda olmasına baxmayaraq onun yaxın çevrəsini üç nəfər təşkil edirdi. Bunlar filosof və tarixçi Ernest Renan, iranşünas-filoloq Ceyms Darmesteter, eləcə də yazar Cülyetta Adam СКАЧАТЬ