Название: Martin İden
Автор: Джек Лондон
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952243925
isbn:
Martin heyranlıqla rəflər arasında dolaşır, kitabların başlıqlarını nəzərdən keçirməkdən doymur, ədəb qaydaları haqqında təlim kitabını tapmaq istəyirdi. Lakin istədiyi kitabı tapandan sonra da suallarına cavab tapa bilmədi. Uzun-uzadı tövsiyələr içərisində başını itirdi.
Qiraətxanadan çıxanda masanın arxasında oturan adam soruşdu:
– Nə oldu? Axtardığınızı tapdınız?
– Bəli, ser, – Martin cavab verdi, – çox gözəl kitabxananız var.
– Tez-tez gəlin! Dənizçisiniz?
– Bəli, ser.
“Mənim dənizçi olduğumu hardan bildi?” – pilləkəndən düşə-düşə özündən soruşdu.
Küçəyə çıxanda yırğalana-yırğalana yeriməməyə çalışdı. Ancaq fikri yayınan kimi yenə həmişəki yerişinə qayıtdı.
6
Martin Rufu görmək arzusu ilə qovrulurdu. Onlara getməyə cəsarəti çatmırdı, qorxurdu ki, bununla nəzakət qaydalarını pozar. Vaxtının çoxunu Oklənd və Berkli kitabxanalarında keçirirdi. Otağındakı qaz lampası gecə səhərəcən yanmağa başladı. Mister Higginbotam artıq qaz yandırdığına görə Martindən əlavə olaraq həftədə əlli sent alırdı. Oxuduğu kitablar onun narahatlığını daha da artırırdı. Hazırlığı olmadığından hardan başlamaq lazım gəldiyini bilmirdi. Suinberni oxuyandan sonra Kiplinqin1 şeirləri əlinə keçdi. Onu başqa şairlərdən fərqləndirən həyata məhəbbət, psixoloji incəlik Martini heyrətləndirirdi. “Psixologiya” Martin üçün yeni söz idi. O, izahlı lüğət almaqla pul kisəsini tamam boşaltdı. Bununla da quruda qalmaq müddəti qısaldı, həm də mister Higginbotam qəzəbləndi. Çünki o bu pulların kitaba verilməyindənsə, otaq kirayəsinə verilməsini daha doğru hesab edirdi.
Martin gecələr oğru kimi Morzların evinin başına dolanır, işıq gələn pəncərələrə oğrun-oğrun baxırdı. Bir dəfə də ani olaraq Rufu ikinci mərtəbənin pəncərəsi önündə görüb, otağının yerini öyrəndi. Ondan sonra ağacların arxasında gizlənib gözünü saatlarla həmin pəncərədən çəkmirdi.
Rufun səliqə-sahmanı ona çox böyük təsir bağışlamışdı. Düşünürdü ki, ona layiq olmaq üçün tərtəmiz olmalıdır. Dişlərini yuyub-təmizləyir, kiçik dırnaq şotkası ilə dırnaqlarını sürtürdü. Kitabxanadan aldığı şəxsi gigiyena haqqında kitabda tövsiyə olunurdu ki, hər səhər soyuq su ilə yuyunmaq lazımdır. Martin buna əməl etməyə başladı və bundan sonra mister Higginbotam ondan ayrıca supulu alıb-almamaq haqqında düşünməyə başladı.
İnkişaf yolunda növbəti addım şalvara əl gəzdirmək oldu. Ancaq elə ilk cəhd uğursuzluqla nəticələndi – ütülədiyi yerdə şalvarı yandırdı və yeni şalvar alası oldu. Bununla da dənizə çıxacağı günü yaxınlaşdırdı. O, artıq içkini də tərgitmişdi. Onun məstliyi Rufa olan məhəbbətdən idi.
Martin bir axşam Rufu görmək ümidilə teatra getdi və doğrudan da, qızı gördü. Qız Arturun və eynəkli cavan bir oğlanın müşayiətilə gəlmişdi. Həmin oğlan dərhal Martinin qəlbində qısqanclıq hissi oyatdı. Ruf keçib birinci sırada oturdu, Martin isə bütün axşamı onun qızılı saçlarından və yaraşıqlı çiyinlərindən başqa heç nə görmədi.
Bir neçə oturacaq aralıda oturmuş iki qız Martinə baxıb gülümsəyir, qaş-göz atırdılar.
Rufu, heç olmasa, uzaqdan görə bilmək üçün Martin tamaşanın qurtarmasına az qalmış salondan çıxdı. Təzəcə münasib bir yer tapmışdı ki, həmin iki qız da özünü yetirdi. Hər ikisi yenə ona baxıb gülümsədi, cavab olaraq o da gülümsədi. Martin Rufun onu qızlarla görəcəyindən qorxurdu. O yaxınlaşıb qızlarla yanaşı yeriməyə başladı. Tinə çatanda qızlardan ayrılıb geri qalmağa, burulub dalana girməyə çalışdı. Lakin qaragözlü qız onun dirsəyindən tutdu:
– Hara tələsirsən, Bill, yoxsa bizi qoyub qaçmaq istəyirsən?
Martin gülümsədi. Bura nisbətən qaranlıq idi, o, gözə çarpmaya bilərdi, ancaq Rufun evlərinə gedəcəyi yol burdan keçirdi.
– Adınız nə oldu? – Martin qaragözlü qızdan soruşdu.
– Siz öz adınızı dediniz ki?
– Düz tapmısınız. Adım Billdir.
– Zarafat eləmirsiniz ki?
– Bill-zad deyil, – o biri qız sözə qarışdı, – yalan deyirsiniz.
O, qızın əlini sıxanda ovcunun içindəki tanış kəsikləri hiss etdi.
– Konserv zavodundan çoxdan çıxmısınız? – soruşdu.
– Siz hardan bilirsiniz?
Martin keçib gedən izdihamı gözdən qoymurdu. Birdən fənərlərin parlaq işığında Rufu gördü. O, qardaşı ilə eynəkli oğlanın arasında gedirdi. Martinin ürəyi düşdü. O bayaqdan bu anı gözləyirdi. Qızın şux qaməti, incə yerişi, küçəni keçəndə paltarının ətəyini zərif hərəkətlə yığışdırması belə onu həyəcanlandırdı. Ruf keçib-getdi, o isə fabrikdə işləyən bu iki şit qızla qaldı.
– Bill, oyanın, sizə nə oldu? – qızlardan hansısa onun qoluna toxundu.
– Siz nəsə dediniz?
Qaragözlü qız rəfiqəsini göstərdi.
– Siz onun üçün də bir oğlan tapsaydınız, birlikdə qəhvə içməyə, dondurma yeməyə gedərdik.
– Mən bu gün məşğulam, – Martin onları başından eləməyə çalışdı.
– Bəlkə, xəstə dostunuza baş çəkmək istəyirsiniz? – qaragözlü qız kinayə ilə dedi.
– Yox, mənim ayrı qızla görüşüm var. Biz başqa bir gün görüşə bilərik.
– Yalan demirsiniz? – qız dodaqlarını büzdü.
– Həqiqi sözümdür. Adınız nə oldu? Harda yaşayırsınız?
– Adım Lizzidir. Beşinci küçənin tinində, bazarın yanında oluram.
Ayrılmazdan əvvəl hələ beş dəqiqə də qızlarla söhbət elədi. Evə getməyə tələsmirdi. Martin tanış ağacın yanına gəldi. Adət etdiyi yerdə, Rufun pəncərəsinin qarşısında dayanıb həyəcanla pıçıldadı:
– Mən sizinlə görüşə gəlmişəm, Ruf. Mənə başqa heç kim lazım deyil.
7
СКАЧАТЬ
1