Ağ qəm. Sədaqət Kərimova
Чтение книги онлайн.

Читать онлайн книгу Ağ qəm - Sədaqət Kərimova страница 3

Название: Ağ qəm

Автор: Sədaqət Kərimova

Издательство: Автор

Жанр: Современная зарубежная литература

Серия:

isbn:

isbn:

СКАЧАТЬ üçün sirr deyildi ki, Taleh öz yeni həyatına yalnız zahirən öyrəşib. Ancaq bunu da bilirdi ki, ərində qəribə bir etinasızlıq, daha doğrusu, süstlük yaranıb. Son vaxtlar heç nə ilə maraqlanmır, ev, ailə qayğıları onu əsla narahat etmirdi. Talihəni saysız-hesabsız problemlərlə təkbətək qoyub yaxasını kənara çəkmişdi. Arvadı ərzağı necə, neçəyə alır, uşaqlar nə geyinir, yol pulunu haradan əldə edirlər – bunlardan xəbəri də olmurdu. Bu isə Talihəni hirsləndirir, təbdən çıxarırdı. Amma ərinin xətrinə dəyməmək üçün sözarası yumşaq şəkildə ona xatırladırdı ki, iş axtarmaq lazımdır, evdə oturmaqla kar aşmaz. Hər dəfə də eyni cavabı eşidirdi:

      – Elə bilirsən iş tökülüb?

      Belə söhbətlər evdə gərginlik yaradırdı. Taleh inciyib yeməkdən boyun qaçırır, saatlarla küsülü qalırdı. Qan qaraldan hər növbəti söz-söhbətdən sonra Talihə özünə qəti söz verirdi ki, bir də belə iş tutmayacaq, amma sözünə əməl edə bilmirdi. Heç nədən yenidən gərginlik yaranırdı. Talihə küsüb yataq otağındakı yazı masasının, Taleh isə inciyib qonaq otağındakı iş stolunun arxasına keçirdi. Onlar saatlarla öz aləmlərinə dalırdılar. Belə vaxtlarda qızlar sakitcə öz dərsləri ilə məşğul olurdular.

      Talehin işsizliyi az imiş kimi, indi də Talihə bu bəlaya düçar olmuşdu. Bu gün, uzun sürən axtarışlardan sonra o, anladı ki, bütün səyləri səmərəsizdir, iş tapa bilməyəcək. Həm də öz-özünə etiraf etdi ki, daha qapıları döyməyə nə amanı qalıb, nə də heysiyyatı buna imkan verəcək. O, yolunu çox yerdən salmışdı, hər dəfə rədd cavabı alanda ayaqları yerdən üzülmüş, ümidsizliyə düçar olmuşdu. Amma bir təhər özünü məcbur etmiş, yenidən qapılara üz tutmuşdu. Juranalist yeri tapmağın çətin olduğunu anlayanda heç olmasa korrektor yeri tapmağa çalışmışdı. Redaksiyalarda isə boş yer tapmaq müşkül məsələ idi.

      Bu gün, bütün bu axtarışlrın əbəs olduğunu birdəfəlik anlayandan, ümidlərinin qapıları bağlanandan sonra Talihə birdən-birə həyat eşqinin, yaşamaq həvəsinin söndüyünü, heç nəyə marağının qalmadığını dərk elədi. O, nə edəcəyini bilmirdi. Xəstəxanadan qaçıb kor-koranə halda ayaqlarının arxasınca gedirdi. Başında anlaşılmaz bir ağrı dolaşırdı. Bu ağrı onu keyidirdi. Ona elə gəlirdi ki, bir yerdə dayansa, son qətiyyəti də əlindən çıxar, müvazinətini itirib yerə yıxılar və bir də ayğa dura bilməz.

      Bir neçə saat yol ölçəndən, yorulub əldən düşəndən sonra heydən düşmüş ayaqları yenidən onu evə qaytardı.

      Qapını açan Taleh arvadını pəjmürdə görüb narahat oldu:

      – Nə oldu, bir şey çıxmadı?

      Onun bu sualı Talihəni cin atma mindirdi, hirsini saxlaya bilmədi:

      – Bəlkə sən də iş axtarasan? Mənim dərdimi çəkməkdənsə, özünə bir gün ağlasan yaxşı olmazmı?

      – Nə yemisən belə? – Taleh incidi, amma özünü o yerə qoymadı.

      – Evdə yeməyə bir şey var bəyəm? – Talihə suala sualla cavab verdi.

      – Yoxdur, yemə!

      Ərinin sərt cavabı Talihənin hirsini alovlandırdı:

      – Mən yemərəm, bəs uşaqlar? Onlar yazıq deyillər, bir həftədir evdə şordan başqa heç nə yoxdur.

      – Tək sənin evin belədir bəyəm? Şor tapmayanlar da var. Allahına şükür elə ki, osa da var.

      – Özgələrin dərdi mənə qalmayıb. Məni yandıran odur ki, neçə aydır qapılar döyürəm, amma sənin tükün də tərpənmir. Özünə zəhmət verib iş axtarmaq fikrinə düşmürsən. Elə bil bu evin sənə heç bir dəxli yoxdur.

      – Neynim, gedib oğurluq edim?

      – Oğurluğa qədərki bütün yolları keçmisən bəyəm? Demirəm ki, dostların, qohumların kimi alver elə. Tutaq ki, üzüyolasan, bu iş əlindən gəlmir, bəs başqa iş niyə axtarmırsan?

      – Sən çox axtardın, tapa bildinmi?

      – Sən kişisən, yük də daşıya bilərsən.

      – Demək istəyirsən ki, gedib hamballıq edim? – Taleh səsini qaldırdı.

      – Mənim istədiyim odur ki, ayağını ayağının üstündən aşırıb günlərini televizorun qabağında keçirməyi tərgidəsən. Özünü ailə başçısı kimi aparasan, ailə təəssübü çəkəsən, məsuliyyət hissi keçirəsən.

      Taleh əlini zərblə stola çırpdı:

      – Bəsdir, mənə ağıl öyrətmə, özüm bilərəm nə edərəm. – O, əsəbi halda qonaq otağına keçib qapını arxasınca çırpdı.

      Taleh son vaxtlar arvadının hər sözündən inciyirdi, hər iradı xətrinə dəyirdi. Ona elə gəlirdi ki, Talihənin sözlərinə zəhər qarışıb, arvadının hər sözü məcazi mənada işlədir, ərinin düşdüyü indiki vəziyyət onu əsla maraqlandırmır, daşqəlbli, hissiz, duyğusuz adam olub.

      Ürəyində arvadına bərk acığı tutmuşdu, ondan zəhləsi gedirdi. Qınayan olmasaydı, indi dişinin dibindən çıxanı ona yağdırardı, kinini, qəzəbini, hirsini söyüş söyməklə dağıdardı. Amma bunu edən deyildi, belə şeylər təbiətinə yad idi, həm də bilirdi ki, arvadı nəyə dözsə də, söyüşə, təhqirə davam gətirməz. İlk dəfə ürəyində küçə sözləri ilə, ən kobud, ən qaba sözlərlə söyüş söymək arzusu baş qaldırdı. Ömründə belə arzuda olmamışdı. Bir azdan bu arzusu arvadını vurmaq, əzişdirmək arzusu ilə əvəz olundu. Sonra evdəki qab-qacağı sındırmaq, dağıtmaq istədi. Amma bir azdan sakitləşdi, aynabəndə çıxıb dərindən nəfəs aldı. Xəfif axşam küləyi üzünə dəyəndə bundan xoşhallandı.

      Talihə içəri keçib çarpayısına uzandı. Balışı üzünə qoyub gözlərini yumdu, amma heç cür sakitləşə bilmirdi, əsəbi halı, həyəcanı keçib getmirdi. Üstəlik beynini dağıdan dəhşətli ağrı da onu üzürdü. Əslində onu haldan çıxaran elə bu ağrı idi. Nə qədər çalışdısa da özünü ələ ala bilmədi. Bu vəziyyətdə iki saata yaxın vaxt keçdi.

      Məktəbdən qayıtmış kiçik qızı Aytən onun üzündən öpüb hansısa melodiyanı zümzümə edə-edə vanna otağına keçib çimməyə başladı. Birdən Talihənin yadına düşdü ki, işlə əlaqədar səfirlikdə işləyən bir tanışının yanına getməli idi. Ürəyində kiçicik, iynənin ucu boyda ümid işığı yandı. “Bəlkə bir şey çıxdı?” – deyə düşündü. Tələsik geyinib mətbəxə keçdi, özünə çay süzüb içməyə başladı.

      – Hara belə? – Taleh acıqla ondan soruşdu.

      – Gəzməyə, – Talihə saymazyana cavab verdi.

      – Sən СКАЧАТЬ