Название: Aygün
Автор: Самед Вургун
Издательство: Аудиокитаб ООО
isbn:
isbn: 0
S.Vurğunun ən yaxşı əsərlərindən biri «Aygün» poemasıdır. Janrına görə mənzum roman hesab olunan bu əsərdə həyat hadisələri geniş və əhatəli bir şəkildə verilir, qəhrəmanlar, onların mühiti ətraflı göstərilir. Əsərdə Aygünün həyatından yalnız bir hadisə təsvir olunmur, onun sənətkar kimi yetişməsi, ailə münasibətləri bütün təfərrüatları ilə əks etdirilir, qəhrəmanların həyatı geniş epik planda göstərilir. Əsər Aygünlə Əmirxanın ailə həyatının ilk günlərinin təsviri ilə başlayır. Təzəcə evlənən gənclər bir-birini sevir, xoşbəxt günlərini yaşayırlar. Bu səadətli günləri müəllif hər iki gəncin bir-birinə olan saf məhəbbəti ilə bağlayır. Lakin Əmirxanın təsvirində biz şairin bir qədər qorxunu xatırladan münasibət və fikirlərinə rast gəlirik. Onun xarakterində uşaqlıq həyatından irəli gələn bir ərköyünlük və bir qədər də köhnəfikirlilik vardır. İnstitutu bitirdikdən sonra Muğan sovxozlarından birinə təyinat alan Əmirxan yalnız özünü düşünərək Aygünü təhsilini yarımçıq qoymağa məcbur edir. Aygün nə qədər konservatoriyada təhsilini davam etdirmək arzusu ilə alışıb yansa da, Əmirxanı sındırmır. Ona güzəştə gedərək əri ilə birlikdə Muğana yollanır. Əmək fəaliyyətinə başladıqdan sonra Əmirxanın yeni mənfi keyfiyyətləri üzə çıxır. Əvvəlcə işə həvəslə başlayan Əmirxan getdikcə işdən soyuyur, əhli-kef həyat keçirməyə meyil göstərir. Daha sonra kəndin xoşuna gəlmədiyini, burada mədəniyyətin zəif olduğunu bildirərək şəhərə qayıdır. Əmirxanın şəhərə qayıdışı ailənin vəziyyətini yaxşılaşdırmır, əksinə, ər-arvad münasibətləri daha da kəskinləşərək son həddə çatır. Əmirxan şəhərdə də ictimai-faydalı bir işlə məşğul olmur, günlərini içki məclislərində keçirir, tez-tez evə gecə keçəndən sonra qayıdır. Bütün bunlara dözməyən Aygün körpəsini də götürərək evdən gedir. Bundan sonra Aygünün yüksəlişi başlayır. O, konservatoriyada təhsilini davam etdirir, musiqi əsərləri bəstələyir, Dövlət mükafatına layiq görülən bir simfoniya yaradır. Əmirxan isə ağır günlər, mənəvi sarsıntılar keçirir, düşdüyü vəziyyətin çirkinliyini dərindən dərk edərək yenidən öz əvvəlki sənətinə qayıdır. Aygün evdən ayrılsa da, öz ilk eşqinə sona qədər sadiq qalır, ilk məhəbbətini sona qədər qoruyaraq heç kimə könül vermir. Müğənni Elyarın ona qarşı olan sevgi duyğularını qiymətləndirsə də, bu sevgini qəbul edə bilmir, heç kimi sevməyi bacarmadığını söyləyir: Yalnız sənətimlə yaşayıram mən, Bir də ki, gözümün işığı Ülkər… Niyə gizlədim ki… bəzən qəlbimdən isti bir nəfəs də keçir müxtəsər. Fəqət sevməyirəm mən heç bir kəsi, Xəyalım bir yerdə qərar tutmayır. Üzümə dəydikcə övlad nəfəsi Ürəyim ilk eşqi heç unutmayır. Bu anlarda müəllif ər və arvadı qarşılaşdırır və Aygünün iradə möhkəmliyini, mənəvi saflığını nümayiş etdirir. Aygün qısqanclıq hissləri keçirən Əmirxana heç kimi sevmədiyini, ailənin dağılmasında ancaq Əmirxanın özünün təqsirkar olduğunu bildirir. Bundan sonrakı səhnələrdə Əmirxanın məhəbbətin təsiri ilə yüksəlişi, saflaşma və inkişafı əks olunur. O, Muğana əvvəlki işinə qayıdaraq elə bir həvəslə işləyir və elə bir bağ salır ki, şöhrəti hər tərəfə yayılır. Məhəbbətin sarsılmaz gücü yenidən ailəni birləşdirir. Şair bununla saf və təmiz məhəbbətin insanın xoşbəxtliyində, ailə səadətində oynadığı yüksək rolu qabarıq bir şəkildə açıb göstərir. «Aygün» mənzum romanı müasir ailəni, bu ailənin problemlərini, ailənin möhkəmliyində qarşılıqlı məhəbbətin yüksək rolunu açıb göstərən bir əsər kimi bu gün də aktualdır və indi də oxucular tərəfindən sevilə-sevilə oxunur.