Keşik çəkmək növbəsi Həmzədə idi. Kaman ustası olan Həmzə, qabını oxlarla doldurub, yayını yoxladı və vahədəki keşik yerini tutdu.
Səhər doyunca su içəndə heç vahənin kənarında bitən ağacı görməmişdi. Bu ağac indiyədək səhrada rastlaşdığı digər ağaclara bənzəmirdi. Bu ağac hündür xurma ağacı idi və aşağı hissəsindən də bar vermişdi. Ağacın qəhvəyi rəngli saçaqlı gövdəsindəki yaşıl yarpaqlar Həmzənin diqqətini çəkdi. Bu yarpaqlar sarmaşıq yarpaqları idi. Həmzə ilk dəfə ağaca dolanmış sarmaşıq görürdü. Nədənsə həmin an Elifi xatırladı. Sarmaşığın Elif, xurma ağacının isə özü olduğunu xəyal etdi.
Sonra onu xəyallarından ayıran səs eşitdi… Kimsə gəlirdi!..
Həmzə diqqətlə qulaq asdı. Ayaq səslərindən gələn şəxsin yaşlı və tək olduğu aydın idi. Altmışdan çox yaşı olardı və çox güman ki, sol əlində əsası vardı. Əsanın ucunda bıçağın olduğunu isə daşlaşmış kaktus qabığına dəyərkən çıxartdığı dəmir çıqqıltısından başa düşmüşdü.
Rəqibi səhrada tək qala biləcək qədər bacarıqlı idisə, demək, həm də güclü idi. Külək əsmədiyindən qulduru qəfildən tuta biləcəyini düşündü. Həmzə gülümsəyəndə dodağını sağ tərəfə əyirdi, elə indi də dodağını əymişdi.
Fikirlərşdi ki, qulduru tutsa, qəbilədə onu qəhrəman elan edərlər və bəlkə də, Eliflə evlənməyinə razı olarlar.
Ancaq həqiqət qarşısını kəsən bu şəxsin kölgəsi kimi aydın idi. Ay sonu peyda olan dolunay həmin kölgəyə daha da əzəmət qatmışdı. Səhra siçovullarının belə səsi çıxmırdı. Ölüm də səssiz sonluq idi…
Ürəyinin döyüntüsünü özü belə eşidirdi. Oxu çıxarıb, yayı dartıb, hazır tutub şahin kimi ətrafı izlədi. Ağlına Peyğəmbərin (s.a.s) Səd Əbu Vəqqas üçün etdiyi dua gəldi və o duadan özünə də pay ayıraraq eyni anda həmin duanı dodaqaltı mırıldamağa başladı: “Allahım, atdığımı hədəfə çatdır və duamı qəbul et…”
Kölgə yaxındır, ox səbrsiz…
Ölüm və həyat, bir-birinə yaxın, lakin bir-birinin əksi olan iki məfhumdur…
Halbuki, Həmzə Elifin o al dodaqlarına bir busə vermək istəyərdi.
Qəlbində “Elif! Elif!” deyə qışqırdı…
Kölgə getdikcə aydın olurdu. Sol ayağı axsayan bu şəxs tanış səslə Həmzəni çağırdı.
– Həmzə, mənəm, Qul Əli.
Həmzə dərindən nəfəs aldı. Yaşam sevinci qəhrəman olmaq fürsətini itirməyinin kədərinə qarışdı. Gələn köçərilərin ağsaqqalı Qul Əli idi. Qəbilənin əks istiqamətində 3-4 kelaynak quşu ovlayıbmış. Axsaq ayağına görə qəbiləyə ancaq indi çata bilibmiş. Dincəlmək üçün vahəni seçən Qul Əli susuzluğunu yatırandan sonra Həmzəyə baxdı. Sonra da Həmzənin arxasındakı xurma ağacına dolanmış sarmaşığı gördü. Elə o an tük ürpədici səslə qışqırdı:
“AŞEKA!”
Sanki möcüzəymiş kimi gözlərini bərəldib heyranlıqla “Aşeka”-ya baxırdı. Əlləri titrəməyə, başını sağa-sola yelləməyə başlamışdı. Həyəcanla: “Aman Allahım, Uca Allahım, odur, bax, odur… Aşekadır!” – dedi. Dodaqları yüksək hərarətdən titrəyən uşaq kimi idi.
Bayaqdan xurma ağacının yanında duran Həmzə nə baş verədiyini anlamağa çalışırdı. Qul Əli əsasını hər iki əliylə tutub diz çökdü.
“Aşeka, eşq, eşq, eşq…” deyərkən göz yaşları Ay işığı düşən vahəni belə qısqandıracaq saflıqla yanağından saqqalına doğru axdı. Bu möcüzənin həqiqət olduğunu anlayanda Həmzəyə izah etdi:
“Rəbbim eşqi aləmdəki bütün yaradılmışların içində sadəcə insanın qəlbinə qoydu. Məhz buna görə də Rəbbimin əmri ilə digər yaradılmışlar insana səcdə etdi.
Dünyada hər şey sevməklə başladı…
Eşq bir insandan digər insana Rəbbimizin əmri ilə paylandı.
Bu xurma ağacı da özünü onu eşqiylə əhatə etmiş həmin sarmaşığa həvalə edib. Sarmaşıq xurma ağacını səhranın fırtınalarından, günəşin qızmar şüalarından qoruyacaq. Bununla yanaşı ağacın suyundan içərək yaşayacaq.”
– Amma bir gün ağacın suyu bitəcək və ağac quruyacaq! – Həmzə dedi.
Həmzə sözünü bitirməmişdi ki, Qul Əli dedi:
– Doğrudur. Eşqi üçün öləcək.
– Ağac quruyandan sonra sarmaşıq da quruyacaq.
– Elədir, – Qul Əli dedi, – o da eşqi üçün öləcək… Həmzə, eşq elə budur. Eşq özünü unudub yara çatmaqdır. Eşq bu ağac və sarmaşıq kimi yox və var olmağı istəməkdir… Eşq – bu ağac və sarmaşıq kimi onları bir-birinə bağlayan eşqin onları ayıracaq sonun əvvəli olduğunu da bilməkdir. Eşq bu ağac və sarmaşıq kimi zirehsiz və haqq-hesabsız verə biləcək hər şeyini fəda etməkdir. Eşq bu ağac və sarmaşıq kimi ona İlahi mükafatmış kimi sarılmaqdır. Eşq bu ağac və sarmaşıq kimi onunla, yalnız onda yox olmaqdır… Eşq bu ağac və sarmaşıq kimi yox olmaqdan qorxmayanların haqqıdır.
Həmzə Qul Əlinin dediklərinə göz yaşları ilə qulaq asır və “Elifin yanına getməliyəm” deyir.
Qul Əli müəyyən müddət idi ki, Həmzənin Elifə olan hisslərindən xəbərdar idi. Elə ona görə də “Get”, Get, get, Aşeka…” – dedi.
Həmzə Elifin çadırına getməzdən əvvəl atlardan birini qaçırdır və Qul Əliyə əmanət edərək bir azdan Eliflə gələcəyini deyir. Sakitcə Elifin çadırına yaxınlaşır. Elif isə Həmzənin quş kimi ötməsini harada olsa, tanıyar. İki aşiq Qul Əlinin yanına gəlib ata minərək oradan uzaqlaşır.
Səhər açılmamış iki aşiqin qaçdığını bilən köçərilər onların izinə düşürlər. Köçərilər həyat təcrübəsi olmayan bu aşiqləri Həmzə ilə qısa döyüşdən sonra tuta bilirlər.
Aşiqlər bir-birini bərk qucaqlayır.
Ağacın suyu bitir.
Sarmaşıq ağacı daha da qucaqlamağa başlayır.
Ağacın suyu bitir.
Ağac ölür.
СКАЧАТЬ