Psixo. Роберт Альберт Блох
Чтение книги онлайн.

Читать онлайн книгу Psixo - Роберт Альберт Блох страница 2

Название: Psixo

Автор: Роберт Альберт Блох

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ style="font-size:15px;">      – Bilirsən, axı sən onda öz fikrində qala bilərdin, – Ana dedi. – Deyək ki, evdən çıxıb bizim üçün təzə yer tapardın, sonra da bu mənzili satışa çıxarardın. Amma yox, sən ancaq zarıyırdın. Səbəbini isə özüm də bilirəm. Məsələ burasındadır ki, əslində, heç yerə köçmək istəmirdin. Buradan getmək istəmirdin, indi isə artıq istəsən də, heç yerə tərpənməyəcəksən, elə həmişəlik burada qaxılıb oturacaqsan. Sən evi tərk eləyə bilmirsən, Norman, elədir? Necə ki, heç böyüyə də bilmirsən.

      O, Anasına baxa bilmirdi. Qadın belə danışmağa başlayanda Norman sadəcə ona baxa bilmirdi, vəssəlam. Üzünü hansı tərəfə çevirsə də, sakitləşə bilmirdi. Hər şeyi öz kamerasına yaxşı bələd olan məhbus kimi əzbər bilirdi, buna görə də büllur saçaqlı lampaya, otağı darısqal edən ağzına qədər yığılmış qədimi mebelə – bu tanış əşyaların hamısına qəflətən nifrət etməyə başladı. Gözünü pəncərəyə zillədi, amma bu da dadına çatmadı: şüşənin arxasında yağış yağır, külək əsir, qaranlıq hökm sürürdü. Norman yaxşı bilirdi ki, orada – çöldə də onun üçün xilas yeri yoxdur. Heç yerdə xilas olmayacaq, inklər haqqında kitabda cəsəddən gələn ahəngdar təbil səsi kimi başında nəbz kimi döyünən, qulaqlarında cingildəyən bu səsdən gizlənmək üçün heç nə kömək etməyəcək.

      O, kitaba dalmağa, fikrini cəmləşdirib oxumağa çalışdı. Bəlkə, əhəmiyyət verməsə, özünü sakit göstərməyə çalışsa…

      Amma işə yaramadı.

      – Bir özünə bax, – həmin səs dedi. (Təbil vurmağa başladı: bum, bum, bum… və səslər çapılmış ağızdan əks-səda verdi.) – Bilirəm, lövhənin işığını yandırmağa niyə macal tapmamısan. Bu axşam ofisi açmaq üçün niyə əlini ağdan-qaraya vurmamağının da səbəbini bilirəm. Əslində, yadından çıxmayıb. Sadəcə heç kəsin gəlməsini istəmirsən; ümid edirsən ki, gələn olmayacaq.

      – Yaxşı, – Norman donquldandı. – Haqlısan. Motelin işlərilə məşğul olmaqdan acığım gəlir, heç vaxt da bu işi sevməmişəm.

      – Amma bu hələ hamısı deyil, mənim balam. (Yenə də başladı: “balam-balam-balam!” – təbil vurulur, cansız cəsədin əngindən fəryad qopurdu.) İnsanlara nifrət edirsən. Çünki əslində, onlardan qorxursan, məgər düz demirəm? Uşaqlıqdan bəri həmişə belə olmusan. Səninki odur ki, elə oturacağa qısılıb lampa işığında bütün günü oxuyasan. Otuz il əvvəl nə ilə məşğul olurdunsa, yenə həmin şeydir. Kitabı üzünə tutub sanki özünü hər şeydən gizlədirsən.

      – Axı bundan daha pis vərdişlərə qurşana bilərdim. Sən özün də bu barədə mənə az danışmamısan. Ən azı heç vaxt boş-boş veyillənməmişəm, əlimdən də bir xəta çıxmayıb. Yəni bilik artırmaq belə pis şeydir?

      – Bilik artırmaq? Hm! – Qadın artıq oğlunun arxasında, başının üstündə dayanıb yuxarıdan aşağı onu süzürdü. – Deməli, buna “biliyi artırmaq” deyirlərmiş? Məni bir anlıq da olsa, axmaq yerinə qoymağa çalışma, balası. Baş tutan məsələ deyil. Yenə “Bibliya”nı oxusaydın, ya da heç olmasa, təhsil almağa cəhd göstərsəydin, bir söz deməzdim. Orada nə oxuduğunu yaxşı bilirəm. Zir-zibildir! Hətta daha betərdir…

      – Yeri gəlmişkən, bu – inklərin sivilizasiya tarixi haqqındadır…

      – Hə, əlbəttə, bəs necə. Çox güman, Cənub dənizinin adalarından danışan o biri kitabdakı kimi, bunu da ağzınacan həmin murdar vəhşilərin məşğul olduğu iyrənc təfərrüatlarla doldurublar. Ah, elə bilirdin, xəbərim yoxdur, hə? Nalayiq murdarlıqlarla dolu oxuduğun başqa şeylər kimi onu da öz otağında gizlətmişdin.

      – Psixologiyada nalayiq nəsə yoxdur, Ana!

      – İşə bax, bunun adı “psixologiya” imiş! Psixologiya barədə çox şey bilirsən! Həmin gün mənimlə necə iyrənc danışdığını heç vaxt yaddan çıxarmayacağam, heç vaxt. Ağlıma da gəlməzdi ki, nə vaxtsa doğma oğul gəlib anasına belə bir şey deyə bilər!

      – Axı mən ancaq sənə müəyyən şeyləri başa salmaq istəyirdim. Buna “Edip kompleksi” deyirlər. Fikirləşirdim ki, əgər diqqətimizi sakitcə bu problemə yönəltsək, onu dərk etməyə çalışsaq, həyatımızda hər şey yaxşılığa doğru dəyişə bilər.

      – Dəyişə bilər, mənim balam? Heç nə dəyişə bilməz. İstəyirsən lap dünyada nə qədər kitab var – hamısını oxu; indi necəsənsə, həmişə də o cür qalacaqsan. Necə insan olduğunu bilmək üçün bu rəzil, iyrənc cəfəngiyyata qulaq asmağa ehtiyacım yoxdur. Aman Allah, bunu hətta səkkiz yaşındakı uşaq da başa düşər. Uşaqlıqda dostlarınla oynayanda, hamısı kim olduğunu o vaxtdan anlamışdılar. Ana uşağı! Səni belə çağırırdılar, doğrudan da belə idi. Belə idi, belədir və həmişə də belə olacaq. Artıq boya-başa çatmış böyük, gombul ana uşağı!

      Sözlərin gətirdiyi təbil səsləri qulağını deşirdi, sanki təbili onun sinəsində döyəcləyirdilər. Dodaqları qurumuşdu, nəfəsi çatmırdı. Bir az da belə davam etsəydi, ağlayacaqdı. Norman başını silkələdi. Ağlasığmazdır, qadın hələ də onu bu həddə çatdırmaqdan çəkinmirdi. Buna qadir idi, bunu indi də edirdi, sonra da hər dəfə təkrar-təkrar edəcəkdi… Ta o vaxta qədər ki, oğlu onu…

      – O vaxta qədər ki… Nə?

      İlahi, yəni doğrudan qadın onun fikirlərini oxuya bilirdi?

      – Bilirəm, nə barədə fikirləşirsən, Norman. Haqqında hər şeyi bilirəm, balası. Düşündüyündən də çox bilirəm. İstədiyin, arzu elədiyin yeganə şey məni öldürməkdir, düz demirəm, Norman? Amma bacarmazsan. Çünki səndə o fərasət yoxdur. Səndən daha güclüyəm. Həmişə bu gücə sahib olmuşam. Bu ikimizə də bəs edər. Hətta ürəkdən istəsən belə, məndən heç vaxt canını qurtara bilməməyinin səbəbi bax, budur. Ancaq əlbəttə, ürəyinin dərinliyində bunu heç istəmirsən. Mən sənə lazımam, balası. Bu həqiqətdir, düz demirəm?

      Norman asta-asta dikəldi. Hələ də davam gətirməyəcəyindən qorxurdu, başını çevirib ona baxmağa cəsarət etmirdi – “Bircə indi yox, qoy bir az keçsin.” Əvvəlcə öz-özünü sakitləşdirməyə çalışdı. “Tam sakit olmaq lazımdır. Nə dediyinə fikir vermə. Hər şeyə soyuq başla yanaşmaq lazımdır, yadına sal: o, yaşlı qadındır, ağlı da tam olaraq yerində deyil. Əgər beləcə oturub qulaq asmağa davam eləsən, əvvəl-axır öz ağlını da itirəcəksən. Ona otağına qayıtmalı olduğunu söylə, qoy uzanıb yatsın. Onun yeri elə oradır”.

      “Bir də ki, qoy tələssin, çünki əgər indi sözünü qulaqardına vursa, bu dəfə onu boğacağı dəqiqdir; boğacaq – həm də onun öz gümüşü kəndiri ilə…”

      Ətrafında hərlənməyə başladı, sözləri ağzından çıxarmağa hazır vəziyyətdə dodaqları səssizcə tərpəndi. Elə bu zaman zəng СКАЧАТЬ