Qəribə olsa da, Düpenlə mən ictimai rəyi kifayət qədər silkələyən bu hadisə haqda qətlin sirr pərdəsinin hələ də aydınlanmadığı bir vaxtda – cəsədin tapılmasından üç həftə sonra xəbər tutduq. Biz özümüzü tamamilə təcrid etmişdik: evdən çölə çıxmır, qonaq qəbul etmir və gündəlik bizə çatdırılan qəzetlərdəki siyasi xəbərləri oxumurduq. Mari Rojenin qətli barədəki xəbəri ilk dəfə bizə Q. özü gətirdi. O, 18…-ci ilin 13 iyulunda bizə gəlib gecə yarısına kimi oturdu. Qatilin axtarışındakı səmərəsiz cəhdlərindən yaman məyus olmuşdu. Əsil parisli jestilə izah elədi ki, bu məsələ onun nüfuzuna və qüruruna kölgə salıb. Bütün ictimaiyyətin gözü ona dikilib və bu sirrin çözülməsiyçün vermədiyi qurban qalmayıb. O, öz təmtəraqlı çıxışını “Düpen taktı” adlandırılmağa layiq bildiyi komplimentlə tamamladı. Dostuma birbaşa və şübhəsiz, səxavətli görünən təkliflə müraciət etdi ki, bu haqda heç nə demək istəmirəm, çünki danışdığım hekayəyə heç bir aidiyyəti yoxdur.
Dostum iradəsindən kənar komplimentdən imtina elədi, amma faydasının şərti olduğunu bilə-bilə, təkliflə dərhal razılaşdı. Bu söhbəti bağlayandan sonra məmur haqqında hələ heç nə bilmədiyimiz işə aidiyyəti olan çoxsaylı mülahizələrin izahıyla silahlanaraq, tez-tələsik öz baxış bucağından danışmağa başladı. O, uzun-uzadı, aydınlaşdıraraq, şübhəsi olmadan danışırdı. O, bizi məsələdən hali edən müddətdə mən arabir cəsarətlənib ciddi ehtimallar irəli sürürdüm. Gecənin mürgü vuran saatları isə bir-birini qovurdu. Düpen tərpənmədən kreslosunda oturub ehtiram dolu diqqətlə qonağı dinləyirdi. Onun gözlərində eynək vardı, hər dəfə onun yaşıl şüşəsindən içəri baxanda əmin olurdum ki, dostum möhkəmcə yatıb: nəhayət, məmur çıxıb gedənə qədər qurğuşun kimi ağır-ağır axan yeddi saat ərzində o, heç nə hiss elətdirmədən belə də yatıb qaldı.
Tezdən toplanmış bütün faktlardan ibarət qovluğu şöbədən, bu faciə haqqında hər hansı bir məlumatın dərc olunduğu qəzet nüsxələrinisə redaksiyadan götürüb gəldim. Şərtsiz imtina edilən uydurmalardan təmizlənmiş hadisə belə görünürdü:
Mari Roje 18…-ci ilin 22 iyununda, istirahət günü səhət saat doqquz radələrində Pave-Sent-Andre küçəsində yerləşən anasının evindən küçəyə çıxır. Çıxarkən Jak Sent-Estaş adlı şəxsə (yalnız ona) deyir ki, gününü Drom küçəsində yaşayan xalasıgildə keçirməlidir. Dar, qısa, amma çox adamın yaşadığı Drom küçəsi Sena çayının sahilinə yaxın yerləşir və madam Rojenin qaldığı evlə oranın arası, hələ kəsə yolla getsən, iki mildən bir az artıq yoldur. Sent-Estaş Marinin rəsmi nişanlısı idi, elə özü də həmin binada yaşayırdı. O, axşamüstü nişanlısının arxasınca getməli və onu evə ötürməliydi. Hərçənd, günün ikinci yarısı güclü yağış başlayıb və o, Marinin xalasıgildə gecələyəcəyini güman edərək (çünki qızın belə etməsi birinci dəfə deyildi) sözünün üstündə durmağı lazım bilməyib. Axşam madam Roje (yetmiş yaşlı xəstə qarı) təlaşa düşüb ki, “bir də Marini görə bilməyəcək”, amma heç kəs onun bu halını ciddi qəbul etməyib.
Bazar ertəsi aydın olub ki, Mari ümumiyyətlə xalasıgilə getməyibmiş, axşam hələ də gəlmədiyini görəndə onun ola biləcəyi yerləri – şəhərətrafını və qayalıqları axtarmağa başlayıblar. Amma onun haqda yalnız itkin düşməsinin dördüncü günündə nəsə öyrənmək mümkün olub. Həmin gün (25 iyun, çərşənbə) Senanın qarşı sahilindəki Dürul keçid məntəqəsinin qayalıqlarında dostuyla birgə Marinin axtarışını aparan müsyö Bove adlı şəxs eşidib ki, balıqçılar elə indicə çayda üzən bir cəsədi sahilə çıxarıblar. Meyiti görən Bove çox çək-çevirdən sonra ətriyyat dükanının keçmiş satıcısını tanıya bilib. Dostu isə qızı dərhal tanıyıb.
Cəsədin üzü ağzından axan qatı qanla örtülübmüş. Suda boğulan insanlarda rast gəlinən ağız köpüyü yox imiş. Boğazında barmaq izləri və qara qançırlar görünürmüş. Dirsəkdən bükülüb sinəsinə çarpazlaşmış əlləri qacıyıbmış. Sağ əlinin barmaqları yumruq kimi düyünlənmiş, sol əli isə yarıyumulu imiş. Sol qolunda sanki möhkəm sıxılmış iplərdən və ya bir ipin iki dəfə dolanmasından yaranan halqavarı yara varmış. Sağ qolundasa bütün kürəyini, xüsusilə çiyin tərəfləri örtən sıyrıq izləri görünürmüş. Meyiti sahilə çıxarmaq üçün balıqçılar da ipdən istifadə etmişdilər, amma bunlar heç bir iz buraxmamışdı. Boynu çox şişibmiş. Bədəndə zərbədən yaranan heç bir qançır və cızıq da yoxmuş. Boyun kəndir parçasıyla o qədər möhkəm sıxılıbmış ki, ilk baxışda onun izini görmək olmurmuş. Kəndir sol qulağın altında düyünlənibmiş. Kimisə öldürmək üçün bunu etmək kifayətdir. Tibbi baxış protokolu mərhumun ismətinə zərrə qədər də şübhə qoymamışdı. Qız buna məcbur edilib, kobud zorlanmaya məruz qalmışdı. Bu, tapılan məqamda cəsədin vəziyyətindən də bilinirmiş.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.