Qatil geri çəkildi, onun əyilmiş sifəti heyrət içindəydi. O, yenə də aşağı salınmış ağacını qaldıraraq qəzəbini sanki xəyaldan həqiqi olana yönəltmək arzusundaydı, lakin Holmsun sərt baxışı və istehzalı gülüşündə şübhəli bir şeyin olmasından çəkinib fikrindən vaz keçdi.
– Çox gözəldir! Tavernya fransız sənətkarlarının əl işidir. Tanışınız Ştraubenzenin düzəltdiyi sıxılmış hava ilə işləyən tüfəng kimi, o da böyük məharətlə mumdan fiqurlar düzəltməklə məşğuldur.
– Sıxılmış hava ilə işləyən tüfəng? Başa düşə bilmirəm, cənab, siz bununla nə demək istəyirsiniz?
– Şlyapanızı və əl ağacınızı masanın üstünə qoyun. Bax belə, təşəkkür edirəm. İndi də, zəhmət olmasa, oturun. Bəlkə, tapançanızı da çıxarasınız? Amma siz onun üzərində oturmağa üstünlük verirsinizsə, etiraz etmərəm. Düz vaxtında gəlmisiniz, elə mən də indi sizinlə söhbət etməyi ürəyimdən keçirirdim.
Qraf zəhmlə qaşqabağını salladı:
– Holms, mənim də sizə bir neçə kəlmə sözüm vardı. Elə ona görə də buradayam. İndicə sizin başınızı parçalamaq istədiyimi boynuma alıram.
Holms masanın lap uc hissəsində oturaraq söylədi:
– Mən elə də bilirdim, sizin fikrinizdə buna bənzər bir şey ola bilər. Öyrənə bilərəmmi, nə üçün sizin tərəfinizdən bu hörmətə layiq görülmüşəm?
– Ona görə ki, siz əsəblərimi pozan hərəkətlər etməyə başlamısınız. Özü də əlaltılarınızı göndərərək məni izlətməklə.
– And içə bilərəm ki, mən sizi güdməkdən ötrü heç bir kəsi göndərməmişəm.
– Səfeh-səfeh danışmayın. Ardımca düşüb məni güdənləri öz gözlərimlə görmüşəm. İndi sizə göstərərəm məni necə güdmək olar, cənab Holms.
– Əlbəttə, boş-boş danışırsınız, siz gərək mənə nəzakətlə müraciət edəydiniz. Razılaşın, bu məqsədə görə başqalarını yoldan çıxarıb günah işə soxmamaq üçün heç kimi istisna edə bilmərəm, çünki anlamalısınız ki, tərzimə uyğun olaraq öz fəaliyyətim boyunca cinayətkarların hörmətli hissəsinin böyük qismilə səmimi təmasda olmalıyam.
– Qoy siz deyən kimi olsun, cənab Holms.
– Çox gözəl! Amma siz mənim cəsus tutduğumu təsdiqləməkdə cox böyük səhvə yol vermiş olursunuz.
Qraf Silvius kinayə ilə gülümsədi.
– Elə bilməyin ki, sizdən acizəm və bu kimi şeylərin nəzərimdən qaçmağı mümkündür. Dünən hansısa bir idmançı, bu günsə bir qarı məni bir an belə gözlərindən kənar qoymayıblar.
– Siz məni utandırırsınız, cənab. Qoca baron Dauson asılmamışdan bir gün qabaq bu haqda belə bir şey söyləmişdi ki, teatr mənim şəxsimdə ədalət məhkəməsi zəfər çaldığı qədər itirib. Bu günsə siz məni təkcə başqa şəklə düşməyimə görə tərifləyirsiniz.
– Nə?.. Demək, bu siz idiniz?
Holms çiyinlərini çəkdi.
– Baxın, o küncdə dünən sizin mənə heç nədən şübhələnmədən iltifatla qaldırıb təqdim etdiyiniz bir çətir durur.
– Əgər bunu bilsəydim, siz artıq…
– Artıq bu sakit yaşayış yerimi heç vaxt görməzdim, elə deyilmi? Mən bunu çox yaxşı anlamışdım. Qulaq asın, hamımız sonradan peşmanlığını çəkdiyimiz səhvlər edə bilərik. Və hər nə olursa-olsun, bunun artıq heç bir əhəmiyyəti yoxdur. Çünki dediklərinizə görə, məni heç tanıya bilməmisiniz və indi sağ-salamat şəkildə qarşınızda oturmuşam.
Qaşqabağı sallanmış qrafın qaşları bir az da çatıldı və onların arasından baxan bir cüt zəhmli gözləri parlamağa başladı.
– Bu, daha pis. Deməli, bunları sizin cəsuslar deyil, özünüz etmisiniz, burnunuzu sizə aid olmayan işlərə soxub, oyunbazlıq etməklə məşğul olmusunuz. Özünüz də təsdiq edirsiniz ki, məni güdürdünüz. Bəs nəyə görə?
– Qraf, siz bir neçə il Əlcəzairdə şir ovlamaqla məşğul olmusunuz.
– Hə, nə olsun?
– Soruşmaq olarmı, bəs sizin ovçuluqla məşğul olmağınızın əsas səbəbi nədən ibarət idi?
– Nə üçün? Deyə bilərəm ki, idman etmək məqsədi ilə, güclü həvəsimə və riskə görə.
– Bundan başqa, siz ölkəni yırtıcı heyvanlardan təmizləmək istəyirdiniz, elə deyilmi?
– Tamamilə doğrudur.
– İndi sizə məqsədim məlumdurmu?
Qraf yerindən dik atıldı, onun əli yenə də qeyri-ixtiyri olaraq arxa cibinə doğru yönəldi.
– Oturun, oturun, qraf. Mənim bundan başqa daha konkret bir məqsədim var. Sarı almazın yerini öyrənmək istəyirəm!
Qraf Silvius uğursuzcasına gülümsədi, ayağa qalxsa da davam gətirməyib yenidən oturacağa çökdü.
– Deməli belə, hə, – deyə söylədi.
– Sizi elə ona görə güddüyümü çox gözəl bilirsiniz, bura da nə qədər bilgiyə sahib olduğumu və məni aradan götürməyinizin mümkünlüyünü öyrənmək üçün gəlmisiniz. İnanırsınız ki, sizin nöqteyi-nəzərinizdən bu, tamamilə lazımlı bir şeydir, amma mənə, demək olar, bir faktdan başqa hər şey məlumdur, ona görə də bunu öyrənməyə ehtiyacım var.
– Doğrudan? Çox maraqlıdır, əsas olan o fakt nədir ki, siz onu belə öyrənmək istəyinə düşmüsünüz?
– Bəs, almaz indi harda gizlədilib?
Qraf hiyləgərcəsinə həmsöhbətinə nəzər saldı.
– Elə bu? Axı onun saxlandığı yeri mən sizə neçə söyləyə bilərəm?
– Bilərsiniz, özü də bunu etmək məcburiyyətindəsiniz.
– Deməli, siz belə düşünürsünüz, hə?
– Qraf Silvius, siz mənə heç də hədə-qorxu gələ bilməzsiniz.
Holmsun Silviusa yönəlmiş gözləri qıyıldı və zəhmlə parlamağa başladı.
СКАЧАТЬ