– Sənsənmi, Çalıquşu? – deyə Mişel soruşdu. – Nə üçün belə yavaş-yavaş gedirsən?
Sağ ayağımın topuğuna sarıdığım yaylığı göstərib dedim:
– Bir az bundan əvvəl oynayanda, yıxılıb ayağımı yaralamışam. Yəqin ki, sənin bundan xəbərin yoxdur.
Mişel pis qız deyildi. Halıma ürəyi yanıb dedi:
– İstəyirsən sənə kömək edim.
– Hər halda məni arxana almağı təklif etməyəcəksən ki?
– Əlbəttə ki, yox… Bu, mümkün olan şey deyil… Amma qoluna girə bilərəm, deyilmi? Yox, elə yox… Qolunu mənim çiynimə sal… Bir az da bərk yapış… Mən də sənin belindən tutum… Bir qədər yüngülləşərsən… Necədir, yeriyəndə daha ayağın az incidir, eləmi?
Mən onun dediyi kimi etdim. Doğrudan da, yaxşı olurdu. Mişelə dedim:
– Mersi14, Mişel. Sən çox nəzakətli qızsan…
Bir az yeridikdən sonra Mişel dedi:
– Bilirsənmi, Fəridə, yoldaşlarımız bizi bu vəziyyətdə görəndə, nə zənn edəcəklər?
– Nə zənn edəcəklər?
– Deyəcəklər ki, yəqin Fəridə də birinə bənd olmuşdur… İndi dərdini Mişelə danışır…
Mən birdən-birə durub dedim:
– Düz deyirsən?
– Əlbəttə…
– Elə isə, bu saat qolumdan çıx, məndən ayrı get.
Bu əmri verəndə əsgər komandanı kimi sərt idim.
Mişel məni buraxmayıb dedi:
– Ay sarsaq, heç sənin barəndə belə düşünən olarmı?
– Sarsaq nə üçün?
– Hamı sənin necə qız olduğunu bilmirmi?
– Nə demək istəyirsən?
– Heç… Hamı bilir ki, sənin belə bir macəran ola bilməz… Sənin heç kəslə eşqbazlıq edəcəyinə güman yoxdur…
– Nə üçün?.. Məni çirkinmi sanırsan?
– Xeyr, çirkin deyilsən… Bəlkə hələ gözəlsən də… Amma yaman key və maymaqsan…
– Mənim barəmdə sən beləmi düşünürsən?
– Təkcə mən yox, hamı belə düşünür… Deyirlər ki, «çalıquşu sevgi məsələsində əsl gourde-dir».
Bu sözün türkcəsini çox yaxşı bilmirəm, amma fransızca asma qabaq, su qabağı, balqabaq kimi bir şey deməkdir. Bunlardan hansı olursa olsun, pis şeydir… Əslinə qalsa, boyum qısa, bədənim dolu olduğundan bu qabaqlardan birinə bənzəməyim mümkündür… İndi Çalıquşundan sonra mənə bir də gourde ləqəbi qoysalar, bu daha ağ olar! Necə olursa olsun, bu təhlükənin qabağını almaq vacib idi, çünki bu mənə bərk toxunurdu.
Mişelin özündən öyrəndiyim bir hərəkətlə, başımı çiyninə qoydum, ona mənalı-mənalı gözaltı baxıb, dərdli-dərdli gülümsünərək dedim:
– Siz elə bilin…
– Nə söyləyirsən, Fəridə?
Mişel ayaq saxlayıb heyrətlə mənə baxdı. Mən boynumu əyib dediyimi bir də təsdiq etdim.
– Təəssüf ki, iş elə siz bilən kimi deyil… Axır mən də vuruldum…
Mən dediyim bu yalana onu daha da inandırmaq üçün üstəlik bir ah da çəkdim.
Mişel bu dəfə heyrətindən xaç da vurdu.
– Çox gözəl… Fəridə, çox gözəl!.. Amma hayıf ki, heç inana bilmirəm.
Yazıq Mişel sevgi mübtəlası idi, belə ki, başqasının sevişdiyini eşidəndə də ona ləzzət verirdi. Amma, özü dediyi kimi, hayıf ki, mənim sevişdiyimə inanmır və açıqdan-açığa sevinməyə cəsarət edə bilmirdi.
Mən bir yalan danışmışdım. İndi daha bunu davam etdirməli idim ki, rüsvay olmayım.
– Bəli, Mişel, – dedim, – mən də sevirəm…
– Eləcə tək sənmi sevirsən, Çalıquşu?
– Şübhəsiz ki, o da məni sevir, grande gourde.
Bir az bundan əvvəl Mişelin mənə söylədiyi gourde kəlməsinə mən bir də böyük sifətini artırıb onun üzünə qaytardım. Amma onun heç ağlına da gəlmirdi mənə desin ki, «gourde sən özünsən, bu, sənin ləqəbindir!»
Deməli ki, mən yalançılığa başlayan kimi onu inandırmağa müvəffəq olmuşdum. Çox yaxşı!..
Mişel indi məni daha böyük bir məhəbbətlə qucaqlamışdı.
– Danış, Fəridə… Danış, necə oldu? Demək, sən də sevdin, hə! Sevmək gözəl şeydir, deyilmi?
– Əlbəttə gözəldir…
– Sevdiyin kimdir?.. O gənc gözəldirmi?
– Çox gözəldir.
– Harda gördün? Necə tanış oldun?
– …
– Di yaxşı, tərsliyi burax.
Düzü, elə özüm də tərsliyi buraxmağı ürəkdən istəyirdim. Amma nə uydurub söyləyəcəyimi bilmirdim. Sevməyə həqiqi bir insan tapanlara min əhsən!.. Çünki xəyali bir sevgili tapmaq özü də son dərəcə çətin, son dərəcə çətindir!..
– Di yaxşı, Fəridə… Ürəyimi… çəkmə… Yoxsa elə bilərəm ki, mənimlə zarafat edirsən.
Mən birdən-birə təşvişə düşdüm. Zarafat? Allah eləməsin ki, mən yenə asma qabaq, ya balqabağı vəziyyətində qalım!.. Sənə elə bir eşq hekayəsi uydurum ki, özün də çaşıb qalasan!..
Mişelə СКАЧАТЬ
14
Mersi – sağ ol (frans.).