Amerika. İtkin düşmüş . Франц Кафка
Чтение книги онлайн.

Читать онлайн книгу Amerika. İtkin düşmüş - Франц Кафка страница 5

Название: Amerika. İtkin düşmüş

Автор: Франц Кафка

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8448-4-9

isbn:

СКАЧАТЬ Rossman.

      – Amma, – cənab Yakob adlandırdıqları şəxs dedi və bir qədər şübhəylə gülümsəyib, sanki bir qədər uzağa durmaq istədi.

      Kapitan, baş kassir, gəmi zabiti və hətta stüard da Karlın adını eşidəndə, son dərəcə təəccübləndiklərini açıq-aşkar biruzə verdilər. Yalnız liman məmurları və Şubal buna laqeyd yanaşdılar.

      – Amma, – cənab Yakob təkrar etdi və bir qədər qətiyyətsiz addımlarla Karla doğru getdi, – belə isə mən sənin dayın Yakob, sən isə mənim əziz bacıoğlumsan. Mən həmişə bunu hiss edirdim! – o, baş verənləri səssiz-səmirsiz qəbul edən Karlı qucaqlayıb öpməzdən əvvəl kapitana dedi.

      – Sizin adınız nədir? – cənabın onu ağuşundan buraxdığını hiss edən Karl kifayət qədər hörmətlə, lakin tamamilə soyuqqanlı və fikrində bu hadisənin ocaqçı üçün hansı nəticələrə gətirə biləcəyini əvvəldən tapmağa çalışaraq soruşdu. Bunun Şubala xeyri olmayacağı ilk baxışdan məlum idi.

      – Cavan oğlan, nə qədər bəxtəvər olduğunuzu başa düşün! – Karlın sualında cəmiyyətə özünün cib dəsmalı ilə silməkdə olduğu həyəcanlanmış sifətini göstərmək istəmədiyi üçün pəncərə tərəfə getmiş cənab Yakobun heysiyyətinə toxunacaq bir şeylər hiss edən kapitan ucadan dedi. – Bu, cənab senator Edvard Yakobdur və o, sizin dayınızdır. Bundan sonra sizi parlaq gələcək gözləyir, siz güman ki, bunu heç cür gözləmirdiniz. Bunu mümkün qədər anlamağa çalışın və özünüzü ələ alın!

      – Əlbəttə, mənim Amerikada Yakob dayım, anamın qardaşı var, onun da adı Yakobdur, lakin soyadı, təbii ki, mənim anamın qızlıq soyadı ilə eyni – Bendelmayerdir.

      – Cənablar! – pəncərənin yanındakı sığınacağından cəld geri qayıdan senator, Karlın sözlərini nəzərdə tutaraq az qala qışqırdı.

      Liman məmurlarından başqa hamı – bir hissəsi sanki təsirlənərək, digərləri isə donuq sifətlə – ucadan güldü.

      «Mənim dediyim o qədər də məzəli deyildi», – Karl fikrindən keçirdi.

      – Cənablar, – senator təkrar etdi, – mənim və sizin istəyinizə zidd olaraq, siz kiçik ailə səhnəsinin iştirakçısı oldunuz, ona görə də mən sizə izahat verməyə bilmərəm, çünki, gümanıma görə ancaq cənab kapitan, – bu yerdə onlar bir-birinə yüngül təzim etdilər, – məsələdən tam halıdır.

      «İndi mən doğrudan da hər sözə diqqətlə qulaq asmalıyam» – Karl fikirləşdi və kənara baxaraq, sevinclə ocaqçının yavaş-yavaş həyata qayıtdığını gördü.

      – Amerikada olduğum uzun illər ərzində – əlbəttə «olmaq» sözü Amerika vətəndaşına, mən isə sümüklərimin iliyinə qədər Amerika vətəndaşıyam, uyğun gələn söz deyil, – özümün avropalı qohumlarımla heç bir əlaqəm olmayıb; birincisi bunun səbəblərinin buradakılara bir aidiyyəti yoxdur, ikincisi isə bu barədə danışmaq mənim üçün çox ağırdır. Mən onları sevimli bacıoğluma açacağım andan qorxuram da, hərçənd, çox ehtimal ki, onun valideynləri və yaxınları haqqında açıq danışmaqdan qaçmaq da mümkün olmayacaq.

      «Onun mənim dayım olmasına heç bir şübhə yoxdur; yəqin sadəcə soyadını dəyişib», – Karl öz-özünə dedi və qulaq asmağa davam etdi.

      – Hal-hazırda valideynləri – gəlin hər şeyi öz adıyla çağıraq – zəhlətökən pişiyi evdən bayıra çıxartdıqları kimi, mənim əziz bacıoğlumu da evdən bayıra atıblar. Bacıoğlumun tutduğu və buna görə də cəzalandırıldığı işləri təmizə çıxarmaq istəmirəm, lakin bu, adının özündə kifayət qədər üzr olan işlərdəndir.

      «Pis səslənmir», – Karl fikirləşdi, – amma, yenə də onun hər şeyi danışmasını istəməzdim. Hərçənd o hər şeyi bilə də bilməz. Haradan bilsin ki?»

      – Beləliklə, – dayı bambukdan olan əl ağacını qarşısına qoyub, bir qədər əyilərək ona söykəndi və bununla da vəziyyəti çulğaması qaçılmaz görünən lazımsız ciddiyyəti aradan qaldıra bildi, – beləliklə İohanna Brummer adlı, otuz beş yaşlı qulluqçu qadın onu başdan çıxartmışdır. «Başdan çıxartmışdır» deməklə bacıoğlumun xətrinə dəymək istəmirəm, lakin bu qədər yerinə düşən başqa bir söz tapmaq çətindir.

      Dayısına artıq kifayət qədər yaxınlaşmış Karl, dayısının dediklərinin otaqdakılara necə təsir etdiyini onların üzündən oxumaq üçün başını qaldırdı. Heç kim gülmürdü, hamı ciddi və səbrlə qulaq asırdı. Həm də senatorun bacısı oğluna ilk imkan düşən kimi gülmürlər. Təkcə ocaqçının Karla yüngülcə gülümsədiyini qeyd etmək olardı, amma bu, birincisi həyata qayıtmağın yeni əlaməti, ikincisi isə tamamilə bağışlanılan idi, çünki Karl kayutda indi ictimaiyyətə məlum olmuş faktı gizlətmişdi

      – Və bu Brummer, – dayı davam etdi, – mənim bacıoğlumdan, xaç suyuna çəkmə zamanı, şübhəsiz ki, bacıoğlumun sözarası yada salmış olduğu, lakin xoşbəxtlikdən qızda güclü təəssürat buraxmış sadə şəxsimin şərəfinə Yakob adı verilmiş möhkəm bir oğlan uşağı doğub. Niyə xoşbəxtlikdən? Çünki valideynlər uşağı saxlama xərclərindən və ümumiyyətlə onlara toxuna biləcək hər cür qalmaqaldan qaçmaq üçün, – nə oranın qanunlarını, nə də onun valideynlərinin vəziyyətini bilmədiyimi bir daha vurğulamaq istəyirəm, – beləliklə, uşağı saxlamaq üçün vəsait verməmək və başqa qalmaqallardan qaçmaqdan ötrü öz oğlanlarını, mənim əziz bacıoğlumu məsuliyyətsiz olaraq kiçik maliyyə vəsaiti ilə təchiz edərək Amerikaya yollamışlar; yalnız Amerikada hələ də baş verməkdə davam edən möcüzələr olmasaydı özbaşına qalmış yeniyetmə, ehtimal ki, həmin saat Nyü-Yorkun dalanlarından birində itib-batacaqdı, amma xoşbəxtlikdən həmin xidmətçi qadın mənə məktub yazmış – bu məktub uzun səyahətdən sonra srağagün mənim əlimə çatıb – və baş verənlər və bacıoğlumun zahiri görkəmini təsvir etməklə yanaşı, orada, tədbirlə, gəminin adını da qeyd edib.

      – Cənablar, əgər mən sizi əyləndirmək fikrində olsaydım, sizə məktubdan ayrı-ayrı hissələri oxuyardım. – O, cibindən iki böyük xırda hərflərlə sıx yazılmış poçt kağızı çıxartdı və onları yellədi. – Məktub, əlbəttə ki, güclü təəssürat yaradardı, çünki müəyyən sadəlövh, lakin daim xeyirxah bir biclik və uşağın atasına böyük sevgi ilə yazılmışdır. Lakin mən nə sizi izahatımla lazım olandan artıq əyləndirmək, nə də bacıoğlumun – istəsə, ibrət almaq üçün, məktubu artıq onu gözləyən otağın sakitliyində oxuya bilər – ola bilsin ki, hələ də yaşayan hisslərini təhqir etmək istəmirəm.

      Lakin Karl bu qıza heç bir hiss bəsləmirdi. Qız, keçmişin getdikcə uzaqlaşan hadisələrində, qapağına dirsəkləndiyi mətbəx masasının yanında otururdu. Karl atası üçün bir stəkan su götürmək və ya anasının hansısa tapşırığını yerinə yetirmək üçün mətbəxə girəndə qız СКАЧАТЬ