Onu kim unudar. Sona Cabbarlı
Чтение книги онлайн.

Читать онлайн книгу Onu kim unudar - Sona Cabbarlı страница 2

Название: Onu kim unudar

Автор: Sona Cabbarlı

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия: Xatirə ədəbiyyatı

isbn: 978-995-255-771-8

isbn:

СКАЧАТЬ maraqlı anlardandır.

      Sona xanımın yazdığına görə, Cəfər dostlarına qarşı çox qayğıkeş imiş. Yaxın dostlarını daim evlərinə apararmış, buna görə də evlərində həmişə yemək bişərkən dostları da, nəzərə alınırmış.

      Sona xanım Hüseyn Ərəblinskinin öldürülməsindən sonra, Cəfərin dərin sarsıntı keçirdiyini yazır. Onun öldürülməsini, həmçinin Azərbaycan teatrının böyük itkisi hesab edir:

      “Oqtay Eloğlu“ pyesi tamaşaya qoyulanda, Cəfər mənə dedi: – Kaş, Ərəblinski sağ olaydı, Oqtayı oynayaydı. Həqiqi Oqtayı o yarada bilərdi“.

      Cəfər onun ölümü münasibətilə şeir yazmış, dəfn günü şeiri onun məzarı üzərində oxumuşdu. Sonralar da, dostlarına hər zaman Ərəblinskini örnək göstərirdi: “Dostlar, məndən inciməyin, əsl sənətkarlığı Hüseyn Ərəblinskidən öyrənmək lazımdır. Artistlərimiz onun ənənələrini davam etdirməlidirlər”.

      1924-cü ildə Cəfər həm böyük qardaşı Hüseynqulunu, həm də anası Şahbikəni itirir. Anasını itirməsi ona ağır sarsıntı gətirir.

      Sona xanımın xatirələrində maraqlı nüanslardan biri də, Cəfərin yazı prosesinə necə diqqətlə yanaşması, obrazları real həyatdan necə götürməsi, teatrda istifadə olunacaq paltarı uyğun bildiyi şəxsin əynindən pulu ilə təzəsini alıb dəyişdirməsi, gələcəkdə qəhrəmanı olacaq şəxslərlə necə söhbət etməsi, filmə çəkəcəyi obrazı yaradacaq qızın atasını razı salması kimi bir-birindən maraqlı xatirələri təqdim edir. Hətta “Almaz“ da istifadə olunan tumanlardan biri Sona xanımın öz anasına məxsus idi.

      Sona xanım xatırlayır ki, tamaşalar zamanı Cəfər izləyənlərin içərisində gəzir, dialoqlar zamanı onların verəcəyi reaksiyalara diqqət yetirirdi. Bəzən yazdığı pyeslər, tənqidçilərin ağır hədəfinə tuş gəlir, mövcud siyasi atmosferə uyğun hesab edilmirdi. Məsələn, “1905-ci ildə“ əsərini Sona xanım qeyd edir. Cəfər bununla bağlı fəhlələrin, tənqidçilərin önündə məruzə etməli olur.

      Hətta Sona xanımın da, xatirələrdə təqdim etdiyi kimi, onun teatrda monopoliya yaratmaq iddiası ilə əleyhinə kampaniya başlananda, Cəfər Sovet Yazıçıları İttifaqının təşkilat komitəsinə aşağıdakı məzmunda məktub yazır:

      “…Əgər bu doğru isə, mən dərhal teatrı tərk etməyə hazıram, təki onlar yazsınlar. Mən başqa müəssisələrə: 14 ildən bəri kimsənin heç bir şey yazmadığı və mənim bu il iki libretto yazmalı olduğum operaya; heç vaxt işləmədiyim və buna baxmayaraq, repertuarını mənim “1905-ci ildə“, “Almaz“, “Yaşar“, “Sevil“ pyeslərimi təşkil edən rus işçi teatrına; 14 ildən bəri kimsənin heç nə etmədiyi, mən isə özümü orada borclu saydığım Azərkinoya; habelə pyeslərimin əksəriyyəti oynanılan özbək, türkmən, tacik, tatar teatrlarında, fəhlə klublarında işlərəm, nəhayət, tamamilə yazmaya bilərəm, təki o yoldaşlar yazsınlar “.

      Sona xanım Cəfərin ən çox üzərində işlədiyi əsər kimi “Od gəlini“ ni qeyd edir. Təkcə Elxanın monoloqu üzərində üç gecə çalışdığını yazır. Ən qalmaqallı əsərlərdən biri də təbii ki, həmin ərəfədə çadra əleyhinə başlayan təbliğat fonunda “Sevil“ dən sonra Sonanın adından qəzetə çadra əleyhinə məqalə verir. Sona bundan əsəbləşsə də, Cəfər ona durumu izah edir: “Axı başa düş ki, yaxşı olmaz, mən çadra əleyhinə əsər yazım, sən çadra örtəsən? Yaramaz axı!..”.

      Və beləcə Sona xanım çadranı atır: “Beləliklə, mən və Cəfərin qardaşı qızları Mələk və Törə Dağlı məhəlləsində birinci olaraq, çadranı atmalı olduq”.

      “Sevil”in tamaşasından sonra isə, bu hal kütləviləşir: “Teatra çadralı gələn çoxlu qadın tamaşadan sonra evə çadrasız getdi”.

      Cəfərin yazdığı pyeslərin mühüm bir uğuru da, yeni doğulan uşaqlara onun obrazlarının adının qoyulması idi. Oqtay, Elxan, Almaz, Yaşar, Qorxmaz, Gündüz kimi adlar…

      Cəfərin gələcəyinə inandığı adamlardan biri də, Mikayıl Müşfiq idi. Sona xanım Cəfərin onun haqqında dediyi sözləri yazır: “Mikayılın coşğun təbi var; o, nadir bir istedaddır. Müşfiq böyük şair olacaq…”

      H.Ərəblinskinin ölümünə kədərlənən Cəfər yaşasaydı, sonralar Müşfiqin necə haqsız yerə güllələnəcəyinə heç dözə bilməyəcəkdi.

      Xatirələrdəki mühüm hissələrdən biri də, Cəfərin yazdığı məktublardır. Səfərləri boyunca Cəfər ailəsini teleqramsız, məktubsuz buraxmır, ehtiyacları olan pulu göndərir, öz gördüyü işlər haqqında məlumat verir, Sona xanımdan ətraflı cavab yazmasını tələb edirdi.

      Xatirələrdəki digər mühüm məqam Cəfərin deputat fəaliyyəti ilə bağlıdır.

      “Həmin ildə Bakı əməkçiləri onu Bakı sovetinə deputat seçmişdi. İlk iclasdan nahara gec gəldi. Mən öz adətimcə, yenə gileyləndim: – Az işin var idi, birisi də bu yandan əlavə olundu. Cəfər yarıhənək, yarıgerçək dedi: – Bu daha hökumət işidir, Sonası, deputatlıqla zarafat etmək olmaz.

      Və son…

      M.Ə. Rəsulzadə keçmiş silahdaşı haqqında yazırdı: “O, gənc yaşlarında, qüvvət və enerji ilə dolu ikən, 1934-cü ilin sonunda vəfat etdi. Onu dövlət hesabına dəfn etdilər. Azərbaycan komissarları onun tabutu başında növbəyə durdular və bununla onun kommunist deyilkən, kommunistliyi mənimsədiyini göstərmək istədilər. Kommunist olmadığını göstərən hadisələrdən biri də, onun Moskvada toplanan ədiblər qurultayında söylədiyi məşhur nitqdir. Bu nitqində o, “həqiqi sənətkar və yazıçıya yaraşmayan sosial sifariş” üsulunun, yəni şairləri hökumət tərəfindən müəyyən mövzularda yazmağa məcbur edilmənin əleyhinə çıxmışdır”. Sona xanım xatirələr boyunca Cəfərin tez-tez ürəyinin xəstə olduğunu yazır, bir dəfə həkimin tələbindən sonra, siqaret çəkməyi tərgitməsindən, lakin Cəfərin qısa müddətdə buna əməl etməsini yazır. Məktublardan da aydın olur ki, Cəfər ağır iş rejimində çalışırdı. Bir tərəfdən özünün yazdığı əsərlərin, həmçinin digər əsərlərin tamaşalarının hazırlanması, kinonun inkişafına çalışması, bütün bunlar yetməzmiş kimi, teatrda onun əleyhinə monopolist yazar iddiası ilə kampaniyanın başlanması onu çox yorurdu.

      Və nəhayət, bir gün dostları onu evə ağır halda gətirirlər…

      Ardını isə, lap əvvəldən Sona Cabbarlıdan dinləyək.

      Dilqəm Əhməd

      Cəfər haqqında danışmaq – mənim üçün həm şirindir, həm acı… Ona görə şirindir ki, bu zaman ömrümün Cəfərlə keçən xoş günlərinə qayıdıram, sanki yenidən onunla üzbəüz oturub danışıram. СКАЧАТЬ