Название: Kəndimizdə bir gözəl var
Автор: Salam Qədirzadə
Издательство: Hadaf Neshrleri
Серия: Milli ədəbiyyat
isbn: 978-995-256-629-1
isbn:
Yeganə Əkrəmi həqiqətən gözləyirdimi? Onunla qurduğu həyatı, əhd-peyman etdiyi kimi, sədaqətlə başa vurmağı yenə arzulayırdımı? Bunu bilmək çətin, çox çətin idi. Əkrəmə hər şey, ancaq qapını açıb içəri girəndən sonra Yeganənin münasibətindən, deyəcəyi sözlərdən, səsinin ahəngindən aydın olacaqdı. Həm də birinci, ikinci gün yox, tədricən, həftələr, aylar ötdükcə… Əfsus ki, qadının gözlərindəki ifadəni Əkrəm oxuya bilməyəcəkdi! O, həyat işığından məhrum idi. Həmişə də ona həsrət qalacaqdı. Hətta günəşi, ayı, ulduzları belə görməyəcəkdi!..
Bu qaranlıq dünyada Əkrəmin gözlərinə işıq, ürəyinə təsəlli verəcək bircə adam vardısa, o da Yeganə idi!
Bayaqdan qıraqda dinməz-söyləməz durmuş gənc qadın irəli addımladı:
− Bağışlayın… Evinizə gedirsiniz? – deyə həyəcanını boğmağa çalışaraq, mehriban bir qayğıkeşliklə xəbər aldı.
Əkrəm səsgələnə döndü:
− Siz kimsiniz?
− Yoldan ötən…
− Bəli. Evimizə gedirəm. İstəyirəm burdan bir minik tapım. Təzə pirin yanına qalxacağam.
− İcazə versəniz mən sizə kömək edərəm, elə özüm də o tərəfdə yaşayıram.
− Minnətdaram…
Əkrəm əyilib çamadanı götürəndə, qadın qabağa keçdi:
− Siz zəhmət çəkməyin, mən apararam.
− Xeyr, ona razı olmaram! Əllərim ki, şikəst deyil.
− Yaxşı, gedəyin…
Yol boyu heç biri danışmadı.
Əkrəm düşünürdü: “Bu, ilk rastlaşdığım hər kimsə mərhəmətli adamdır. Yoxsa, evi tapmaqda çətinlik çəkəcəkdim”.
Vağzalın qabağındakı meydanda beş-altı fayton dayanmışdı. Qadın onlardan qıraqdakına yaxınlaşdı.
− Əmi, bizi Təzə pir məscidinin yanına apararsan? – deyə atların başından arpa torbasını çıxaran uzunboylu, sallaq, qarabığlı kişidən soruşdu. Faytonçu dönüb ona baxaraq elə ləzzətlə qımışdı ki, sifətini saysız-hesabsız dərin qırışlar bürüdü.
− Apararam, belə canım da çıxar! Bəs mənim sənətim nədi? Bir də ki, ora getmək savab işdi, qızım…
Qadının köməyi ilə əvvəlcə Əkrəm faytona mindi, çamadanını dizləri üstə alıb əyləşdi. “Mən, Yeganənin haqqında nahaqdan elə xəyallara düşürəm, − deyə fikrindən keçirdi. Tanımadığım, yad bir adam mənə belə qayğı göstərəndə, özümünkü əldən-ayaqdan getməyəcəkmi?”
Qadın da qalxıb Əkrəmin yanında oturdu. Faytonçu göy, nimdaş xalatının ətəklərini qaldırıb rəngi soluxmuş qırmızı qurşağının altına keçirdi. “Ya, Əli!” – deyib yaşına uyuşmayan bir sıçrayışla qozlaya tullandı. Cilovları əlində cütlədikdən sonra, qamçını havada yellədərək atların başı üstündə şaqqıldadıb, bir ağız bərkdən muşqurdu:
− Ay dönüm gözünüzə, mənim zirək tərlanlarım, tərpənin!
Asfalt meydançaya dəyən nal səsləri vağzal binasının hündür divarlarında əks-səda verdi. Atlar fınxırıb yerindən götürüldü.
Qadın yana çevrildi, aşağıdan-yuxarı oğrun və məyus baxışlarla Əkrəmi süzdü. Onun ayaqlarındakı qunclu xrom çəkmələr köhnə də olsa, tərtəmiz silinmişdi. Tünd bənövşəyi diaqnal kalifeyi, yaxası sarı dəmir düyməli xıneyi köynəyi hündür boyuna, dolu bədəninə biçildiyindən leytenant çinli gənci xeyli qıvraq göstərirdi. Mürəkkəb çilənmiş kimi nöqtə-nöqtə göyümtül ləkələrlə örtülmüş sifətində donmuş, düşüncəli bir ifadə vardı və adama elə gəlirdi ki, bu həmişə belə qalacaq, heç vaxt dəyişməyəcəkdir. Saçlarının yarıdan çoxu ağarmışdı. Şikəst gözlərini yəqin ki, başqaları görməsin deyə, qara çeşmək taxmasına baxmayaraq, furajkasının günlüyünü də qalın qaşlarının üstünə endirmişdi.
Vağzaldan azacıq aralanmışdılar, faytonçu dala baxmadan xəbər aldı:
− Soruşmaq ayıbına gəlməsin, qardaşoğlu, Təzə pir tərəfdə kimlərdənsən?
Əkrəmin kilidlənmiş dodaqları tərpəndi; kirpik çala-çala bir qədər susduqdan sonra cavab verdi:
− Çətin tanıyasınız… Atamgil yuxarı məhəllədə yaşayıblar. Mən, bənna Mirqasımın oğluyam.
Bu adı eşidən faytonçu geri qanrılmaq istəyirdi ki, qarşıdan gələn tramvayı görüb atları yana çəkdi; küçəni sağa döncək cilovları boşaldıb, gümrah bir səslə dedi:
− Belə, atanın cəddinə qurban olum! Adə, sən gəl Mirqasım kişini özgəsindən yox, məndən xəbər al. Buna bax a… deyir, tanımazsan! Bütün qohum-əqrəbanı sənə yerli-yerində elə nişan verim ki, özün də məəttəl qalasan. Evinizə çox gəlib-getmişəm ki…
O, cibindən çıxardığı dəmir qutudakı hazır eşmələrdən birini götürüb, dili ilə böyrünü isladaraq, damağına qoydu. Qəmbər döşəməli çala-çuxur yolla tənbəl-tənbəl gedən atları haylayıb, eşməsini yandırdı, hərisliklə sinəsinə çəkdiyi tüstünü əvvəlcə ağzından, sonra da burnundan buraxıb soruşdu:
− Demək, əsgərlikdən gəlirsən?
− Bəli, əmi.
− Cəmi gedənlərimiz qayıtsın, inşallah… Yəni frontda lap o tufani-bəlanın içində olubsan!
Əkrəm qımışdı:
− Dörd il!
− Şükür allaha ki, sağ-salamat qurtarıbsan, − deyə faytonçu cəbhənin dəhşətli səhnələrini gözüylə görmüş kimi heyrətlə dilləndi.
Atlar Qəssab bazarının yoxuşunu qalxanda Xəzərdəki gəmilərdən günortanın fiti verildi.
− Qardaşoğlu!
− Eşidirəm, əmi.
− Bax… qabaqda o ikimərtəbəli ağ ev ki, var… sənin yadına gəlməz, onu rəhmətlik atan Mirqasım kişi öz əlləri ilə tikib. Onda mən arabaçılıq edərdim. Bir cüt də yaxşı kürən atım vardı. Desəm СКАЧАТЬ