Gülüstani İrəm. Аббас-Кули-ага Бакиханов
Чтение книги онлайн.

Читать онлайн книгу Gülüstani İrəm - Аббас-Кули-ага Бакиханов страница 7

Название: Gülüstani İrəm

Автор: Аббас-Кули-ага Бакиханов

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8450-8-2

isbn:

СКАЧАТЬ və ləhcələrə malikdirlər. Bu xüsusda təfsilat vermək üçün ayrıca tədqiqat aparmaq lazımdır.

      Ermənilər və yəhudilərdən başqa, Şirvanın bütün əhalisi islam dinində olub, bəzisi şiə və bəzisi sünnidir. Bakı ölkəsi tamamilə, Dərbənd əksəriyyətlə, Şirvanın yarısı, Salyanın hamısı, Şəki və Qubanın bir hissəsi şiə məzhəbdir. Şirvanın yarısı, Şəki və Qubanın çoxu, Dərbəndin azacıq bir hissəsi, bütün Təbərsəran, Kürə, Miskincəni çıxdıqdan sonra Samur nahiyəsi və Dağıstanın hamısı sünnidir. Bu məzhəb burada iki şöbədən olub, biri hənəfi və digəri şafiidir. Quba, Şəki və Şirvanda bunların hər ikisindən vardır. Samur, Kürə, Təbərsəran nahiyələri və Dərbəndin sünni hissəsi, bütün Dağıstan kimi şafii-məzhəbdirlər.

      Əgər bu ölkənin qəbilələri, kəndləri, binaları və qədim asarı heniş bir surətdə tədqiq edilərsə əhalinin mənşəyini təyin etmək mümkün olacaqdır.

      Birinci fəsil

      Islam dövlətinin zühurundan ərəb qoşununun gəlməsinə qədər Şirvan və Dağistan ölkələrində baş verən qədim hadisələr haqqinda

      Məlum olduğu üzrə, bütün tarixçilər yazırlar ki, insan nəslinin birinci yurdu Babil ölkəsi olmuşdur; Nuhun tufanı da, burada baş vermişdir.

      Məhəmməd ibni-Cərir Təbəri[30] öz tarixində deyir: «Atəşpərəstlər ümumi tufana inanmırlar». İslam tarixçilərinin bəzisi isə ümumi tufanın Babildə, İraqda, Şamda və Yəmənə qədər olan ölkələrdə baş verməsi qənaətindədirlər. Həmdüllah[31] «Tarixi-güzidə» adlı əsərində yazır: «Bəzilərinin dediyinə görə, tufan ancaq Ərəbistan yarımadasında olmuşdur. Çin əhalisi və türklərdən bəzisi ümumi tufanı danırlar». Osmanlı sultanlarının nəsəblərindən bəhs edən bir Təbəqat kitabında onların nəsli türk xanlarına və buradan da Nuha, Adəmə gedir çatır.

      Ümumiyyətlə, ya tufan səbəbinə, ya da başqa bir hadisəyə görə, yaxud törəyib artdıqlarından yaşayış vəsaiti artırmaq üçün, cənub hissəsində yaşayan bir cəmiyyət dünyanın hər yerinə dağılmışdır. Bununla əlaqədar olaraq Şərq və Şimal ölkələri Yafəs nəslinə, Afrika və Hindistanın isti tərəfləri Ham övladına, Ərəb, İran və Rum ölkələri də Sam silsiləsinə mənsub olmuşdur.

      Hicri IX əsrin axırlarında yazılmış Rövzətüssəfa kitabına görə, cənub ərz dairəsinin 14-cü dərəcəsinə qədər, Okyanus dənizində abad cəzirələr vardır ki, onların sakinləri də Sam nəslindəndir.

      Nuhun bu üç oğlu, bəzilərinin rəyincə, qəbilə rəisləri sayılırlar, əgər bunlar tək olsaydılar, bu qədər uzaq məsafəyə gedə bilməzdilər. Bəziləri də, Yafəsin İranın və bütün Sam nəslinin birinci padşahı olan Kəyumərsin müasiri və türklərin ilk hökmdarı kimi tanıyırlar.

      Güzidə və Xülasətüləxbar[32] müəlliflərinin rəyinə görə, Yafəsin səkkiz və Rövzətüssəfa müəllifinin yazdığına görə, on bir oğlu olmuşdur:

      1. Türkdür. Yafəsin böyük oğlu və vəliəhdi olub, ədalətli və rəiyyətpərvər bir padşah idi. Bütün Yafəsin qəbilələri bunun adı ilə – türk adlanırlar. Atasının vəfatından sonra, özü üçün Türküstanda isti və soyuq bulaqlı bir çox otlaqlar seçmişdir. Əvvəlcə ağac, qamış və otdan özü üçün qərargah və daha sonra heyvanat dərisindən çadır və otaq düzəltdirmişdir. Bu yer Suluq adlanır, Zəfərnamədə[33] isə Suluqay şəklində qeyd edilmişdir.

      Karamzin və başqalarının yazdıqlarına görə, İrtış və Yayıq çaylarının kənarlarında yaşayan türklər güclü bir tayfa olmuşlar. Bunlar Çin və İran ölkələrinə basqın edirdilər. Miladi 580-ci ildə Qara dənizin şimal-şərq sahillərini Krım ölkəsinə qədər istila etmişdilər. Lakin o ildə, Avar tayfası ilə etdikləri müharibə nəticəsində, bu yerlər əllərindən çıxmışdır.

      Rum qeysəri Tiberinin elçisi dost olduqlarını bildirmək üçün türk xanının yanına gəlmişdi. Xan ona dedi: «Siz o rumlular deyilsiniz ki, on dildə danışıb hamısı ilə də insanları eyni dərəcədə aldadırsınız? Biz türkük, yalan və aldatmaq bilmərik; bunu da bilməlisiniz ki, mən sizin padşahınızdan intiqam almaq üçün fürsət axtarıram. O öz dostluğu ilə məni arxayın etmək istəyir, lakin bizdən qaçan avar qullarımızı himayə edir. Deyirsiniz, sizin məmləkətə ancaq Qafqazdan keçmək olar. Mən Don və Dnepr çaylarının yataqlarını öyrənərək, avarların Rum ölkəsinə haradan və necə keçmiş olduqlarını təyin edəcəyəm, eyni zamanda sizin gücünüzü də biləcəyəm. Bilməlisiniz ki, məşriqdən məğribə qədər bütün aləm mənim itaətimdədir…»

      Miladi 581-ci ildə, türk ölkəsi şərqi və qərbi deyə iki yerə bölündü. Bu ölkələrin hər ikisi müxtəlif tayfalarla olan müharibələr nəticəsində zəif düşdü. Sonralar yenə (qüvvət tapıb) hər tərəfdən baş qaldıraraq, bütün ətrafı fitnə və fəsad ilə doldurdular.

      2. Xəzərdir. Bu da bir sıra səfər və köçərilikdən sonra öz qəbiləsilə Atil çayı kənarında yerləşib, bir şəhər salmış və balıq ovu ilə məşğul olmuşdur. Arıdan bal hasil etməyi buna nisbət verirlər. Deyirlər ki, Xəzərin bir oğlu ölür, onun cənazəsini qəbilə yığıncağında çalğı ilə – suyun ziddi olan odda – yandırır (Xəzər bununla sudan intiqam almaq istəyir), çünki atası Yafəs dənizdə batmışdı.

      Xəzər tayfası türk cinsindəndir, erməni tarixləri üçüncü, Avropa tarixləri dördüncü əsrdən başlayaraq onlardan bəhs edir. Hacı Tərxan (Həştərxan) çöllərində hunların istilası zamanı, onlar Atillanın hökmü altında olmuşlar.

      D'Anvil yazır: V əsrin əvvəllərində, tatarlardan Tulun və ya Turun adlı bir əmir, özünü Xəzər xaqanı adlandırdı. 626-cı ildə Rum qeysəri Herakli, Xəzər tayfasını iranlılarla müharibəyə apardı və bu ildə xaqanı oğulluğa götürüb başına tac qoydu.

      Rum qeysəri II Yustinian Tiberidən qaçıb xaqanın yanına getdi və onun qızı ilə evləndi. Qeysər Lev də xaqanın qızını öz oğlu Qostəntin üçün aldı. Qeysər Lev də (Xəzəri) bundan dünyaya gəldi.

      Xəzərlər iki dəniz (Xəzər və Qara dəniz) arasındakı yerləri ələ keçirib, slavyanları və sair qəbilələrdən bir çoxunu özlərinə tabe etdilər; Rum sultanları ilə dost olub Qafqaz, Ermənistan və Azərbaycan ölkələrindən keçərək, fars və ərəb padşahları ilə müharibəyə girişdilər.

      Karamzinin yazdığına görə, Atil şəhəri Atil çayı kənarında olub, xaqanın paytaxtı idi. Bu şəhəri Nuşirəvan bina etmişdir. Xəzərlər hunların və sair türk tayfalarının əksinə olaraq, tikinti işlərinə həvəskar imişlər. Don kazaklarının mülkündə olan Sarkel qalası, Xarkov şəhəri yaxınlığındakı Xaqan adlı şəhər xarabası və Voronej ətrafındakı СКАЧАТЬ



<p>30</p>

Məhəmməd ibni Cərir Təbəri – IX əsrin ən məşhur tarixçisidir. Hicri 224-cü (=838/39) ildə Təbəristanın Amül şəhərində anadan olmuş və 310-cu (=923) ildə Bağdadda vəfat etmişdir. «Tarixülüməm vəlmüluk» və eyni zamanda «Əxbarürrüsül vəlmüluk», «Tarixi-Cəfəri» və «Tarixi-Təbəri» adı ilə də məşhur olan əsəri ən mühüm tarixi mənbələrdən sayılır.

<p>31</p>

Həmdulla Mustovfi Qəzvini – elxanilər dövründə yetişən məşhur tarixçilərdən biridir. Təqribən hicri 680-ci (=1281/82) ildə anadan olmuş və 750-ci (=1349/50) ildə vəfat etmişdir. Həmdullah biri coğrafiyaya və ikisi tarixə aid olmaqla üç əsər yazmışdır. Bunlar da: «Nüzhətülqülub», «Tarixi-güzidə» və «Zəfərnamə» adlı əsərləridir. Onun ən mühüm əsəri «Tarixi-güzidə» sidir.

<p>32</p>

«Xülasətüləxbar» – Xandəmirin əsəridir. O, babasının «Rövzətüssafa» adlı əsərini ixtisar edərək «Xülasətüləxbarı» yazmışdır.

<p>33</p>

Şərəfəddin Əli Yəzdinin əsəridir. Teymur dövrünün tanınmış tarixçisidir. Yəzd şəhərində anadan olmuş və hicri 858-ci (=1454) ildə vəfat etmişdir. Onun yazmış olduğu «Zəfərnamə», Teymurun tarixi hadisələrini təsvir edən mənbələr içərisində mühüm yer tutur. Teymurun tarixinə aid «Zəfərnamə» adlı iki əsər daha vardır. Bunlardan biri Nizaməddin Şaminin «Zəfərnamə» sidir. Bu kitab Teymur zamanında və onun əmrilə yazılmışdır. İkinci də məşhur Əbdürrəhman Caminin bacısı oğlu Hatifinin mənzum «Zəfərnamə» sidir. Hatifi, «Teymurnamə» adı ilə də adlanan bu əsərini Şərəfəddin Yəzdinin tarixini əsas tutaraq nəzmə çəkmişdir.