On zənci balası. Агата Кристи
Чтение книги онлайн.

Читать онлайн книгу On zənci balası - Агата Кристи страница 6

Название: On zənci balası

Автор: Агата Кристи

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952244380

isbn:

СКАЧАТЬ Con Uorqreyv! Siz Eduard Sitonun 10 iyun 1930-cu ildə baş vermiş ölüm hadisəsinə görə təqsirli bilinirsiniz!

      Müttəhimlər! Özünüzü müdafiə eləmək üçün nə deyə bilərsiniz?

      Bu sözlərdən sonra səs kəsildi. Hamı yerində donub-qalmışdı. Elə bu vaxt Rocersin əlindəki məcməyi yerə düşdü, içindəkilər döşəməyə dağıldı. Dəhlizdən əvvəl çığırtı səsi eşidildi, sonra kimsə tappıltı ilə yerə yıxıldı.

      Ayaq üstə olan cənab Lombard tez dəhlizə tərəf cumdu. Missis Rocers huşsuz halda yerdə uzanmışdı.

      – Entoni, – o, cavan oğlanı səslədi, – kömək elə!

      Entoni Marston iti addımlarla dəhlizə tərəf getdi. Həkim Armstronq da onun arxasınca yollandı. Kişilər köməkləşib qulluqçunu divana uzatdılar. Həkim qadını müayinə edəndən sonra dedi:

      – Qorxulu bir şey yoxdur, sadəcə, huşunu itirib. Birazdan özünə gələr.

      – Görəsən, o danışan kim idi? – Vera dilləndi. – Bu səs haradan gəlirdi?

      – Bu nə axmaq zarafatdır belə! – cənab Makartur hiddətlənmişdi. Onun əlləri əsirdi.

      Cənab Blor da bərk həyəcan keçirirdi. Əl yaylığı ilə tərləmiş üzünü sildi. İçəridəkilərdən yalnız hakim Uorqreyvlə Emili Brent tövrünü pozmamışdı.

      – Deyəsən, – cənab Lombard yemək otağı ilə iç-içə olan otağı göstərib dilləndi, – səs bu tərəfdən gəlirdi.

      Otaqların arasında divar yox idi, yalnız qalın pərdə çəkilmişdi. Çox keçmədən içəridən Lombardın səsi gəldi:

      – Aha! Əlbəttə!

      Hamı yan otağa tərəf cumdu, bircə miss Brent yerindən tərpənmədi. İki otağı ayıran pərdənin arxasına bir kətil qoyulmuş, üstünə qrammofon yerləşdirilmişdi. Lombard qrammofonu işə saldı. Yenə həmin səs eşidildi:

      – Siz ittiham olunursunuz…

      – Susdurun onu! Tez olun, susdurun! – Vera qulaqlarını tutub qışqırdı. – Bu, dəhşətdir!

      Lombard qrammofonu söndürdü. Hamı dərindən nəfəs aldı.

      – Məncə, bu, axmaq zarafatdır, – həkim Armstronq dilləndi.

      – Yaxşı, bəs qrammofonu kim işə salıb? – Marston soruşdu. – Cənab Rocers, bu sizin işinizdir?

      – İsa Məsihə and olsun ki, valda nə olduğundan xəbərim yox idi, bilsəydim, heç oxutdurardım?

      – Yaxşı, deyək ki, sizə inandıq. Lakin yenə də bunun bir izahı olmalıdır, ya yox? – hakim qəzəblə soruşdu.

      – Mən, sadəcə, əmri yerinə yetirdim, – Rocers yazıq-yazıq dilləndi.

      – Kimin əmrini?

      – Cənab Onimin. O əmr etmişdi ki, qəhvə içilən vaxt bu valı qrammofona qoyub səsləndirim.

      – Çox qəribədir, – hakim donquldandı.

      – Müqəddəs Məryəmə and olsun ki, yalan danışmıram. Valda nə olduğundan xəbərim yox idi. Elə bildim musiqi valıdır.

      Lombard cəld valı götürüb baxdı. Valın üstündə bu sözlər yazılmışdı: «Qu nəğməsi».

      – Bu işi belə qoymaq olmaz! – cənab Makartur qeyzlənmiş halda dedi. – Bizi haqsız yerə cinayətdə ittiham eləyir, üstəlik də ələ salırlar. Cənab Onim haqqında bir tədbir görməliyik.

      – Tamamilə haqlısınız, – hakim Uorqreyv dedi. – Amma əvvəlcə gəlin aydınlaşdıraq görək bu cənab Onim özü kimdir axı?

      Elə bu vaxt yan otaqdan artıq özünə gəlmiş qulluqçunun iniltisi eşidildi.

      – Cənab Rocers, xanımınızı öz otağına aparın, – Lombard dedi.

      Həkim Armstronq da Rocersə kömək eləmək üçün otaqdan çıxdı.

      – Cənablar, sizi bilmirəm, lakin mən içmək istəyirəm, – onlar gedəndən sonra Entoni Marston dilləndi. – Gedim görüm, boğazımı yaşlamağa nə tapıram.

      Çox keçməmiş o qayıdıb gəldi. Əlində bir şüşə viski var idi. Cəld qədəhləri doldurdu. Bu vaxt həkimlə cənab Rocers də salona qayıtdılar.

      – Hə, indi bildiklərinizin hamısını bizə danışın, – Uorqreyv Rocersə dedi. – Cənab Onim kimdir?

      – Bu adanın sahibi.

      – Onu biz də bilirik. Deyin görək, necə adamdır?

      – Bilmirəm, cənab, mən onu heç vaxt görməmişəm.

      – Necə yəni bilmirsiniz?

      – Onlar bizi işədüzəltmə agentliyinin vasitəsilə tutublar. Agentlikdən bizə bu barədə məktub göndərmişdilər. Adaya isə dünən gəlmişik. Biz gələndə Onimlər artıq çıxıb getmişdilər.

      – Məktuba baxa bilərəm?

      – Təəssüf ki, mən o məktubu saxlamamışam.

      – Yaxşı, davam eləyin.

      – Bizə hansı gün gəlməli olduğumuzu yazmışdılar. Adadakı evdə hər şey qaydasında idi. Sadəcə, əşyaların tozunu aldıq, bir də, qonaqların otaqlarını hazırladıq. Dünən isə cənab Onimdən daha bir məktub aldım. Məktubda deyilirdi ki, onlar bir az ləngiməli olublar və qonaqları biz qəbul etməliyik. Hə, bir də, yazılmışdı ki, nahardan sonra qəhvə içilən vaxt valı qrammofona qoyum.

      – Heç olmasa, həmin məktubu saxlamısınız?

      – Bəli, cənab, məktub üstümdədir, – Rocers cibindən bir kağız çıxarıb hakimə uzatdı.

      – Qəribədir, – Uorqreyv məktuba diqqətlə baxandan sonra dilləndi. – Makinada yazılıb, özü də Ritsdən göndərilib.

      – Baxa bilərəm? – cənab Blor məktubu Uorqreyvin əlindən aldı. – «Koroneyşn» markalı makinada yazılıb. Çətin ki üstündə barmaq izi qalsın.

      – Bu ev sahibinin nə qəribə adı var: Alek Norman Onim, – Blorun çiyninin üstündən məktuba baxan Entoni Marston dilləndi. – Adamın dili də dönmür.

      – Siz çox maraqlı məqama diqqət çəkdiniz, – hakim dedi. – Məncə, hər birimiz ev sahibi haqqında bildiklərimizi danışmalıyıq.

СКАЧАТЬ