Название: Kataloniyanı Xatırlarkən
Автор: Джордж Оруэлл
Издательство: Alatoran yayınları
isbn:
isbn:
Bir, yaxud iki saat keçdi. Atəş seyrəldi, sonra tamam kəsildi. Bizdən bir nəfər yaralanmışdı. Faşistlər neytral əraziyə bir neçə pulemyot çıxarmışdılar. Lakin təhlükəsiz məsafədə dayanıb gözləyirdilər. Səngərlərimizə hücum etməyə təşəbbüs göstərmirdilər. Deyəsən, ümumən belə niyyətləri yox idi. Sadəcə havaya atəş açır, şənlənir, yəqin ki, Malaqanın süqutunu bayram edirdilər. Məndən ötrü bu hadisənin əsas ibrət dərsi həmin gündən qəzetlərdə çıxan hərbi məlumatlara inamsız yanaşmağım oldu. Çünki faşistlərin baş tutmayan hücum cəhdindən bir-iki gün sonra qəzetlər cəsur ingilis könüllüləri tərəfindən düşmən süvariləri və tanklarının (özü də sıldırım yamacda!) hücumunun qəhrəmancasına dəf edilməsindən yazırdılar.
Faşistlər Malaqanın süqutu haqda vərəqə tullayanda əvvəlcə xəbərin yalan olduğunu düşündük. Ertəsi gün doğruya daha çox bənzəyən şayiələr eşitdik. Sonra isə rəsmi məlumat yayıldı. Tədricən biabırçı hadisənin təfərrüatları üzə çıxdı. Şəhərin bircə güllə atılmadan təslim edilməsi, italyanların cəbhəni qoyub qaçan əsgərlərə deyil, mülki əhaliyə hücumu, bir yolla canlarını qurtarmağa çalışan yerli sakinləri uzun müddət izləmələri və pulemyot atəşinə tutmaları məlum oldu. Yenilik ön cəbhədəki əsgərlər üzərində çox pis təsir buraxdı. Hamı yekdilliklə Malaqa-nın xəyanət qurbanı olduğunu düşünürdü. Mən ilk dəfə idi ki, xəyanət və düşmənə münasibətdə fikir ayrılığı barədə eşidirdim. Mən ilk dəfə idi ki, həqiqətin kimin tərəfində olduğunu qəti bildiyim bu müharibəyə şübhə ilə yanaşmağa başlamışdım.
Fevralın ortalarında Monte Okuranı tərk etdik, cəbhənin həmin nöqtəsindəki P.O.U.M. könüllüləri ilə birlikdə Xueskunu mühasirəyə alan orduya qoşulduq. Yük maşınları bizi qırov basmış düzənliklə təxminən səksən kilometlik məsafəyə apardı. Yolun hər iki tərəfində budanmış üzüm başları və torpağın altından yenicə baş qaldıran arpa zəmiləri uzanıb gedirdi. Yeni mövqeyimizin dörd kilometrliyində oyuncaq şəhərciyə bənzəyən Xuesku görünürdü. Hələ neçə ay əvvəl, Sietamo ələ keçiriləndən sonra respublika ordusuna komandanlıq edən general gülə-gülə “Sabah Xueskoda qəhvə içəcəyik” – demişdi. Amma belə olmamışdı. Bir neçə qanlı hücum hazırlanıb həyata keçirilsə də, şəhər möhkəm dayanmışdı. “Sabah Xueskoda qəhvə içəcəyik” – sözləri isə orduda lətifəyə çevrilmişdi. Əgər nə zamansa yolum bir də İspaniyaya düşsə, mütləq Xueskoda qəhvə içəcəyəm.
V
Martın sonlarına qədər cəbhənin Xuesko altındakı şərq hissəsində heç bir hadisə baş verməmişdi. Demək olar ki, heç bir hadisə. Düşməndən min iki yüz metrlik aralıda səngər salmışdıq. Faşistlər geri oturdulub Xueskoda möhkəmlənəndən sonra respublika ordusu düşməni təqib etməyə xüsusi səy göstərməmişdi. Bu səbəbdən də cəbhə xətti şəhər ətrafında nal kimi əyilmişdi. Sonrakı hücumlar nəticəsində çətin də olsa, naslvari əyrini bir az düzəltmək lazım gəlmişdi. İndi düşmən elə bil, yox kimi idi. Bizim fikrimizi isə sadəcə iki şey məşğul edirdi: necə qızınmaq və yeməyə haradan bir şey tapmaq. Əlbəttə, bu ayrı heç nəyə maraq göstərmədiyimin dəlil-sübutu sayıla bilməz. Maraqlar barədə sonra yazacağam. İndi isə hadisələrin ardıcılığını pozmadan respublikanın daxili siyasi vəziyyəti haqqında təsəvvür yaratmağa çalışacağam.
Əvvəlcə müharibənin siyasi tərəfinə elə də əhəmiyyət vermirdim. Yalnız onun içərisinə düşəndən sonra siyasətlə maraqlanmağa başladım. Əgər partiya siyasətinin dəhşətləri sizə maraqlı gəlmirsə, səhifələrin üstündən oxumadan ötüb keçə bilərsiniz. Təhkiyəmin siyasi hissəsini də məhz bu məqsədlə ayrıca fəsildə yerləşdirirəm. Həm də ispan müharibəsi haqqında yalnız hərbi baxımdan söz açmaq düzgün olmazdı. Bu, hər şeydən əvvəl siyasi müharibə idi. Cəbhə xəttinin arxasında, respublikaçıların sıralarında gedən partiyadaxili mübarizənin mahiyyətini aydınlaşdırmadan ön xətdə baş verən hadisələri, xüsusən də müharibənin birinci ilinin özünəməxsusluqlarını başa düşmək mümkün deyil.
İspaniyaya gəldiyim ilk vaxtlarda nəinki siyasətlə maraqlanırdım, hətta onun mövcudluğundan bixəbər idim. Müharibə getdiyimi bilirdim, lakin xarakteri haqqında heç bir təsəvvürüm yox idi. Əgər məndən könüllülərin sırasına nə üçün qoşulduğumu soruşsaydılar, belə deyərdim: “Faşizmə qarşı vuruşmaq üçün!” Nəyin uğrunda vuruşduğumu soruşana isə cavabım belə olardı: “Bəşəri dəyərlərin qorumnası naminə!” Mən bu müharibəyə “Nyus-Kronikl-Nyu steytsmen” jurnalının verdiyi tərifi qəbul etmişdim. Orada deyilirdi ki, ispan müharibəsi “sivilizasiyanı Hitlerin maliyyələşdirdiyi polkovnik Blimplərin17 ordusundan qorumaq üçün” aparılır. Barselonanın inqilabi atmosferi məni çox həyəcanlandırmışdı. Lakin bu atmosferin mahiyyətini başa düşməyə can atmamışdım. P.S.U.C., P.O.U.M., F.A.İ., C.N.T18., U.G.T19., J.C.İ20., J. C.U21., AİT kimi yeknəsək adlarla tanınan siyasi partiya və həmkarlar təşkilatlarının kaleydoskopuna gəldikdə isə, onlar məni sadəcə əsəbiləşdirirdilər. İlk baxışdan adama elə gəlirdi ki, İspaniya ixtisar epidemiyasından əziyyət çəkir. P.O.U.M.-un (Barselonaya İ.L.P22. xətti ilə gəldiyimə görə P.O.U.M.-a qəbul edilmişdim) könüllülər dəstəsinin tərkibində olduğumu bilirdim. Lakin partiyalar arasında fərqlərin əhəmiyyətli ağlıma da gəlmirdi. Monte Poçeroda bizdən soldakı mövqelərdə sosialistlərin (P.S.U.C. nəzərdə tutulurdu) dayandığını eşidəndə bərk təəccübləndim və soruşdum: “Məgər biz sosialist deyilik?” Həyatı uğrunda mübarizə aparan xalqın partiyalara bölünməsi mənə səfehlik təsiri bağışlayırdı. Fikirlərimdə sadə bir düşüncəyə əsaslanırdım: “Partiya cəfəngiyyatını bir tərəfə ataq və müharibə ilə məşğul olaq”. Bu həm də ingilis qəzetlərinin СКАЧАТЬ
17
İngilis karikaturaçı rəssamı C. Lounun qəhrəmanı olan küt, səviyyəsiz, cahil, düşünmək qabiliyyətindən məhrum hərbçi surəti. Eyni mövzuda “Polkovnik Blimpin həyatı və ölümü” adlı ingilis hərbi filmi də var. (Tərcüməçinin qeydi)
18
C.N.T. – Confederecion Nacional del Trabaya (İsp)– Milli Əmək Konfederasiyası
19
U.G.T.– Union General de Trabayadoros (İsp.) – Zəhmətkeşlərin Ümumi Həmkarlar İttifaqı
20
J.C.İ. (Junior Chamber İnternational (İng.) – Beynəlxaqq Gənclər Birliyi
21
J.C.U. (Junior Chamber Union (İsp.) – Birləşmiş Gənclər Birliyi
22
I.L.P. International Labour Party (Ing.) -Beynəlxalq Əmək Partiyası