Axşam bizi yenidən dostumuz Napoleonla bərabər axşam yeməyinə dəvət etdilər. Amma bizim miskin düşüncələrimiz hələ şərqin vaxt anlayışı ilə uyğunlaşmamışdı. Dəqiqələr keçirdi, amma maşın gəlib bizi götürmək bilmirdi. Qərb təfəkkürümüzlə nəyisə gözləməyi nə qədər dözülməz hesab edirdiksə, şərq insanı bunu bir o qədər təbii sanırdı. Bir dəfə adamlarımdan biri bir nəfərlə çərşənbə günü saat birdə görüşməli idi, həmin adam növbəti gün səhər 12-yə kimi gəlib çıxmamışdı. Gələndə də kifayət qədər gec gəldiyi üçün üzr istəmişdi. Amma Kuzlinqlə mən heç vaxt bu qədər çox gözləyə bilməzdik. Bir saat yarım keçəndən sonra özümüz başlayardıq getməyə.
Biz böyük bir bağda axşam yeməyi yedik, orada bizi təmiz, gözəl, balaca masalarda əyləşdirib qulluq etdilər. Qiymət kifayət qədər yaxşı idi və orada çox az sayda qonaq vardı. Şərqdən qalxan ay ağacların yarpaqlarının arasından bizə baxıb gülürdü. Qaranlıq yollar bu ölkənin şanlı keçmişi haqqında xəyallar qurmaq üçün çox uyğun idi. Günün yandırıcı istisindən sonra bir neçə cütlük hüzurlu axşamın təravətləndirici havasında rahatlıq tapırdı. Biz sevimli bir gürcü qadının evində idik. Bura fransız zərgər Çardinin 250 il öncə dediyi sözlərə uyğun idi: “Mən deyirəm axı, onları görüb də aşiq olmamaq mümkün deyil. Gəlin bir qədər cəsarətli olaq: çadranı çıxarın! Axı niyə özünüzü gizlədirsiniz? Amma bəlkə saxlayasınız, hər halda xəyal olan dünya ən yaxşı dünyadır”.
Aşağıda köpüklənə-köpüklənə axan Kür torpaqlara bərəkət verərək axır və dənizə tökülür. Biz qəmli gürcü mahnısı dinləyirik:
Qəfildən köhnə yaraların qaysağı qopur,
O, mənim vətənim, bir zamanlar sən
necə bərəkətli, vergili idin.
İndi elə gəlir ki, həmin çağlar artıq gömülüb.
İndi hönkürtü səsləri qulağıma gəlir.
Bağda Moskvadan gələn kampaniya müxtəlif şoular göstərirdi, amma oturub baxmağa yer yox idi. Adəti üzrə onlar mükəmməl performans göstərdilər və axırda sürəkli alqışları haqq etdilər. Rusların necə qabiliyyətli olması həqiqətən diqqətçəkicidir. Eyni sözləri bu qafqazlılar haqqında da söyləmək olar, onlar istənilən səhnə fəaliyyətində ustadırlar. Aktyorluq – istər komediya, istər dram olsun, balet, opera… Hələ mən rəqsdən danışmıram. Bütün tamaşa növləri istənilən əhali təbəqəsi tərəfindən qiymətləndirilir və qəbul edilir. Qeyd etməyə dəyər ki, Moskvadakı Sovet hökuməti məşhur opera və balet əsərlərinin səhnələşdirilməsinə qarşı çıxdığında – bu işlərə büdcədən ayrılan illik vəsait həddən artıq çox olduğundan – əhali etiraz ərizəsi hazırlayıb, imzalayıb mərkəzə göndərdilər. Bildiyim qədər fəhlə sinfinin yekdil etiraz etdiyi yeganə səhnə olub bu. Amma onlar öz baletlərini istəyir, hökumət isə geri addım atmaq istəmirdi.
Səhnə tamaşalarına bu qədər meyllə, bacarıqlı aktyorluqla yanaşı nə geyimlərində, nə rəftarlarında qeyri-adilik nümunəsi sezmək mümkün deyildi. Başlarında yumşaq Lenin kepkaları, əyinlərində ya boz, ya mavi bluza, böyük anlamda yalnız monoton təəssürat oyadırdılar. Heç qadınları da burada rəngarəng geyimlərdə görmədim. Orda-burda rəngbərəng bluzalar, şallar gözə dəyir, amma onlar da bayram geyimləri deyil, yalnız boz rəng əskikdir. Hər tərəfdə işçi sinfin monoton görünüşlü gündəlik geyimləri var. Amma, ola bilsin, yeni cəmiyyətlərdə məhz belə də olmalıdır. Köhnə günlər öz cah-cəlalı, möhtəşəmliyi və bayramları, qızılı ilə ötüb keçmişdir. Bütün xoş köhnə günlər işçi sinfin sayəsində olmuşdu. Artistik nöqteyi-nəzərdən və səhnədə baş verənlər baxımından indi yerləri dolduran “proletariar” idi. Çoxu da ipək geyimdə və çarşabda olan kişilər, qadınlar…
Biz bu izdihamı izlədiyimiz zaman, qəfildən dostumuz Napoleon qarşımızda peyda oldu. Dostları ilə bərabər bizi Tiflisin bütün əyləncə yerlərində axtarmışdılar. Nəhayət, gəlib burada tapmışdı. Növbəti gün olacaq səfərimiz üçün hazırlıqlarla başı çox qarışdığı üçün bu qədər gecikmişdi. İndi isə Kaxet şərabı və musiqi ilə kompensasiya etmək niyyətində idi. Və indi həzin gürcü musiqisinin sədaları altında biz Gürcüstan paytaxtı ilə vidalaşırdıq.
Rusiyada baş verən böyük aclıqların nəticələrini qismən aradan qaldırmaq üçün işləri davam etdirərkən Moskvada Dağıstan Respublikasının prezidenti Samurski ilə görüşdüm. Orada da böyük qəm-qüssə vardı. Və o, məndən səmimi şəkildə şərtləri görüb, tanış olub. Mənə mane oldular, gedib baxa bilmədim və nəticədə ən zəruri tibbi ləvazimatları, dərmanları göndərməklə kifayətləndim. İndicə ondan teleqram almışdım, ürəkdən məni evinə dəvət edirdi ki, qayıdarkən Dağıstana keçim və onun qonağı olum. Bunu etməyə mənə heç nə mane olmadığından, Kvuzlinqə teleqram vurdum ki, iyulun altısı, bazar ertəsi Vladiqafqazda olacam.
Qafqaz dağlarının şərq ətrafından birinci Bakıya, sonra Xəzər dənizi boyunca Dərbəndə, ordan da Dağıstana uzun dəmir yolu səyahətini seçməkdənsə, Qafqaz dağları boyunca Gürcüstan hərbi yolu adlanan yolla ora getmək istəyirdik.
Bizə bu yolda baş verə biləcək bir çox diqqətçəkən əhvalatları danışmışdılar. Bir il öncə, poçt daşıyan düz sərnişinin yanında güllələnib öldürülmüşdü. Sonra isə onların hər şeyini soyub talamış, lüt-üryan yolun ortasında buraxmışdılar. Yazda bir sərnişinin bəxti gətirməmiş və hər iki dizindən güllə yarası almışdı. Bu davakar dağ xalqları, inanılmaz hündürlükdə yerləşən vadilərdə yaşayır və hər kəs burada silahla gəzir və onlar öz yaşayış adət-ənənələrindən qurtulmaqda çətinlik çəkirlər. Amma bizə dedilər ki, yol bu aralar tamamilə təhlükəsizdir. Qafqaz dağları Xəzər dənizi ilə Qara dəniz arasında, cənub-şərqdə Bakı olmaqla, şimal qərbdə Azov dənizinə qədər nisbətən dar silsilədə uzanır. Uzunluğu 1100 km, eni 70-170 km olmaqla 120 min kvadrat km. 700 km uzanan dağların hündürlüyü 3000 km-dən artıqdır, burada yollar dar, keçidlər hündür və təhlükəlidir. 2300 metrdən 3000 metrə kimi dəyişən hündürlüklər tarix boyu şimaldan cənuba, cənubdan şimala insanların köçünü əngəlləməklə təbii sipər rolunu oynamışdır. Belədə, onlar ya Xəzər dənizin şərq sahillərinə doğru, ya da boğazlar, keçidlər vasitəsiylə Qara dənizə doğru köç etmələrini şərtləndirmişdir. Qafqaz dağlarının bir neçə bükülməsi var və mərkəzi bükülmə Terek və Kuban çaylarının mənbələri arasına düşür. Dağ silsiləsinin mərkəzi hissəsi qranit və kristal qayalıqlardan ibarətdir. Onlar təməl qayaya aid ola bilər. Təməl qaya bir çox başqa yerlərdə ağır çöküntü süxurlarından ibarətdir.
Bu mərkəzi bükülmənin şimal hissəsində qayalar üzərində son zamanlar iki vulkan püskürməsi halı qeydə alınmışdır, biri şimal-qərbdə yerləşən Elbrus, yaxud da Cin-Padşah, (5629 m, bura həmçinin Qafqaz dağlarının ən hündür zirvəsidir) digəri isə cənub-şərqdə yerləşən Kazbek zirvəsidir. Bu vulkanik kütlələr Qafqaz sıra dağlarının ən hündür zirvələrini СКАЧАТЬ