Əlvida, silah!. Эрнест Миллер Хемингуэй
Чтение книги онлайн.

Читать онлайн книгу Əlvida, silah! - Эрнест Миллер Хемингуэй страница 6

Название: Əlvida, silah!

Автор: Эрнест Миллер Хемингуэй

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952243840 

isbn:

СКАЧАТЬ Rinaldi gəldi. Axşam düşmüşdü. Bizim baş həkim də onun yanındaydı. Dedilər ki, məni Milana, yenicə açılmış Amerika hospitalına göndərirlər. Ora Amerikadan bir neçə sanitar dəstəsinin gələcəyi gözlənilirdi. Bu hospital İtalyan ordusundakı amerikalılara xidmət etməliydi.

      Rinaldi dedi:

      – Ah, əzizim, siz gedəndən sonra mən neyləyəcəm?

      Mən, sadəcə, gülümsündüm. Məlum oldu ki, miss Barkli də Milana göndərilir.

      Səhəri gün tezdən Milana yola düşdük və ora iki gün sonra çatdıq. Bizi yük stansiyasında düşürtdülər. Sanitar avtomobili məni amerikan hospitalına apardı.

      Hospitalın həyətində sanitarlar xərəyi yerə qoyub binaya girdilər. Qapıçıyla qayıdıb məni götürdülər.

      Lift yavaş-yavaş qalxdı. Biz meydançaya bənzər dəhlizə çıxdıq. Otaqlardan birinin zəngini basdılar. Heç kəs cavab vermədi.

      – Bəs bunlar hanı? – sanitarlardan biri soruşdu.

      Qapıçı qapını döyüb içəri girdi. Qayıdanda arxasınca gözlük taxmış, şəfqət bacısı geyimində qoca bir qadın gəlirdi.

      – Mən italyanca başa düşmürəm, – o dedi.

      – Burda məni bir otağa yerləşdirmək lazımdır, – ingiliscə dedim.

      – Bircə palata da hazır deyil. Biz hələ heç kəsi gözləmirdik.

      – Allah xatirinə, məni bura yerləşdirin! – bükülmüş ayaqlarımda ağrı getdikcə şiddətlənirdi. Qapıçı ağsaçlı şəfqət bacısıyla uzaqlaşdı, tez də geri qayıtdı.

      – Ardımca gəlin, – o, sanitarlara dedi. Məni uzun dəhlizlə apardılar. Pərdələri örtülü bir otağa daxil olduq. İçəridən təzə mebel iyi gəlirdi. Divarın dibində çarpayı qoyulmuşdu. Küncdə iri güzgülü şkaf vardı.

      Məni xərəkdən götürüb çarpayıya uzatdılar.

      Qapıçı çarpayının ayaq tərəfində durmuşdu. O çox mehriban adam təsiri bağışlayırdı.

      – Siz gedə bilərsiz, – qapıçıya dedim, sonra isə qoca qadına səsləndim. – Elə siz də! Ancaq getməmişdən əvvəl adınızı öyrənə bilərəm?

      – Adım miss Uokerdir, – qadın cavab verdi.

      Tezliklə yuxuya getdim, oyananda isə su içmək istədim. Düyməni basdım. Qapı açıldı, şəfqət bacısı içəri girdi. Bu, bayaqkı qadın yox, başqası idi. Cavan və gözəl görünürdü.

      – Sabahınız xeyir, – dedim.

      – Sabahınız xeyir, – deyə o, çarpayıya yanaşdı. – Biz doktoru çağıra bilməmişik. Bu gün bura kimisə gətirəcəklərini gözləmirdik. Sizə nə olub?

      – Mən yaralıyam; dizlərim, pəncələrim… başım da zədələnib.

      – Adınız nədir?

      – Henri. Frederik Henri.

      – İndi sizi yuyunduraram. Ancaq doktor gələnə qədər sarğılara əl vura bilmərik.

      – Bilmirsiz, miss Barkli burda deyil ki?

      – Xeyr, bizdə elə adam yoxdur.

      Bu vaxt miss Uoker əlində pijama ilə gəlib çıxdı. Onlar pijamanı əynimə geydirdilər. Özümü şux və təmiz hiss etdim.

      – Siz çox mehribansınız, – dedim. Miss Heyc adlı digər şəfqət bacısı güldü. Bir stəkan su və pəncərəni açmasını istədim. Pəncərədən damların kirəmiti, tüstü bacaları, onların üstündə isə ağ buludlu mavi səma görünürdü.

      Doktorun nə vaxt gələcəyini soruşdum. Artıq ona xəbər verdiklərini, nə vaxt gələcəyini isə bilmədiklərini söylədilər.

      Şəfqət bacıları gedəndən bir az sonra mən yenə yuxuya getdim. Səhər yeməyindən sonra müdir miss Van-Kampen gəldi. Məni xeyli boş sorğu-suala tutdu. Nə o mənim xoşuma gəldi, nə də mən onun. Bu qadın balacaboy, hər xırda şeydən şübhələnən, lovğa birisi idi. Görünür, italyan ordusunda qulluq eləməyimi rüsvayçılıq sayırdı.

      Müdir çıxandan sonra miss Heyc otağa girdi.

      – Bu saat sizə şam yeməyi gətirərəm.

      – Lazım deyil, – dedim. – Ac deyiləm.

      Buna baxmayaraq o, podnosu gətirib yatağın yanındakı balaca stolun üstünə qoydu. Təşəkkür edib bir az yedim. Sonra qaranlıqda projektor işıqlarının necə dolaşdığını seyr edə-edə növbəti dəfə yuxuya getdim.

      10

      Oyananda, günəş otağı parlaq işığa qərq eləmişdi. Yarıyuxulu olduğumdan öncə elə bildim yenə cəbhədəyəm. Yataqda ayaqlarımı uzatdım. Ayaqlarım ağrıdı. Onlara baxıb çirkli tənzifləri görəndə harda olduğumu xatırladım. Əlimi uzadıb zəngin düyməsini basdım. Tez bir zamanda miss Heyc qarşımda peyda oldu.

      – Sabahınız xeyir, – dedi. – Necə yatdınız?

      – Yaxşı. Təşəkkür edirəm, – dedim.

      – Sizin soruşduğunuz miss Barkli gəlib.

      – Doğrudan?

      – Bəli. O mənim xoşuma gəlmədi.

      – Əminəm ki, sonra gələcək. O, çox yaxşı qızdır.

      – Zəhmət olmasa, bir az belə çəkilin. Sizi səhər yeməyinə hazırlayım.

      O mənim əl-qolumu, üz-gözümü ilıq su ilə yudu.

      – Olmaz ki, səhər yeməyindən əvvəl bərbər çağırasınız?

      – Bu saat qapıçıya deyərəm.

      Bir az keçmiş qapıçı bərbərlə içəri girdi. Bərbər bığları yuxarı eşilmiş, əlli yaşlarında bir kişiydi. Üzümü sabunlayıb işə başladı. Mısmırığını sallayıb təkəbbür satırdı.

      – Niyə susursunuz? Təzə xəbərlərdən danışın, – dedim.

      – İndi müharibə gedir, nə danışım. Düşmənin hər yerdə qulağı var. Xahiş edirəm, başınızı tərpətməyin. Ülgüc itidir. Bir şey deməyəcəyəm.

      – Axı sizə nə olub?

      – Mən italyanam. Düşmənlə nə söhbətim?

      O, işini bitirdi. İstədiyi pulu, üstəlik СКАЧАТЬ