Название: Sonuncu düym
Автор: Ceyms Oldric
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952243338
isbn:
Sonuncu düym! Ben dərhal mühərriki söndürdü və ayaq əyləclərini basdı, təyyarənin burnu yuxarı qalxdı, maşın sahildə dayandı. Suya altı, ya da yeddi fut qalırdı.
Bu kiçik körfəzi kəşf edən iki pilot onun adını Köpəkbalığı körfəzi qoymuşdu. Onun formasına görə yox, orada yaşayan məxluqlara görə. Bu körfəzdə daim iri köpəkbalıqları üzüşürdü. Onlar buraya daldalanmaq məqsədilə gələn siyənək və kefal balığı karvanının dalınca Qırmızı dənizdən gəlirdi. Ben də bura köpəkbalıqlarına görə gəlmişdi. Bura, körfəzə gəldikdən sonra isə uşağı tamam unutmuşdu, sadəcə vaxtaşırı ona göstərişlər verirdi. Gah təyyarədən nəyisə boşaltmağa kömək etməsini, gah içi ərzaqla dolu kisəni yaş quma basdırmasını, sonra qumun üstünə dəniz suyu töküb onu nəmləndirməsini, gah da alətləri və akvalanq, eləcə də kameralar üçün lazım olan ləvazimatları gətirməsini istəyirdi.
– Bəs bura nə vaxtsa, kimsə gəlib eləyir? – Devi ondan soruşdu.
Bərk məşğul olduğundan oğlanın dediklərinə fikir verməyə vaxtı olmamasına baxmayaraq sualı eşitcək başını buladı:
– Heç kim! Bura ancaq yüngül təyyarə vasitəsilə gəlmək olar. Maşındakı iki yaşıl kisəni mənə gətir, başına da bir şey ört. Bircə günvurman çatışmırdı!
Devi daha sual vermədi. O, atasından nəsə soruşanda onun səsi dərhal sərtləşirdi. Uşaq sual verəndə kobud bir cavab alacağını gözləyirdi. Oğlan söhbəti davam etdirməyib verilən tapşırıqları yerinə yetirməyə çalışırdı. O, atasının şəffaf sularda köpəkbalıqlarını çəkmək üçün akvalanq və sualtı çəkilişlər üçün kinoaparatı hazırlamasına diqqətlə baxırdı.
– Bax a, suya yaxın gəlmə! – atası əmr etdi.
Devi cavab vermədi.
– Köpəkbalıqları mütləq səndən bir tikə qoparmağa çalışacaqlar, ələlxüsus da suyun üzünə çıxsalar. Suya ayağının ucuyla da girmə!
Devi başını tərpətdi.
Ben oğlanı necəsə sevindirmək istəyirdi, amma uzun illər ərzində buna nail ola bilməmişdi. İndi isə, çox güman ki, gec idi. Uşaq anadan olanda, ilk addımlarını atıb yeriməyə başlayanda, yeniyetmə yaşına çatanda Ben daim səmalarda olurdu, aylarla oğlunu görmürdü. Koloradoda da, Floridada da, Kanadada da, İranda da, Bəhreyndə də, burada, Misirdə də belə olmuşdu. Uşağın qıvraq və şən böyüməsi üçün arvadı Coanna səy göstərməli idi.
Əvvəl-əvvəl Ben uşağı özünə bağlamaq istəyirdi. Ancaq evdə keçirdiyin qısa bir həftə ərzində nəyəsə nail olmaq mümkündürmü? Ümumiyyətlə, yad Ərəbistanın hansısa bir qəsəbəsini ev adlandırmaq olarmı? Coannanın buralardan zəhləsi gedirdi. Oturub doğma Yeni İngiltərənin şehli yay gecələri, aydın şaxtalı qışı və sakit küçələri üçün xiffət çəkirdi. Onu heç nə özünə cəlb etmirdi: nə farenheytlə temperaturun yüz on dərəcə, havanın nəmişliyinin isə yüz faiz olduğu Bəhreynin gil evləri, nə neft mədənlərinin sinklənmiş qəsəbələri, nə də ki Qahirənin tozlu və ədəbsiz küçələri. Ancaq indi qadın evlərinə qayıtdıqdan sonra bütün bu laqeydlik (getdikcə artan və sonda onu lap əldən salan) keçib-getməli idi. Beləliklə, o, oğlanı anasının yanına aparacaq və əgər Coanna, nəhayət, istədiyi yerdə yaşayırsa, heç olmasa, indi uşağı ilə bir az maraqlanar. Hələliksə o buna heç bir maraq göstərməyib, hərçənd evlərinə getdiyi gündən artıq üç ay keçib.
– Ayaqlarımın arasındakı bu qayışı möhkəm dart, – o, Deviyə dedi.
Onun belində ağır akvalanq var idi. İçi sıxılmış hava ilə dolu iyirmi kiloqramlıq iki balon ona suyun altında, otuz fut dərinlikdə bir saatdan artıq qalmağa imkan verəcək. Bundan dərinə enməyin heç mənası da yoxdur. Köpəkbalıqları bunu etmir.
– Suya da daş atma, – atası kinoaparatın silindrşəkilli, su keçirməyən qutusunu qaldırıb qulpundakı qumu təmizləyərək dedi. – Yoxsa ətrafdakı bütün balıqları qorxudarsan. Hətta köpəkbalıqlarını da. Maskanı mənə ver.
Devi qoruyucu şüşəsi olan maskanı ona verdi.
– Mən təxminən iyirmi dəqiqə suyun altında qalacam. Sonra çıxacam və biz səhər yeməyimizi yeyərik, gör bir günəş artıq hara qalxıb. Sənsə hələlik hər iki təkərin ətrafına daş qoy və qanadın altında, kölgədə otur. Anladın?
– Hə, – Devi dedi.
Ben birdən hiss etdi ki, uşaqla çox sərt, amiranə tərzdə danışır. Adətən, o, arvadı ilə, onun laqeydliyindən əsəbiləşərək belə danışardı. Yazıq oğlanın onların hər ikisindən uzaq qaçmasını başa düşmək olardı.
– Məndən narahat olma! – suya girərkən oğlana əmr etdi. Sonra borucuğu ağzına aldı, ağırlıq onu suyun dibinə çəksin deyə kinoaparatı aşağı saldı və suyun altında gözdən itdi.
Devi atasını udan dənizə elə baxırdı ki, guya nəsə görə biləcəkdi. Ancaq heç nə görünmürdü. Təkcə hərdənbir suyun üzündə hava qovuqcuqları peyda olurdu.
Nə uzaqlarda üfüqə qovuşan dənizdə, nə də günəşin yandırdığı ucsuz-bucaqsız sahildə gözə bir şey dəyirdi. Devi körfəzin ən hündür kənarındakı od tutub yanan qum təpəciyinin üstünə dırmaşandan sonra isə arxasında gah hamar, gah da dalğavarı səthi olan qumsallıqdan başqa heç nə görmədi. O bərq vuraraq uzaqlara, qızmar ilğımda əriyən, ətrafda hər şey kimi çılpaq olan qırmızımtıl təpəciklərə doğru uzanırdı.
Təpəciyin aşağısında isə təyyarədən başqa heç nə yox idi. Balaca, gümüşü “Oster”in soyumaqda olan mühərriki hələ də arabir çırtıldayırdı. Devi azadlığı hiss etdi. Yüz mil ətrafda bir ins-cins də yox idi və təyyarədə əyləşib hər şeyi rahatca gözdən keçirə bilərdi. Ancaq yanacağın iyi yenə də onun ürəyini bulandırdı. O, təyyarədən çıxıb altına ərzaq basdırılmış qumun üstünə su tökdü. Sonra sahildə oturub dənizə baxmağa başladı. Düşünürdü ki, birdən atasının lentə almaq istədiyi köpəkbalıqları üzə çıxarlar. Amma heç nə görünmürdü və o, od tutub yanan sakitlikdə, heyifsilənmədiyi, ancaq birdən dərindən hiss etdiyi təklikdə oturub atasının daha heç vaxt sudan çıxmayacağı təqdirdə başına nələrin gələ biləcəyi haqda düşünməyə başladı.
Ben belini mərcana söykəyib hava axınını tənzimləyən klapanla əlləşirdi. O, çox da aşağı enməmişdi, dərinlik iyirmi futdan artıq deyildi, amma klapan müntəzəm işləmədiyindən havanı çətinliklə ciyərlərinə çəkə bilirdi. Bu isə həm yorucu, həm də təhlükəli idi.
Köpəkbalıqları çox idi, amma uzaqda üzür, yaxın gəlmirdilər. Buna görə də onları əməlli-başlı çəkmək СКАЧАТЬ