Название: Ağ gəmi
Автор: Чингиз Айтматов
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952243161
isbn:
– Qıvraq Mömün olmasaydı, görəsən, biz neylərdik!
Nəvəsi də yanında uzaq yerdən gəlmiş bu ahıl kişi bəzən də cavan bir çayçının əlinin altında işləməli olurdu. Mömünün yerinə başqası olsaydı, təhqirdən bağrı çatlayardı. Mömünün isə heç vecinə də deyildi!
Heç kəs də təəccüblənmirdi ki, qonaqların qulluğunda qoca Qıvraq Mömün durur, bax elə buna görə də o bütün ömrü boyu Qıvraq Mömün olaraq qalıb. Qıvraq Mömün olduğu üçün təqsirkar özüydü. Əgər yad bir adam heyrət edib deyəndə ki bu aulun cavanları qırılıbmı, sən yaşda kişi arvadların buyruğuna baxırsan, Mömün belə cavab verərdi: “Mərhum mənim qardaşımdı. (O, buquların hamısını özünə qardaş bilərdi. Buna qalsa, buqular başqa qonaqlara da eyni dərəcədə “qardaş” sayıla bilərdi.) Onun yasında mən də işləməsəm, bəs kim işləyəcək? Axı biz buqular ulu nənənin – Buynuzlu ana maralın öz nəslindənik. O füsunkar ana maral isə sağlığında da, əbədiyyət dünyasında da bizə dostluğu tövsiyə edib…”
Qıvraq Mömün bax belə Mömün idi!
Qocalar da, cavanlar da ona “sən” deyə müraciət edərdilər, ona sataşmaq da olardı – qoca inciməzdi; onun sözünü rədd etmək də olardı – qoca söz qaytarmazdı. Haqlı sözdür: özünə hörmət etdirməyi bacarmayanın camaat günahından keçmir. O isə bunu bacarmırdı.
Həyatda onun əlindən çox şey gəlirdi. Dülgərlik edərdi, sərraclıq edər, taya vurardı; cavanlıqda kolxozda elə tayalar qurardı ki, qışda onu sökməyə heyifsilənərdilər; yağış tayanın üstündən aşağı elə axardı ki, elə bil qaz belindən su süzülərdi. Qar isə qoşaçatılı dama yağan kimi yatardı onun ilanyalı tayalarının üstünə. Müharibə dövründə əmək batalyonunda xidmət edəndə Maqnitoqorsk zavodunun divarlarını hörmüşdü, staxanovçu kimi ad çıxarmışdı. Qayıtdı, məntəqədə ev tikdi, meşəçiliklə məşğul oldu. Köməkçi fəhlə olmasına baxmayaraq, əslində, meşənin qarovulunu da o çəkirdi. Onun kürəkəni Orozqul tez-tez qonaqlıqlara gedirdi. Elə ki böyüklərin güzarı buralara düşdü, bu zaman Orozqul özü meşəni də göstərər, ov da təşkil edər, bu işlərdə ixtiyar sahibi olardı. Mal-qaranın dalınca Mömün gedərdi, arıya da o baxardı. Ömrü boyu işlədi Mömün, ancaq özünə hörmət etdirməyi öyrənə bilmədi.
Üstəlik, Mömünün zahiri görkəmi də ağsaqqal yöndəmi deyildi. Nə təmkini, nə vüqarı, nə də sərtliyi vardı. Sadədil adam idi və onun bu qədirbilinməz insan məcazını ilk baxışdan sezmək olurdu. Həmişə belələrinə öyüd veriblər: “Yaxşı olma, yaman ol! Bax sənə bu da azdır! Bu da azdır! Yaman ol, yaman!” O isə bədbəxtliyindən düzəlmirdi, yaxşı olaraq qalırdı. Gülümsər, qırış-qırış sifəti vardı, gözləri isə daim sual edirdi: “Sənə nə lazımdır? Nə lazımsa, sənin üçün eləyim. Qulluğunda hazıram, bircə de görüm, ürəyin nə istəyir?” Burnu yumşaqdı, ördək dimdiyinə oxşayırdı, elə bil heç qığırdağı yoxdu. Boyu da uca deyildi, yeniyetmə kimi çevikdi qoca. Saqqal sarıdan da bəxti gətirməmişdi. Çənəsində iki-üç sarımtıl tük vardı.
Bəzən belə olur – bir də görürsən yolla boylu-buxunlu bir qoca gedir, saqqalı dərz kimi, quzu dərisindən qatlama yaxalıqlı iri kürk geyinib, başında bahalı papaq, altında şahbaz at, yəhəri də gümüş bəzəkli – müdrikdən, peyğəmbərdən nəyi əskikdir, beləsinə baş əymək də qəbahət deyil, belələrinin hər yerdə hörmət-izzəti var! Mömün isə vur-tut Qıvraq Mömün kimi tanınmışdı. Onun yeganə üstünlüyü bundan ibarət idi ki, kiminsə gözündən düşəcəyindən ehtiyat etmirdi, vəssalam. (Bu cür oturmadın, yersiz danışdın, düz cavab vermədin, elə gülmədin, bu belə olmadı, o belə deyil, elə yox…) Bu mənada Mömün özü də bilmədən son dərəcə xoşbəxt adam idi. Çoxları heç də o qədər xəstəlikdən deyil, nə qədər özlərini olduğundan daha artıq göstərmək azarının əbədi ehtirasından ölürlər. (Kim istəməz ki, ağıllı, ləyaqətli, gözəl, həmçinin zabitəli, adil, səbatlı adam kimi tanınsın?)
Mömün isə belə deyildi. O, qəribə adam idi və onunla olduğu kimi də rəftar edirdilər.
Mömünün bircə şey bərk xətrinə dəyə bilərdi: kiminsə yas mərasimini keçirməkdən ötrü qohum-əqrəba məşvərətinə onu unudub çağırmasınlar… Belə halda o inciyərdi və ciddi iztirab çəkərdi; özü də buna görə yox ki, onu yada salmayıblar, yox, onsuz da məşvərət zamanı o heç nə həll eləmirdi, yalnız orada iştirak edirdi, ondan inciyərdi ki, qədim adəti yerinə yetirmək borcu pozulurdu.
Mömünün öz dərdi-səri vardı, bunlardan əzab çəkərdi, gecələr bunları xatırlayıb ağlayardı. Yad adamlar bu barədə, demək olar ki, heç nə bilmirdilər. Özününkülərə isə bu agah idi. Mömün nəvəsini avtodükanın yanında görəndə dərhal anladı ki, oğlan, nədənsə, pərtdir. Satıcı gəlmə adam olduğundan qoca əvvəlcə ona müraciət etdi. Cəld yəhərdən endi, dərhal iki əlini də satıcıya sarı uzatdı.
– Əssəlam-əleyküm, taciri-müəzzəm! – o, yarızarafat, yarıciddi dedi. – Karvanının qədəmləri uğurludurmu, alverin yaxşı gedirmi? – Mömün sevinc içində satıcının əlini silkələyirdi. – Gör nə vaxtdır görüşmürük? Xoş gəlibsən!
Mömünün danışığına, çirkin görkəminə, həmin köhnə kirza çəkmələrinə, qarısının tikdiyi kətan şalvarına, əzik-bürüşük pencəyinə, yağışdan və günəşdən rəngi solmuş gecə şlyapasına kinayəylə gülümsünən satıcı cavab verdi:
– Karvan karvanlığındadır. Amma bəla burasındadır ki, tacir sizlərə gəlir, siz də baş götürüb meşələrə, dərələrə qaçırsınız. Arvadlarınıza da elə gözağartması vermisiniz ki, qəpik üçün can çəkirlər. Nə qədər mal gətirirsən gətir bura, əlini cibinə salan olmayacaq.
– Bağışla, əzizim, – Mömün pərt halda üzr istədi. – Bilsəydik, gəlirsən, heç yana getməzdik. Pul da ki yoxdur, yoxun üzü qara olsun. Bax payızda kartofu satarıq…
– Danışırsan da! – satıcı onun sözünü kəsdi. – Yaxşı tanıyıram sizi – üfunət qoxuyan bayları. Çəkilmisiniz dağlara, torpaq bol, ot bol. Hər tərəf meşə – üç gün gəzib-dolanmaq olmaz. Mal-qara saxlayırsan? Arı saxlayırsan? Qəpik xərcləməyə xəsislik edirsiniz. Bax bu ipək örtüyü al, tikiş maşını da bir dənə qalıb…
– Vallah, o qədər pulum yoxdur, – Mömün özünə bəraət qazandırmağa çalışdı.
– Elə bilirsən, inanacağam. Simiclik СКАЧАТЬ