Название: Kventin Dorvard
Автор: Вальтер Скотт
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952241815
isbn:
– Alçaq! Sən intiqam alırsan, əclaf!
Amma qaraqabaq adam onun dediklərinə yenə əhəmiyyət vermədi. Cəlladlara kömək üçün daha iki-üç əsgər də qoyub dəstənin başında çaparaq getdi. Dorvard qorxmuş halda ətrafına göz gəzdirdi. O, yoldaşlarının soyuqqanlılığını görüb təəccübləndi. Hətta cəlladlar işə başladıqda da onlar sarsılmadılar. Cəlladların nə görkəmləri, nə də iş qaydaları bir-birinə bənzəmirdi. Lüdovik onların birini Demokrit, digərini Heraklit adlandırırdı.
Demokrit arıq, ucaboylu bir adam idi. Boynuna həmişə iridanəli təsbeh taxan bu adamın üzündə nəsə bir zəhm vardı. Heraklit isə bəstəboy, yupyumru, şən adam idi. Öz qurbanlarına xüsusi şəfqət və mehribanlıqla yanaşardı. Bu iki fərqli adam hamının nifrətini qazanmışdı.
Cəlladlar Dorvardı yavaşca ağaca sarı itələdilər. Sonra dilə tutub dedilər ki, qorxmasın, iş bir anda görülüb bitəcək. Bu an Dorvard ucadan çığırdı:
– Doğrudanmı burada ürəyiyumşaq bir adam da yoxdur? Varsa, gedib Lüdovik Lesliyə xəbər eləsin ki, onun bacısı oğlunu alçaqcasına öldürürlər!
Yaxşı ki, bu vaxt Şotlandiya qvardiyasının nişançılarından biri – Kanningem də burada idi. O dilləndi:
– Bura baxın, hey, cəlladlar! Əgər bu cavan oğlan şotlandiyalıdırsa, mən onu asmağa qoymaram!
– Biz əmri yerinə yetirməliyik, – deyə Demokrit Dorvardın qolundan çəkdi. Kventin nişançının sözlərini eşidib cəlladların əlindən çıxmağa çalışdı.
– Məni xilas elə, yerlim! Şotlandiya naminə! Mənim heç bir günahım yoxdur!
Bu vaxt nişançı qılıncını çəkdi:
– Onlar mənim meyitimin üstündən keçib səni tuta bilərlər!
– Kəndirlərimi kəs, özüm özümü qoruya bilərəm!
Qılıncın bir zərbəsi ilə dustaq azad oldu. Sonra cəld əsgərlərdən birinin üstünə cumub təbərzini onun əlindən qapdı və çığırdı:
– İndi kimin hünəri var gəlsin!
Cəlladlar pıçıldaşdılar. Demokrit digər cəllada dedi:
– Tez get köməyə adam çağır, mən bunları ləngidərəm.
Heraklit atın belinə sıçrayıb getdi.
Əsgərlər isə Demokritə dedilər ki, bu şotlandiyalıları dərhal tərk-silah etmək üçün icazə versin. Ancaq cəllad ehtiyatlı tərpənməyi sevirdi, odur ki Şotlandiya nişançısına müraciətlə dedi:
– Cənab, siz kralın əmrinə qarşı çıxmaqla onu təhqir edirsiniz.
– Axı bu cavanın günahı nədir?
– Cinayətkarın cəsədini ağacdan çıxarmağa cəsarət edib!
– Bu doğrudurmu? – nişançı soruşdu.
– Məni xilas edin, həqiqəti söyləyəcəyəm. Ağacdan asılıb can verən insan gördüm, ipini kəsdim, kimisə təhqir etmək fikrində deyildim.
– Yaxşı, cənab cəllad, o, səhv eləyib. Yəqin, siz də belə bir cavana, özü də ki qərib adama güzəştə gedərsiniz.
Bu vaxt qaraqabaq adam öz dəstəsi ilə bir tərəfdən, Çapıq Lüdovik də bir tərəfdən beş nəfər şotlandiyalı nişançı ilə çaparaq gəldi.
Bu dəfə Lesli bacısı oğluna laqeydlik göstərmədi. Onu görən kimi yanındakılara səsləndi:
– Hey, çəkin qılıncları! Marş irəli!
Aydın idi ki, tərəflər arasında toqquşma başlanacaqdı. Şotlandiyalılar yaxşı silahlanmışdı. Qaraqabaq adam məğlub olacaqlarından şübhələndiyi üçünmü, ya nədənsə əsgərlərinə işarə etdi ki tərpənməsinlər. Leslidən soruşdu ki, o, nə haqla cinayətkarı müdafiə edir.
– Sizin ittihamınız yalandır. Unutmayın ki, Şotlandiya nişançılarına xüsusi imtiyazlar verilmişdir. Yaşasın kral Lüdovik!
Qaraqabaq adam dedi:
– Axı bu oğlan nişançı deyil!
– O mənim bacım oğludur! – Çapıq təntənəli əda ilə deyib səsini ucaltdı və and içdi ki, elə bu gün onu öz məiyyətinə daxil edib.
Qaraqabaq adam inad etdi:
– Amma hər halda, hər şeyi krala ərz edəcəyəm, bu mənim vəzifəmdir.
O bunu deyib atını çapdı, dəstəsi də onun dalınca getdi. Nişançılar bundan sonra nə edəcəkləri barədə müzakirəyə başladılar:
– Öncə gərək bunları rəisimiz Krouforda ərz edib oğlanı siyahımıza salaq.
– Cənablar, bir məni dinləyin, – Kventin dedi, – axı mən hələ bu haqda qərar verməmişəm.
– Onda birdəfəlik qət elə ki, asılmaq istəyirsən. Qabaqcadan deyirəm, səni xilas etməyin başqa yolu yoxdur.
Kəndirdən qurtulan Kventinə bu vəziyyətdə ən acınacaqlı təklif də edilsəydi, razılaşardı.
– Dayıcan, olarmı bu gecə mehmanxanada qalım? – Dorvard dedi.
– Səni sabaha sağ buraxmazlar. Prevo gedəndə boş yerə gülümsəmədi, bu, pis əlamətdir. Onun nəsə fikri var.
– Məsləhət görürəm ki, elə günü bu gün kralın bərbəri Olivye ilə görüşəsən. O, həmişə bizə dost olub. Həm də o, kralla prevodan qabaq görüşəcək, çünki sabah onun üzünü qırxacaq, – Kanningem dedi.
– İndi birbaş qəsrə, uşaqlar!
VII fəsil
Kral qvardiyasının nişançısı
Kventin xidmətçilərdən birinin atına mindi. Kralın qəsrinə sarı yönəldi. Yolda dayısının sorğu-sualına cavab olaraq səhərki əhvalatı ətraflı danışdı.
Onlar qəsrə çatıb bir-birinin ardınca darvazadan içəri girdilər.
Sıra Kventinə çatanda növbətçilər nizələrini çarpazlayıb durmasını əmr etdilər. Qala divarları üstündən oxlar tuşlandı. Bacısı oğlunun yanında qalan Çapıq Lüdovik lazımi izahatı verdikdən sonra Dorvardı keşikçi dəstəsinin nəzarəti altında Kroufordun olduğu binaya ötürdülər.
Şotlandiya СКАЧАТЬ