Название: Heklberri Finnin macəraları
Автор: Марк Твен
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952241419
isbn:
– Salam, Cim! – deyib kolların arasından çıxdım.
O, dizləri üstə çöküb əllərini yanına salaraq mənə yalvarmağa başladı:
– Mənə əl dəymə, əl dəymə! Mən ölüləri heç vaxt incitməmişəm. Mən onları həmişə sevmişəm, onlar üçün əlimdən gələni etmişəm. Gəldiyin yerə, çaya qayıt, qoca Cimi rahat burax, o, səninlə həmişə dost olub…
Mən ona ölü olmadığımı başa salmağa başladım. Nəhayət, onu buna inandıra bildim.
Mən Cimi gördüyümə çox şad olmuşdum. Bundan sonra adada tək-tənha qalıb darıxmayacaqdım. Mənim harada gizləndiyimi onun bir kimsəyə söyləyəcəyindən də qorxmurdum.
Mən danışır, o isə oturub mənə baxır və susurdu.
Nəhayət, mən dedim:
– Artıq hava lap işıqlaşıb. Gəl, səhər yeməyi yeyək. Yaxşı bir tonqal qala.
– Çiyələkdən başqa, bişirməyə bir şey olmayan yerdə tonqal qalamağın nə mənası var?!
– Çiyələk… – deyə mən təəccübləndim. – Sən elə bununlamı dolanmısan?
– Başqa heç bir şey tapa bilməmişəm.
– Cim, bəs sən nə vaxtdan bəri adadasan?
– Səni öldürdükləri vaxtdan bəri.
– Düz o vaxtdan bəri?
– Bəli.
– Demək istəyirsən ki, bu müddət ərzində çiyələkdən başqa, heç nə yeməmisən?
– Xeyr, ser, heç bir şey yeməmişəm.
– Onda sən lap acından ölürsən ki!
– Elədir ki, var. İndi burada lap at da olsaydı, yeyərdim! Vallah, yeyərdim. Bəs sən necə, çoxdanmı bu adadasan?
– Məni öldürdükləri həmin gecədən bəri.
– Ola bilməz! Bəs sən nə yeyirdin? Hə, sənin axı tüfəngin var! Bu, çox yaxşıdır. Sən indi bir şey vur, mən də tonqal qalayım.
Mən qayığı gizlətdiyim yerə getdim. O ağacların arasındakı talada tonqal qalayıncayadək mən un, bir az ət, qəhvə, qəhvədən, tava və qənd gətirdim. Bütün bunları görəndə Cim heyrətdən donub qaldı. Gətirdiklərim ona bir sehir kimi görünürdü. Mən bundan başqa, iri bir naqqa balığı da tutdum, Cim onu təmizləyib qızartdı.
Səhər yeməyi hazır olan kimi onu hərisliklə yedik. Doyunca yedikdən sonra isə dincəlmək üçün otun üstünə uzandıq.
Bir qədər sonra Cim sözə başladı:
– Hek, bir mənə de görüm, əgər sən sağsansa, bəs meşədəki daxmada kimi öldürüblər?
Mən ona hər şeyi olduğu kimi danışdım, o isə dedi:
– Böyük məharətdir! Heç Tom Soyer də bundan yaxşısını düşünə bilməzdi.
– Cim, bəs sən necə bura düşmüsən, səni bura gətirən nədir? – mən ondan soruşdum.
O duruxdu, bir anlıq susdu, sonra dedi:
– Bəlkə, heç deməyim…
– Nə üçün, Cim?
– Hər halda, bir səbəbi var… Ancaq sən mənim haqqımda heç kimə bir şey demə. Deməzsən ki, Hek?
– Desəm, məndən pis adam yoxdur!
– Yaxşı, mən sənə inanıram, Hek. Mən… mən qaçmışam.
– Cim!
– Bura bax, sən söz vermisən ki, heç kimə deməyəcəksən ha, Hek. Heç kimə deməyəcəyini indicə vəd etmədinmi?
– Yaxşı, yaxşı. Söz verdim ki, deməyəcəyəm, demərəm də. Hindu kimi and içirəm ki, heç kimə demərəm. Qoy bunun üstündə mənə hamı əclaf desin, mənə nifrət etsin. Mən heç kimə demərəm, bir də ki, ümumiyyətlə, mən bir daha oraya qayıtmayacağam. Ona görə də danış görək.
– Hə, yaxşı, qulaq as, məsələ belə olmuşdur. Qoca sahibə miss Uotson hey mənə irad tutur, gün verib işıq vermirdi, amma, bununla belə, söz vermişdi ki, məni heç vaxt Orleana satmayacaq. Ancaq mən gördüm ki, son vaxtlar bir qul alverçisi elə hey bizim evin yanında hərlənir, buna görə də narahat olmağa başladım. Axşamdan xeyli keçmiş özümü xəlvətcə qapının ardına verdim, qapı isə bir az aralı idi, dayanıb qulaq asmağa başladım. İçəridə qoca sahibə miss Duqlasa deyirdi ki, məni çayın aşağı tərəflərindəki Orleana satmağa hazırlaşır. Guya ki, satmaq fikrində deyilmiş, amma məndən ötrü səkkiz yüz dollar təklif edirlər, bu qədər puldan isə kim imtina edər?! Miss Duqlas onu dilə tutmağa başladı ki, məni satmasın, ancaq mən daha dayanıb onların nə qərara gələcəklərini gözləmədim, baş götürüb qaçdım.
ÜZƏN EV
Adada gəzib dolandığım zaman maraqlı bir yer görmüşdüm. Bu yer adanın tən ortasında idi. Mən oraya yenidən gedib baxmaq istədim. Cimlə birlikdə yola düşdük və tezliklə gedib oraya çatdıq, çünki adanın uzunu cəmi üç mil, eni isə uzunluğunun dörddə biri qədər idi.
Gəlib çatdığımız yer çox hündür və dik bir təpə, yaxud qırx fut ucalığında kiçik bir dağ idi. Biz güc-bəla ilə bu dağın başına dırmandıq. Hər tərəfi gəzib dolandıq və nəhayət, lap yuxarı bir yerdə yaxşı, geniş mağara tapdıq. Mağara çox böyük idi, içərisi iki-üç otaq bərabər olardı. Mağara Cimin də xoşuna gəldi və biz qərar verdik ki, vaxt itirmədən bütün əşyalarımızı həmin mağaraya daşıyaq.
Cim elə fikirləşirdi ki, biz qayığı xəlvət yerdə gizlətməli və əşyalarımızın hamısını mağaraya daşımalıyıq. Çünki adaya yad bir adam gəlsəydi, orada asanlıqla gizlənə bilərdik.
Biz geri qayıtdıq, qayığı götürüb mağaranın yerləşdiyi tərəfə üzdük və hər şeyimizi oraya daşıdıq. Sonra mağaranın yaxınlığındakı СКАЧАТЬ