Название: Üç Muşketyor
Автор: Александр Дюма
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952241266
isbn:
– Qoy Dartanyan necə bilirsə, elə də eləsin, – Atos dedi. – O bizim hamımızdan ağıllıdır. Öz tərəfimdən bildirirəm ki, mən ona tabe olacağam.
Otağa girən dörd əsgər muşketyorları görüb qapının ağzında dayandı.
– Buyurun, cənablar, buyurun, – Dartanyan onları içəri dəvət elədi. – Biz hamımız kralın, kardinalın sadiq nökərləriyik.
– Elə isə gərək bizə verilmiş əmrin yerinə yetirilməsinə əngəl olmayasınız, – dəstənin başçısı hesab olunan əsgər dilləndi.
– Nə danışırsınız! İstəsəniz, lap sizə kömək də edərik.
– O nə danışır? – Portos donquldandı.
– Sən axmaqsan, sus! – Atos dedi.
– Axı siz mənə söz vermişdiniz ki… – yazıq tacir mızıldandı.
– Biz azadlıqda qalsaq, sizi də qurtara bilərik, – Dartanyan tələsik ona pıçıldadı. – Biz haqda, ələlxüsus da, kraliça barəsində bircə kəlmə də deməyin! Yoxsa hamımızı, elə özünüzü də məhv edərsiniz. – Sonra ucadan dedi: – Buyurun, cənablar, bu adamı aparın!
Dörd dost bir ağızdan and içdi:
– Hamı bir nəfər üçün, bir nəfər hamı üçün!
Əsgərlər Bonasyeni aparandan sonra Portos soruşdu:
– Bu nə işdir gördünüz?! Bu nə murdar hərəkətdir! Üç muşketyorun gözü görə-görə, onlara pənah gətirən bir bədbəxti tutub aparırlar!
Aramis onun sözünü kəsdi:
– Portos, Atos dedi ki, sən axmaqsan. Mən də onun fikrinə şərikəm.
– Heç nə başa düşmürəm. Siz Dartanyanın hərəkətini bəyənirsiniz?
– Əlbəttə, – Atos dedi, – buna görə ona təbrik də düşür.
Dartanyan Portosun sözlərinə məhəl qoymadı.
– İndi də gəlin and içək: hamı bir nəfər üçün, bir nəfər hamı üçün!
Portos mızıldandı.
– Əlini qaldır, and iç! – Atosla Aramis bir ağızdan qışqırdılar.
Portos yoldaşlarından geri qalmamaq üçün əlini qaldırdı. Dörd dost andı təkrar etdi:
– Hamı bir nəfər üçün, bir nəfər hamı üçün!
Siçan tələsi
Bonasyenin mənzili siçan tələsinə dönmüşdü. Oraya gələn hər kəsi kardinalın adamları tutub sorğu-sual edirdilər. Aydındır ki, Dartanyanın yanına gəlib-gedən adamlara bunun dəxli yox idi. Onun çardağına ayrıca yol vardı.
Muşketyorların hər üçü axtarışla məşğul olsa da, Dartanyan evdən bayıra çıxmamışdı. O öz otağını müşahidə məntəqəsinə çevirmişdi: Bonasyenin evinə gəlib tələyə düşənlərin hamısını pəncərədən görürdü. Bundan başqa, otağın döşəməsindən bir neçə taxta çıxarmışdı, aşağı mərtəbədə danışılanların hamısını eşidirdi. Evə gələn adamlar diqqətlə axtarılandan sonra onlardan eyni şeyi soruşurdular: “Xanım Bonasye kiməsə çatdırmaq üçün sizə nəsə verib? Cənab Bonasye öz arvadına, ya kiməsə çatdırmaq üçün sizə bir şey, ya bir tapşırıq verib?”
Dartanyan öz-özünə deyirdi: “Bu adamlar, yəqin ki, Bekingem hersoqunun Parisdə olub-olmadığını, kraliça ilə görüşüb-görüşmədiyini bilmək istəyirlər”.
Bonasye tutulandan bir gün sonra axşam saat doqquzda kimsə çöl qapını döydü. Dartanyan qulağını döşəmədə açdığı yerə söykəyib dinləməyə başladı. Az keçmiş aşağıdan çığırtı eşidildi:
– Cənablar, mən bu evin xanımıyam, mən xanım Bonasyeyəm! Mən kraliçanın yanında xidmət edirəm!
– Biz elə sizi gözləyirdik, – ona cavab verdilər.
Səs-küy qalxdı. Qadın, deyəsən, müqavimət göstərirdi.
Dartanyan Planşeyə tapşırdı ki, tez Atosun, Portosun, Aramisin dalınca qaçsın. Özü isə qılıncını qapıb pəncərədən küçəyə atıldı. Çöldən qapını taqqıldadıb öz-özünə pıçıldadı: “İndi mən də siçan tələsinə düşəcəyəm. Vay mənimtək siçanı tutmaq istəyən pişiklərin halına!”
Qapı açılan kimi Dartanyan siyirməqılınc içəri atıldı. Onlara qalib gəlmək o qədər də çətin olmadı, çünki yalnız əsgərlərin başçısında silah var idi. Bir dəqiqə keçmiş qara geyimli dörd nəfər ürkmüş qarğa kimi bayıra qaçdı.
Xanım Bonasye huşsuz-halsız kresloya yıxılmışdı. İyirmi beş-iyirmi altı yaşlarında gözəl bir qadın idi. Dartanyan yerdə zərif batist yaylıq gördü, yaylığın bir ucuna gerb və tac çəkilmişdi. İlk dəfə Aramisdə gördüyü belə bir yaylığın üstündə az qala onunla vuruşası olmuşdu. Buna görə də yaylığı götürüb qadının cibinə qoydu.
Qadın gözünü açıb qurtulduğunu görəndə sevindi.
– Mən sizin qaçırıldığınızı bilirəm, – Dartanyan dedi, – bəs necə azad oldunuz?
– Məni bircə dəqiqəliyə tək qoydular. Mən də fürsəti fövtə vermədim. Döşəkağıları bir-birinə bağlayıb pəncərədən bağçaya düşdüm, ərimin evdə olduğunu zənn edib qaça-qaça bura gəldim.
– Xanım, kardinalın adamları ərinizi tutub Bastiliyaya apardılar. Siz ehtiyatlı olmalısınız. Mən qovduğum adamlar kömək götürüb indilərdə qayıdacaqlar. Bizi burada tapsalar, batdıq.
– Bəli, bəli, siz haqlısınız! – xanım Bonasye qorxa-qorxa dedi. – Buradan gedək, qaçaq!
Tez evdən çıxdılar. Yolda xanım Bonasye dedi:
– Gərək cənab de La Portu xəbərdar edək. Üç gün ərzində Luvrda baş vermiş bütün hadisələri o danışa bilər. Mən sizə inana bilərəmmi, cavan oğlan?
– Mən krala xidmət etmək üçün, kraliçanın rəğbətini qazanmaq üçün əlimdən nə gəlir, hamısını edərəm, özü də təmənnasız, vicdanla.
– Onda əvvəlcə məni gizlətməyə bir yer tapın.
Atosun evinin yaxınlığında olduqları üçün Dartanyan oranı təklif etdi. Atos СКАЧАТЬ