Название: Bəhlul Danəndə lətifələri
Автор: Группа авторов
Издательство: Altun Kitab
Серия: Folklor
isbn: 9789952240719
isbn:
Günlərin birində Bəhlul bazarda üç qarğını baş-başa bağlayıb, üstünə də bir keçə parçası atıb çadır düzəldir. Özü də girib çadırın içində kef-damaqla qəlyan çəkir.
Uzaq ölkələrdən ticarətə gələn bir dəstə bəzirgan bazarın lap ortasında qurulmuş bir qarğı mərəyini görüb yaxına gəlirlər, baxırlar ki, Bəhlul burada bir kefdədir, gəl görəsən.
Bəzirganlardan biri xəbər alır ki, Bəhlul, bu nə həngamədir düzəldibsən?
Bəhlul deyir:
– Bu, behiştdir, özü də satıram.
Bəzirganlar qəhqəh çəkib gülürlər. Soruşurlar ki, de görək, sənin bu behiştinin qiyməti nədir?
Bəhlul deyir:
– Yüz tüməndir!
Bəzirganlar bir-birinin üzünə baxıb daha bərkdən gülürlər ki, Bəhlul dəli olub. Bəzirganbaşı deyir:
– Bəhlul, cəhənnəmə getməyə razı olaram, amma sənin bu behiştinə o qədər pul vermərəm.
Bəhlul deyir:
– Əgər siz yalvara-yalvara bu behiştə yüz tümən verməsəniz, onda mənə nə istəsəniz deyərsiniz. Bəhlul bilirdi ki, bəzirganlar mallarını satandan sonra geri qayıdacaqlar, özü də yolları elə yerlərdən düşəcək ki, orda daldalanmağa bir yer yoxdur. Hər yan qumlu cəzirədi, yayın günəşi bunların beyninə vurduqca başlarını soxmağa bir toyuq hinini də satın alacaqlar. Odur ki, ata minib, qarğılarını və keçə parçasını götürüb, yollandı həmin yerə. Bəzirganların keçəcəyi yolun üstündə qarğı mərəyini qurub girdi içinə.
Aradan bir xeyli keçdi, bəzirganlar mallarını satıb geri qayıtdılar. Yolda bərk istiyə düşdülər. Bir yer tapmırdılar ki, başlarını ora soxub nəfəs boğan bürküdən canlarını qurtarsınlar.
Bəzirganlar bir də baxıb gördülər ki, budur, Bəhlul, burda, çadırın içində qəlyan çəkir. İstədilər girsinlər içəri, Bəhlul qoymadı. Axırda bəzirganbaşı dedi:
– Bəhlul, on tümən verək, bizi çadıra burax.
Bəhlul dedi:
– Yox.
Dedilər otuz tümən verək, əlli tümən verək. Bəhlul yox deyib durdu ki, yüz tüməndən bircə qəpik də əksik olmaz.
Bəzirganlar baxdılar ki, axşama az qalır, bir-iki saat da dözsələr sərin düşər, odur ki, pulu canlarından artıq bilib başladılar yol getməyə.
Bu dəfə də Bəhlul atını minib kəsə yolla onları qabaqladı. Gəlib bir dərya kənarına çıxdı. Bu yerin iqlimi elə idi ki, hər gün yağış yağırdı, daldalanmağa isə bir yer yox idi. Bəhlul çadırını burada, yol qırağında qurdu. Bəzirganlar ora çatanda bərk yağış yağdı, yolçuları möhkəmcə islatdı. Gördülər ki, bir az da belə getsə, tamam şil-şüt olacaqlar. Gəlib çıxdılar Bəhlulun çadırının yanına, tez özlərini içəri salıb dedilər:
– Bəhlul qardaş, al bu yüz tüməni, behişti ver bizə.
Bəhlul bəzirganlardan yüz tümən alıb çadırı verdi onlara.
DƏMİR AL, KÖMÜR AL
Günlərin birində bir nəfər Bəhlulun yanına gəlib soruşur:
– Danəndə Bəhlul, mən nə alım, nə satım ki, varlanım?
Bəhlul deyir:
– Get dəmir al, kömür al, vur anbara, üstünə də su səp. Bir il qalsın sonra çıxart sat.
Kişi Bəhlulun dediyi kimi eləyir. Üstünə su səpilmiş dəmirlə, kömür rütubət çəkir, ağırlaşır. Kişi satıb xeyli qazanır. Bu qədər qazanc kişini qudurdur, heç kimi saymır, hətta Bəhlula da salam vermək istəmir. Aradan bir müddət keçəndən sonra həmin kişi Bəhlulu dayandırıb yenidən soruşur:
– Ə, Divanə Bəhlul, indi nə alıb-satım ki, yenə xeyli qazanım?
Bəhlul deyir:
– Soğan al, sarımsaq al, vur anbara. Üstünə də su səp. Bir il qalsın, sonra satarsan.
Kişi obaları, kəndləri gəzib nə qədər soğan, sarımsaq var, hamısını alıb doldurur anbara, üstünə də su səpir. Aradan bir il keçir, soğanın, sarımsağın hamısı göyərib xarab olur, çürüyür. Kişi böyük ziyana düşür, qəzəblənib başılovlu Bəhlulun yanına gedir.
– Bəhlul, birinci dəfə mənə ağıllı məsləhət vermişdin, xeyli qazancım oldu, amma ikinci dəfə ağıllı məsləhət vermədin, sözünə baxdım, xeyli ziyana düşdüm!
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.