Aysu. Reyhan Yusifqızı
Чтение книги онлайн.

Читать онлайн книгу Aysu - Reyhan Yusifqızı страница 3

Название: Aysu

Автор: Reyhan Yusifqızı

Издательство: Altun Kitab

Жанр:

Серия: Müasir Azərbaycan ədəbiyyatı

isbn: 9789952241167 

isbn:

СКАЧАТЬ yaxşı dostların var, ay Aysu. Yəqin, indi onları çardaqda düzəltdiyin otağına aparacaqsan.

      Aysu bir neçə saniyə fikirləşib tez qərarını verdi:

      – Xeyr, nənə, səhv edirsən. Ora başqa vaxt qalxarıq. İndi mən şorba bişirəcəyəm.

      Uşaqlar bir-birinə baxdılar:

      – Nə şorba?

      – Biz sənə kömək etsək, necə olar?

      – Lap əla! Getdik.

      Onlar artırmanın baş tərəfində yerləşən mətbəxə getdilər. Əllərini yuyub işə başladılar. Aysu zənbili bir küncə qoyub içini boşaltdı. Şorba üçün lazım olan ərzağı masanın üstünə düzdü. İri mis qazanı plitənin üstünə qoyub içinə yağ tökdülər. Əvvəl soğanı nazik-nazik doğrayıb yağda azca qovurdular, sonra bir neçə bibər, pomidor əlavə etdilər.Taxta qaşıqla qazanı tez-tez qarışdırmaq Fəridə tapşırılmışdı. Leyla kartofu çox səliqə ilə, amma yavaş-yavaş soydu, göyərtini təmizlədi. O, hərdən təkrar edirdi: “Şorba bişirmək nə maraqlı iş imiş!” Ən çətin işləri Aysu özü görürdü. Qazana su tökdükdən sonra duz, istiot, kartof, kök, alça, yarım stəkan düyü və dəfnə yarpağı əlavə etdilər. Axırda da keşniş, şüyüd, cəfəri və ətirli göylər: reyhan, nanə doğrayıb tökdülər. Şorba qaynadıqca, onun ləzzətli iyi hər tərəfə yayılırdı. Nənə həyətdəki stola süfrə saldı, çörək qoydu. Sonra uşaqlara sərbəstlik vermək üçün əl ağacına söykənə-söykənə gedib, həyətin o başındakı çarpayının üstündə uzandı. Nəhayət, Aysu kartof və düyünün yaxşı bişdiyinə əmin olandan sonra təntənəli şəkildə elan etdi: “Şorba hazırdır!” Yeməyi çömçə ilə dərin boşqablara çəkib, süfrə arxasına əyləşdilər. Bir qədər soyumasını səbirsizliklə gözləyib ləzzətlə yeməyə başladılar. Bir azdan qıpqırmızı qızarmış Leyla uşaqların üzünə baxdı:

      – Deyəsən, bir az acıdır.

      – Hə, yəqin, bibər acı imiş, – deyə Aysu təsdiq etdi.

      – Orqanizmimizi yaxşı dezinfeksiya edir, yeyin, – Fərid yekə-yekə danışdı. O, son vaxtlar özü də hiss etmədən, atasının sözlərini təkrarlayır, gələcəkdə özünü onun kimi həkim-cərrah təsəvvür edirdi. Aysu bu sözlərin mənasını başa düşməsə də, bir şey soruşmadı.

      Bibərin acılığı getdikcə daha çox hiss olunurdu. Ağızları yandıqca pörtüb qızaran uşaqlar tez-tez “hoo” eləyir, bir-birinə baxıb gülüşürdülər. Onlar gözləri yaşarmış, pörtmüş halda şorbanı yeyib qurtardılar. Yalnız bu zaman pişiyin yazıq-yazıq miyoldayaraq, bir küncdə dayanıb onlara baxdığına fikir verdilər. Aysu bir tərəfi əzilmiş dəmir qabda ona bir az şorba tökdü. Pişiyin acgözlüklə yeməsinə baxıb əyləndilər. Bir azdan Leyla qardaşının yadına saldı: “Anam narahat qalar”. Uşaqları yola salandan sonra Aysu boşqabları iç-içə yığıb yumağa apardı…

      Sirli otaq

      Saat on ikiyə az qalırdı. Yuxudan durandan çardaqda eşələnən Aysu nənəsinə tapşırmışdı ki, həyətə çıxmasın, evdə otursun. O, yuxarıdakı otağını yığışdırmaq, qonaq qəbul etməyə hazır vəziyyətə gətirmək qərarına gəlmişdi. Çardağın pəncərələrindən həyətə taxta, karton, sınıq stul, kəndir, təkər və s. lazımsız əşyalar atılır, həyət zir-zibillə dolurdu. Nənə dözə bilməyib, başını qapıdan çıxararaq qışqırdı:

      – Ay qız, həyəti gör nə günə qoydun! Yenə sənin beyninə nə dolub?

      Pəncərədən Aysunun pırpız başı göründü:

      – Nənə, həyətə çıxma ha! Zibilin altında qalarsan!

      – Axı niyə həyəti bu günə qoyursan?

      – İndi düşüb özüm yığışdıracağam, – deyə Aysunun təngnəfəs səsi eşidildi.

      Nənə əllərini dizinə vurdu:

      – Rəhmətlik anası kimi tərsdir. Başına bir şey doldumu, qurtardı. Torpağı sanı yaşasın. Heyif, yuxarı dırmaşa bilmirəm, baxardım bir orada neyləyir.

      Bir azdan çardaqda tappıltı kəsildi. Nənə şübhə ilə qulağını şəklədi. Mətbəxin qapısının çırpıldığını eşidincə əl ağacına söykənərək yerindən qalxıb yataq otağından çıxdı və mətbəxə getdi. Heç kəs gözünə dəymədi, sakitlik idi. Nəvəsinin xasiyyətinə yaxşı bələd olan nənə tez yataq otağına dönəndə, Aysunun sandığın üstündəki kilimlərdən birini qoltuğuna vurub, çardağa söykədilmiş nərdivana tərəf apardığını gördü. Nənə kilimin bir ucundan yapışıb dartdı:

      – Ay kələkbaz, qaytar yerinə! Tez ol!

      Aysu nənəsinin fikrinin qəti olduğunu başa düşdüyündən, onun qılığına girməyi qərara aldı:

      – Can nənə, yuxarıdakı otağı elə yaxşı düzəltmişəm ki. Qonaqlarım olacaq, orada oynayacağıq. Nə olar, kilimi ver də! Qurban olum, nənə!

      Bu sözlərin qarşısında aciz qalan qarının ürəyi mum kimi yumşaldı. Əllərini yanına salıb, nəvəsinə güzəştə getməli oldu. Öz-özünə danışdı: “Götürsün də, neynirəm, goruma aparmayacağam ki”.

      Aysu söz verdiyi kimi həyəti də yığışdırdı, sulayıb tərtəmiz süpürdü, zibili yığıb yandırdı. O, dəsmalını götürüb hamama girəndə artıq hava qaralırdı. Nənəsi narahatlıqla soruşdu:

      – Ay Aysu, axşam düşür, qonaqların gəlmədi axı.

      – Nənə, onlar bu gün evdə yoxdurlar, qonaq gediblər, yəqin, sabah gələrlər. Can nənə, otağım elə yaxşı oldu ki. Gəl səni qaldırım, bax.

      – Sən istəyirsən ki, mən bu nərdivandan yıxılım ölüm?!

      – Niyə yıxılırsan ki? Mən sənə kömək edəcəyəm.

      – Qoy oturmuşam, sən canın. Sonra deyərlər nədən öldü? Nərdivandan yıxıldı öldü. Qocanın nərdivanda nə işi var?! Bu yaşımda biabır olaram.

      Sabahı gün səhər, hələ səhər yeməyindən sonra stolun üstü yığışdırılmamış, Aysugilin həyət qapısı cırıldayıb açıldı. Qapının arasından bir-birinin üstündə iki baş göründü. Aysu gülə-gülə onları içəri dəvət etdi. Qızın əlində üstünə kağız salfet salınmış boşqab vardı.

      – Sənə tort gətirmişik, – deyə o, boşqabı Aysuya uzatdı. Bu qayğıdan mütəəssir olan Aysu təşəkkür etməyi belə unudaraq, boşqabı alıb, stolun üstünə qoydu və tortdan iri bir hissə kəsərək ağzına dürtüşdürdü. Uşaqlar ikisi də ağzını ayırıb ona baxırdı. СКАЧАТЬ