Название: Şah Abbas
Автор: Cahid Aydoğmuşoğlu
Издательство: Altun Kitab
Серия: Tarixi yaradanlar
isbn: 9789952244908
isbn:
Şah I Abbas bununla da kifayətlənməyib qızılbaş əmirlərini qiyama təhrik edən saray əyanlarından tacik əsilli Mirzə Abdulla ilə Mirzə Nizamülmülkə ağır pul cəzası kəsdi.
Təcrübəli qızılbaş əmirlərinin qətlindən sonra onların yerinə çoxu şahın uşaqlıq dostu olan, gənc və etibarlı qızılbaş bəyləri sərdar30 təyin edildi. Bu, qızılbaş əşirətləri üzərində şahın nüfuzunun və təsir gücünün artmasına səbəb oldu. Baş verənlər eyni zamanda hökmdarın Mürşidqulu xandan üzülüşməsini təxirə saldı.
Hadisələrin sonrakı gedişi isə şahla baş vəzir arasında münasibətləri kəskinləşdirdi. Belə ki, Mürşidqulu xan bir tərəfdən 18 yaşlı hökmdarla uşaq kimi rəftar eləməyə davam edir, onu tam nəzarətdə saxlayırdı, digər tərəfdən isə öz bildiyi kimi davranaraq dövləti çətin vəziyyətdə qoyurdu. Belə ki, onun Osmanlı imperiyası ilə sülh anlaşmasını gecikdirməsi ucbatından Səfəvi torpaqlarının bir hissəsi əldən çıxdı. Bu da azmış kimi, özbəklərin hücumu zamanı Herata yardım göndərməyi gecikdirdi, nəticədə şahın çox sevdiyi, böyük hörmət bəslədiyi şəhər valisinin – Əliqulu xanın ölümünə səbəb oldu. Hətta Səfəvi xanədanından Həmzə Mirzənin qızı ilə evlənmək fikrinə düşdü. Bu, Şah I Abbası hiddətləndirdi. Gənc hökmdar Heratı özbəklərdən geri almaq üçün çıxdığı hərbi səfər zamanı münasib vaxtın yetişdiyini hiss etdi. Dörd nəfər gənc qızılbaş döyüşçüsünə naibüs-səltənəti öldürməyi əmr elədi. Mürşidqulu xandan zəndeyi-zəhləsi gedən əmirlər şahın buyruğunu can-başla yerinə yetirdilər. Beləliklə, 1588-ci il avqustun 3-də, cümə axşamı gecəsi baş vəzir öldürüldü. Şah I Abbasın başqa bir əmri ilə xanın bütün mal-mülkü Məşhəd hakimi təyin edilən Ümmət bəyə bağışlandı. Mürşidqulu xanın qətlində iştirak edən Ümmət bəyə həmçinin «xan» titulu verildi. Qətlin digər icraçılarından Həsən «xan» ünvanı almaqla bərabər qaravulu-hassi (şahın ox və yayını gəzdirən), Məhəmməd bəy Saruqçi İsfahan hakimi, Allahverdi bəy isə əmir təyin olundu. Beləliklə, Mürşidqulu xanın yorucu himayəsindən qurtulan gənc şah bütün hakimiyyəti öz əlinə aldı və Səfəvi dövlətini müstəqil şəkildə idarə etməyə başladı. Eyni zamanda ustaclıların Səfəvi tarixində oynadığı əhəmiyyətli rol zəifləmiş oldu.
Bəzi tarixi qaynaqların yazdığına görə, əslində, şahın ustaclılardan xoşu gəlmirdi, hətta onlara nifrətlə yanaşırdı. Yəqin, elə buna görə Şah I Abbasın ömrünün sonlarında vur-tut üç əyalətin rəhbəri ustaclı əmiri idi. Onun zamanında sarsıdıcı zərbə alan və dövlət idarəetməsində rolunu itirən başqa bir boy isə təkəlilər oldu. Belə ki, 1596–1597-ci illərdə təkəlilərin çoxu Həmədan bəylərbəyi Kürd Çəkəni Həsənəli bəy tərəfindən öldürüldü.
Beləliklə, Şah I İsmayılın zamanında Səfəvi hökmdarına sidq ürəkdən bağlı olan qızılbaş tayfalarını Şah I Abbasa bağlayan qorxu hissi idi.
Ustaclı və türkmənlərə qarşı həyata keçirilən sərt tədbirlərin əksinə, gənc hökmdar şamlı boyundan çıxan bəylərə etibar edirdi, bu səbəbdən də aparıcı əyalətlərin idarəçiliyini onlara tapşırmışdı.
Onu da deyək ki, I Abbas taxta çıxandan qısa müddət sonra Kirman, Şiraz, Yəzd, İsfahan və Həmədan hakimləri də üsyan qaldırmışdılar. Həmin üsyanlar özbək hücumlarının artdığı, qızılbaş əmirlərinin isə aranı qızışdırmağa çalışdığı vaxta təsadüf eləyirdi. Gənc hökmdar bu qiyamları yatırmaq üçün ya şəxsən özü gedir, ya da aparıcı sərkərdələrindən Qaramanlı Fərhad xanı göndərirdi. Müxalif qüvvələrlə mübarizə bəzi hallarda uğursuzluğa düçar olsa da, sonda I Abbas istəyinə çatdı. Ölkədə asayiş tamamilə bərqərar edildi.
Bir sözlə, Səfəvi dövlətinin gənc şahı hakimiyyətinin ilk illərində bir yandan özbək hücumlarının qarşısını almaqla, o biri tərəfdən isə müxalif qızılbaş əmirlərini zərərsizləşdirməklə keçdi. O, istər daxili, istərsə də xarici qüvvələrlə mübarizədə ciddi uğur qazandı.
Gilan məsələsi
Gilan əyaləti Xəzər dənizinin cənubunda, Elbrus dağlarının şimalında yerləşirdi. Mərkəzi şəhəri isə Rəşt idi. Bu əyalətin hakimi Xan Əhməd idi. O, Şah Abbasın zamanında Osmanlı dövlətinin himayəsinə sığınmışdı.
Bu barədə danışmamışdan öncə qeyd edək ki, Gilan əyaləti hələ xeyli əvvəldən iki hissəyə ayrılmışdı. Bunlardan biri mərkəzi şəhəri vaxtilə Şah I İsmayılın gizləndiyi Lahican olan Biyə Piş, digəri isə mərkəzi şəhəri Rey olan Biyə Pes idi. Biyə Piş Gilanın şərqini, Biyə Pes isə qərbini əhatə edirdi.
1537-ci ildə Biyə Pişin idarəçiliyi o zaman cəmi bir yaşı olan Xan Əhmədə keçmişdi. Şah I Təhmasibin hakimiyyəti dövründə Biyə Pesin hakimi Müzəffər sultan Təbrizdə öldürüldü. Bundan sonra Gilanın qərbi də Xan Əhmədə tapşırıldı. Beləcə, çox kiçik yaşlarında Xan Əhməd bütövlükdə Gilanın hakimi oldu.
Lakin sonradan Səfəvi sarayı ilə problem yaşayan Xan Əhməd zindana atıldı. 1568-ci ildən etibarən o, 10 il boyunca Qəhqəhə və İstəxr qalalarında saxlanıldı. Bu isə onunla Səfəvi dövləti arasında düşmənçilik yaratdı. Xan Əhməd şaha qarşı özbəklərlə gizli müttəfiqliyə can atmağa başladı.
Şah Məhəmməd Xudabəndənin tacqoyma mərasimi zamanı Xan Əhməd zindandan azad edildi. Bunda şahın xatunu həlledici rol oynadı. O, qohumu olan Xan Əhmədə zamin durmuşdu. Azadlığa çıxdıqdan sonra, 1578-ci ildə Xan Əhməd yenidən Gilan hakimi oldu. Hətta Xudabəndə bacısı Məryəm sultanı ona ərə verdi. Beləcə, Xan Əhməd həm Səfəvi xanədanının kürəkəni, həm də təkrarən Gilanın hakimi oldu.
Gilan strateji cəhətdən olduqca əhəmiyyətli bölgədə yerləşirdi. Osmanlı ticarət karvanlarının keçib getdiyi bir bölgə, eyni zamanda ipəkçilik mərkəzi sayılırdı. Əhalisinin xeyli hissəsi sünni olduğundan osmanlıların Gilanla yaxşı münasibəti var idi. Üstəlik, Osmanlı – Səfəvi müharibələri zamanı gilanlılar məhz məzhəb təəssübkeşliyindən çıxış edərək osmanlıların tərəfini tuturdular. İş o yerə çatmışdı ki, Gilan hakimliyində möhkəmləndikdən sonra Xan Əhməd həddini aşaraq I Abbasa məktub yollamış və Osmanlı ilə sülh anlaşması əldə etmək üçün ona məsləhətlər vermişdi. Şah bundan qeyzləndi və Gilan hakiminin məktubunu cavabsız buraxdı. 1590-cı ildə Osmanlı ilə İran arasında sülh müqaviləsi imzalandı. Beləcə, Xan Əhməd ortalıqda qaldı. O, faktiki olaraq Osmanlı sarayının dəstəyindən məhrum qalmışdı. Bununla belə, Gilan hakimi yumşalmaq bilmir, şahın müxaliflərinə sığınacaq verir, saraydan həmin müxaliflərin mərkəzi hakimiyyətə təslim СКАЧАТЬ
30