Xudafərin körpüsü. Фарман Керимзаде
Чтение книги онлайн.

Читать онлайн книгу Xudafərin körpüsü - Фарман Керимзаде страница 5

Название: Xudafərin körpüsü

Автор: Фарман Керимзаде

Издательство: Altun Kitab

Жанр:

Серия: Azərbaycan ədəbiyyatı

isbn: 9789952245059

isbn:

СКАЧАТЬ ərimin namusunu dünyanın ən böyük hökmdarına da dəyişmərəm. O ki qaldı sənə hansı yollasa kömək eləməyimə, bu saat özüm qolubağlı dustağam.

      Məsih Mirzə bacısının sözlərini sakit qarşıladı.

      – Ərə getmək təklifimə bundan başqa bir cavab gözləmirdim. Sağ ol! Halal olsun! Ancaq Şeyxin müridləri mənim tərəfimə keçməsə, işlər yaxşı getməyəcək.

      – Mən Şeyx Heydər deyiləm, ola da bilmərəm. Üstəlik, neçə ildir ki, bu qəfəsdəyəm. Heç nədən xəbər-ətərim yoxdur. Yoldan gəlib yorulmusan, bir az dincəl, sonra daha arxayın danışarıq.

      – Vaxtım yoxdur. Qayıtmalıyam. Məni gözləyirlər.

      Sultanəli qapının dalında dayanıb onların söhbətini dinləyirdi. Dayısının «qayıtmalıyam» kəlməsindən sonra qapını itələyib içəri girdi.

      Sultanəli, sənə nə oldu belə? – Mirzə Məsih bacısı oğlunun qəfil hərəkətindən təəccüblənib soruşdu.

      – Yox, mən Sultanəli deyiləm. Mən Şeyx Sultanəliyəm. Atamın ölümündən sonra Şeyxlik mənə çatıb.

      – Maşallah, maşallah, – Mirzə Məsih bu cavabdan sonra qalxıb onu qucaqladı, sonra bacısı oğlunun iti gözlərinə baxdı, ardınca da onun əlindən öpdü. Sultanəli haqlı idi, Heydərdən sonra şeyxlik ona keçmişdi, odur ki indi bütün müridlərin mürşidi bu uşaq sayılırdı9. Deməli, Məsih Mirzə də, əslində, bacısı ilə yox, Sultanəli ilə danışmalı idi. O hətta bu niyyətini gizlətmədi də:

      – Yaxşı deyiblər, on iki imama yalvarınca, bir Allaha yalvar.

      Dayısının hansı simə vurduğunu yaxşı başa düşən Sultanəli dedi:

      – Dayı, söylədiklərinin hamısını eşitmişəm. Əgər bizi zindandan qurtarmaqla Şeyx Səfi nəslini öz əlində silaha çevirmək istəyirsənsə, mən buna qətiyyən razı deyiləm. Niyə? Çünki müsəlman hökmdarlarının hamısı peyğəmbərin adından danışa-danışa öz bildiklərini eləyiblər. Şeyx Heydərin övladlarının isə qeyrətləri varsa, özləri öz başlarına bir əncam çəkəcəklər. Yoxdursa, onda heç.

      Aləmşahbəyim oğluna gözlərini ağartdı ki, dinməsin. Lakin Sultanəli ürəyini boşaltmışdı. Məsih Mirzə isə heyrət içində idi: hələ də inana bilmirdi ki, bir uşaq bu sözləri deyə bilər.

      – Bacıoğlu, sizin gücünüzdən istifadə eləyib ölkəni möhkəmləndirmək istəyiriksə, buna sevinmək lazımdır. Həm də unutma ki, nəslinizin kökünü kəsmək istəyənlər də var.

      Aləmşahbəyimin fikri isə başqa yerdə idi – oğlunun belə odlu-odlu danışdığını indiyədək eşitməmişdi. Sultanəli həmişə hücrənin bir küncünə çəkilib dəri cildli kitabları vərəqləyirdi. Oxuyurdu, yazırdı, oxuduqlarını yadında saxlamaq üçün təkrarlayırdı. Qardaşı İbrahimlə də məşğul olur, ona oxumaq, yazmaq öyrədirdi. İndi isə birdən-birə beləcə partladı, üsyan elədi. Aləmşahbəyim sevinirdi ki, oğlu belə cəsarətlidir, ağıllıdır. Lakin eyni zamanda ona görə narahat olurdu. Sultanəlinin cəsarəti, ağlı başına bəla ola bilərdi…

      Hökmdar üçün iki baş mövcud idi. Birinci baş həmişə sinəsinə əyilməli, «bəli, bəçeşm» deməlidir. Əgər bu baş dikəlirsə, ağılla beyindəki fikirləri söyləyirsə, öz fikrini izhar eləyib hökmdarla razılaşmırsa, onda həmin baş mütləq kəsilib atılmalıdır. Kəsik baş isə danışmır.

      Məsih Mirzə isə hələ də əl boyda uşağın kamilliyinə heyrət eləyirdi. O başa düşmüşdü ki, Şeyx Heydərin yerində ona layiq övlad var. Bu səbəbdən də dedi:

      – Ya Şeyx, bəyəndim səni, sevdim səni. Sənə biət eləyib inam gətirirəm. Məni də özünə mürid saya bilərsən.

      Qardaşının bu sözlərindən sonra Aləmşahbəyim sevindi, ürəyində bir işıq yandı, o işıq böyüyüb günəş boyda oldu, qadının qəlbindəki bütün şübhələri, qorxuları əritdi.

      Məsih Mirzə isə bacısı oğlunu öyməyə davam edirdi:

      – Bərəkallah sənin dərrakənə. Dayının indiki vəziri sənin yanında boş bir qabdır. Mən taxta çıxan gün bacım oğlunu sağ tərəfimdə oturdacağam.

      – Yəni Ağqoyunlu səltənətinin vəziri olacağam, eləmi? – Sultanəli soruşdu.

      – Bəli.

      – Dayı, bizim nəsildən vəzir çıxmaz.

      – Niyə? Elə hazır vəzirsən.

      – Vəzir tülkü kimi bic, ürəyində «yox» fikirləşib dilində «bəli» deyən adamlardan olur. Bizim isə ürəyimizlə dilimiz həmişə bir olub. Bu da heç bir hökmdarın xoşuna gəlməyib. Onlar yalanı, yaltaqlığı daha çox xoşlayırlar. Yaltaqlanmasan, fikrini düz desən, onda gərək boynunu qılınc altına verəsən.

      Məsih Mirzə tutuldu. «Sultan Yaqub düz fikirləşib. Bunlar vəzirlik yox, hökmdarlıq fikrindədirlər».

      – Mənim vəzirim də, hökmdarım da ağıllı olmalıdır. Amma bir şey də var da, bacıoğlu. Şeyx Səfi nəslinin qəlbində daim sirr dolaşır. Elə bir sirr ki, indiyə qədər onu heç vaxt başqalarına açmayıblar. Bəs ürəyinizdəki həmin sirr niyə dilinizə gəlmir?

      – Hə, o ayrı məsələdir. – Sultanəli bunu deyib nə vaxtsa bıçaqla yonub naxışladığı çubuğu gətirdi, onu ortadan qırdı, sonra isə dayısına göstərdi. – Bunda təəccüblü bir şey yoxdur ki?

      – Nə olmalıdı bəyəm? Ağac parçasıdır də…

      Bundan sonra Sultanəli çubuğun bir tərəfini şamın oduna tutdu. Çubuq alışıb, çırthaçırt yanmağa başladı. Məsih Mirzə izlədiklərindən heç nə başa düşməyib bu işin axırını gözləyirdi…

      – Yanır?

      – Yanır.

      – Niyə yanır? Bunun ki içərisində alov yox idi. Ancaq onu oda verən kimi alışdı və öz-özünə yanmağa başladı. Deməli, alovla aşinalıq onun bətnində idi, batində idi. Nə qədər ki, alova tutmamışdın, yanmayacaqdı.

      – Batindəki həmişə alova çevrilir? – Məsih Mirzə sınayıcı nəzərlə Sultanəliyə baxdı.

      – O baxır batinə və batindəki sirrin xüsusiyyətinə… Bizdən həmişə şübhələnirlər. Qorxurlar ki, hökmdar olmaq fikrinə düşərik. Sən də indi elə bu barədə düşünürdün. Lakin kimsə anlamaq istəmir ki, biz çoxdan hökmdarıq. Öz batini fikrimizin hökmdarı! Biz əbədi bir yolun yolçusuyuq, beş günlük şahlıq səviyyəsinə enmərik. Ona görə sizinlə bizim sövdamız baş tuta bilməz. Anam sizə СКАЧАТЬ



<p>9</p>

Əsil mənası «doğru yol göstərən» olub, keçmişdə sufi təriqətinə başçılıq edən şeyxlərə «mürşid», onların şagirdlərinə və davamçılarına isə «mürid» deyilirdi.