Название: Polyanna
Автор: Элинор Портер
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952242249
isbn:
– Arxayın olun, xanım. Amma siz…
Xanım Polli xidmətçi qızın nə demək istədiyini havada tutdu. Sərt bir səslə onun sözünü kəsdi:
– Mən getməyəcəyəm, Nensi. Buna ehtiyac yoxdur.
Ertəsi gün saat dördə iyirmi dəqiqə qalmış Nensi və qoca Tomun oğlu Timoti qızcığazı qarşılamaq üçün üstüaçıq araba ilə stansiyaya gəldilər.
Bu vaxt uzaqdan qatarın fit səsi eşidildi. Bir qədər sonra qatar stansiyada dayandı. Nensi qatardan düşənlər arasında Polyannanı dərhal tanıdı. Qırmızı donlu qızcığaz hədsiz zərif idi. Sarı saçları hörülmüş və iki tərəfdən çiyinlərinə atılmışdı. Çilli üzündə təbəssüm vardı. Polyanna kimisə axtarırmış kimi, həyəcanla sağa-sola baxırdı.
Nensi qıza yaxınlaşıb çəkingən bir tərzdə soruşdu:
– Bağışlayın, siz… siz xanım Polyanna deyilsinizmi?
Bunu eşitcək qızcığaz Nensinin boynuna sarılaraq dedi:
– Sizi gördüyümə çox şadam! Bəli, mən Polyannayam. Məni qarşılamaq üçün stansiyaya qədər gəldiyinizə görə çox məmnunam. Gələcəyinizi bilirdim. Hə, bilirdim gələcəksiniz, axı başqa cür ola da bilməzdi.
Nensi heyrətlə soruşdu:
– Sizi qarşılamağa gələcəyimi bilirdiniz?
– Əlbəttə, bilirdim. Hətta yolboyu üzünüzü xəyalımda canlandırmışdım da. İnanın ki, necə düşünürdümsə, elə də varsınız!
Nensi nə deyəcəyini bilmədi. Bu vaxt Timoti onlara yaxınlaşdı. Xidmətçi qız onu Polyanna ilə tanış etdi:
– Bu Timotidir. Əgər yükünüz varsa, arabayadək daşıya bilər.
Polyanna Nensinin sözünü kəsib dedi:
– Hə, bir çamadanım var. Onu mənə Xeyriyyə Cəmiyyəti hədiyyə edib…
Beləcə, Polyanna dayanmadan bir neçə dəqiqə danışdı. Nensi, qızcığazın nəhayət ki, susduğunu görüb dərindən nəfəs aldı. Onun çənədən bu qədər möhkəm olması xidmətçi qızı əməlli-başlı yormuşdu.
Çox keçmədi, Polyannanın balaca çamadanı arabanın arxasına yerləşdirildi.
Nəhayət, araba yola düşdü. Beləcə, Polyannanın uzun-uzadı danışmağa başlaması üçün yeni bir fürsət yarandı.
– Araba ilə gəzməyi çox sevirəm! – deyə qızcığaz sözə başladı. – Araba ilə harasa getmək mənim üçün əsl əyləncədir. Burada nə gözəl küçələr var! Şəhəriniz düşündüyüm qədər gözəl imiş. Əslində, belə olacağını bilirdim. Çünki bura haqqında atamdan çox şey eşitmişdim.
Qızcığaz birdən-birə köks ötürüb susdu. Nensi qıza baxdıqda onun çənəsinin titrədiyini gördü. Gözləri dolmuşdu. Amma bir qədər sonra Polyanna yenidən şən görünməyə çalışaraq dedi:
– Hə, atam da bu şəhər haqqında çox şey danışmışdı mənə. Aradan illər keçsə də, vaxtilə yaşadığı şəhəri çox gözəl xatırlayırdı. Yeri gəlmişkən, niyə qara yox, qırmızı don geyindiyimi sizə izah edim. Çünki matəm libası geymədiyimə görə məni qınaya bilərsiniz.
Nensi maraq və təəccüb içində qıza baxırdı. Polyanna sözlərinə davam etdi:
– Qara paltar geyinməməyimin səbəbi budur: yəqin ki, bilirsiniz, Xeyriyyə Cəmiyyətinə bağışlanan əşyalar qutularda gəlir. Gələn son qutudan qara rəngdə heç bir libas çıxmadı.
Polyanna nəfəs dərmək üçün yenidən susdu. Bunu fürsət bilən Nensi sözə başladı:
– Eybi yoxdur. Əmin ola bilərsən ki, tezliklə hər şey qaydasına düşəcəkdir.
– Belə düşündüyünüzə görə çox sevindim. Əslində, mən də sizin kimi düşünürəm. Amma bir yandan matəm libası geyinib, o biri yandan sevinmək heç də asan deyil.
– Necə yəni sevinmək? Bu nə deməkdir? Bəyəm atanızın ölümündə sevinməli nəsə var? – Nensi heyrətlə soruşdu.
– Əlbəttə, var. Axı atam anamla görüşmək üçün cənnətə gedib. Bir dəfə atam mənə demişdi: “Əgər mən nə vaxtsa ölsəm, əsla kədərlənmə. Əksinə – sevin, çünki mən ananla görüşəcəm”.
Polyannanın səsi yenidən titrəməyə başladı:
– Hə, onun üçün çox darıxıram. Atam orada anamla görüşdü. Başqalarıyla da. Hətta mələklərlə də dostluq edə bilər. Mənimsə burada Xeyriyyə Cəmiyyətinin üzvlərindən başqa heç kimim yoxdur. Daha doğrusu, bir az əvvələdək belə idi. Çünki bundan sonra artıq siz varsınız. Atam və anam mələklərin, mən isə artıq sizin – əziz Polli xalamın yanındayam. Sizə çox minnətdaram, Polli xala!
Nensi birdən-birə hər şeyi başa düşdü. Bayaqdan bəri qıza qarşı hiss etdiyi yaxınlıq, doğmalıq narahatlıqla əvəzləndi. Dedi:
– Ah, xanım Polyanna! Siz səhv edirsiniz, çünki mən sizin xalanız deyiləm, mən Nensiyəm.
Polyanna bu sözlərdən çaşıb-qaldı. Təəccübünü gizlətməyərək soruşdu:
– Necə bəyəm, siz Polli xala deyilsinizmi?
– Əlbəttə yox, – xidmətçi qız cavab verdi. – Dedim axı, mən Nensiyəm. Mən Harrinqton malikanəsində işləyən xidmətçiyəm.
Polyanna azacıq fikrə getdi. Sonra narahat bir səslə soruşdu:
– Hər halda, Polli xala var, elə deyilmi? Yoxsa onu uydurublar?
– Əlbəttə var, – bu dəfə Timoti dilləndi, – buna qətiyyən şübhən olmasın.
Timotinin sözləri sanki qızcığazın qəlbinə su səpdi. O, rahat nəfəs alıb susdu. Araya çökən sükutu bu dəfə də Polyanna pozdu:
– Sizə bir şey etiraf edə bilərəm? Polli xalanın məni qarşılamağa gəlməməsinə çox sevindim. Çünki yenidən onun necə bir qadın olduğunu maraqla gözləyirəm. Üstəlik, sizin kimi dostlar da qazandım. Bundan gözəl nə ola bilər, elə deyilmi?
Nensi cavab olaraq gülümsədi. Timoti isə dedi:
– Nensi, kiçik xanımın ağzından bal damır. СКАЧАТЬ