Hekayələr. О. Генри
Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - О. Генри страница 2

Название: Hekayələr

Автор: О. Генри

Издательство: Altun Kitab

Жанр:

Серия: Hekayə ustaları

isbn: 9789952241778 

isbn:

СКАЧАТЬ Amma sən məni onsuz da sevəcəksən, hə? Saçlarım qısa olsa da, həmin qadınam.

      Cim anlaşılmaz baxışlarla otağı seyr etdi.

      – Deməli, artıq sənin hörüklərin yoxdur? – o, mənasız bir inadkarlıqla yenə də soruşurdu.

      – Axtarma, onları tapa bilməyəcəksən, – Della dedi. – Mən ki sənə deyirəm: onları satmışam – kəsdim və satdım. Bu gün Milad axşamıdır, Cim. Mənimlə mehriban ol, çünki sənə görə belə etmişəm. Bəlkə də, başımdakı tüklərin sayını hesablamaq olar, – qadın davam etdi və onun mehriban səsi dəyişib ciddi ahəng aldı, – lakin heç kim, heç kim sənə olan sevgimin ölçüsünü təyin edə bilməz! Kotletləri bişirim, Cim?

      Beləliklə, Cim özünə gəldi. O, Dellanı qucaqladı. Bir az ciddi olaq və bir neçə saniyəlik bu qəhrəmanlardan ayrılıb hansısa başqa məsələləri gözdən keçirməklə məşğul olaq. Hansı çoxdur – həftəyə səkkiz dollar, yoxsa ilə bir milyon? Riyaziyyatçı da, müdrik də sizə səhv cavab verəcək. Sehrbazlar qiymətli hədiyyələr gətirmişdilər, amma onların arasında bir şey yox idi. Hər halda, bu dumanlı eyhamlara sonra aydınlıq gətiriləcək.

      Cim paltosunun cibindən bir bağlama çıxardı və masanın üstünə tulladı.

      – Məni yanlış anlama, Dell, – o dedi, – heç bir saç düzümü məni öz qadınımdan soyuda bilməz. Amma bu bağlamanı aç, o zaman anlayarsan ki, nə üçün əvvəlcə bir az karıxdım.

      Ağ əllər tələsik bağlamanın ipini qırdı və kağızını cırdı. Heyrətdən doğan çığırtı, ardınca isə – əfsuslar olsun! Qadınlara məxsus göz yaşları və iniltilər. Ev sahibinin ehtiyatında olan bütün sakitləşdirici vasitələrdən yubanmadan istifadə etmək lazım gəldi.

      Çünki masanın üstündəki daraq idi. Həmin daraq dəstini – biri arxada, ikisi öndə – Della özü çoxdan Brodvey vitrinlərinin birində görüb bəyənmişdi. Qeyri-adi, əsl bağa çanağından hazırlanmış bu daraqların kənarları onun şabalıdı saçları kimi parıltılı daşlarla bəzədilmişdi. Onlar bahalı idi, Della bunu bilirdi və onlara sahib olmaq arzusunu həyata keçirməməsi ucbatından ürəyi çox ağrımışdı. Daraqlar indi ona məxsus olsa da, artıq gözəl hörüklər yox idi ki, həsrətində olduğu parıltı onları bəzəyə bilsin. Buna baxmayaraq o, daraqları sinəsinə basmışdı və özündə güc tapıb başını qaldırdığı zaman göz yaşları içində gülümsədi:

      – Mənim saçlarım tez uzanır, Cim!

      Bu zaman qadın üstünə qaynar su tökülmüş pişik balası kimi qəflətən yerindən sıçrayıb ucadan dedi:

      – Ah, aman Allah!

      Axı Cim hələ də onun füsunkar hədiyyəsini görməmişdi!.. O, ovcunun içində gizlətdiyi zənciri tələsik ona uzatdı. Qiymətli metal sanki onun çılğın və səmimi sevincinin şüaları altında rəqs edirdi.

      – Məgər gözəl deyil, Cim? Bunu tapana kimi bütün şəhəri dolaşmışam. İndi istəsən, gündə yüz dəfə saatına baxa bilərsən. Saatını mənə ver görüm. Onların birlikdə necə göründüyünə baxmaq istəyirəm.

      Amma Cim onun dediyinə əməl etmək əvəzinə, taxta uzanıb əllərini başının altına qoyaraq gülümsədi.

      – Della, – o dedi, – indi biz hədiyyələrimizi müvəqqəti olaraq gizlətməliyik ki, bir qədər dincələ bilsin. Mən saatı satdım ki, sənin üçün bu daraqları ala bilim. İndi isə kotletləri bişirməyin əsl vaxtıdır.

      Mən sizə səkkizdollarlıq mənzildə yaşayan və heç bir müdrikliyə sığmayan tərzdə bir-birinə ən dəyərli sərvətlərini qurban verən iki səfeh uşaq barədə o qədər də maraqlı olmayan əhvalat danışdım. Amma zəmanəmizin müdriklərinə məlum olsun ki, bu iki nəfər bəxşiş verənlərin ən ağıllısı idi. Bəxşiş verənlər və qəbul edənlər arasında yalnız onlara bənzəyənlər, həqiqətən, ən müdrikdirlər; hər zaman və hər yerdə.

      İNCƏSƏNƏTƏ SEVGİDƏN

      İncəsənəti sevirsənsə, qurban verməkdən qorxmamalısan. İlkin şərt budur. Hekayəmiz bu şərtin, eyni zamanda da onun təkzibinin nəticəsi olaraq meydana gəldi. Bu hekayə məntiqi nöqteyi-nəzərdən orijinal və yeni, ədəbi üslubuna görə isə Böyük Çin səddindən azca qədim olacaq.

      Orta Qərbin əsrlik palıd ağacları arasında və yastı düzənliklərində böyüyən Co Lerrebinin təsviri sənətə böyük yanğısı vardı. O, altı yaşında ikən kartonun üstündə şəhərin su qurğusunu və onun yanından tələsik ötən mötəbər bir sakinini təsvir etmişdi. Yaradıcılıq səyinin məhsulu olan bu şəkil çərçivəyə salınmış, dənələri tək-tək sıralanmış qarğıdalı qıçası ilə yanaşı, aptekin pəncərəsinə qoyulmuşdu. Co Lerrebinin iyirmi yaşı tamam olanda isə o, qalstukunu rahatca bağladı, kəmərini tarım çəkdi və doğma şəhərini tərk edərək Nyu-Yorka yollandı.

      Diliya Keruzer Cənubda, şam ağacı ilə əhatə olunmuş kənddə yaşayırdı və onun fortepianonun altı oktavalıq dillərindən çıxardığı səslər qohumlarının qəlbində elə böyük ümid yaratmışdı ki, məhz onların köməyi ilə pul daxılına “musiqi təhsilini tamamlamaq” məqsədilə şəhərə getmək üçün kifayət qədər pul yığılmışdı. Amma təhsilini necə tamamlayacaqdı – bunu qohumlar əvvəlcədən bilə bilməzdilər… Belə ki, hekayəmiz də elə bundan bəhs edəcək.

      Co və Diliya studiyada rastlaşdılar. Rəssamlığı və musiqini öyrənən cavanlar işıq və kölgə, musiqi, Rembrandtın3 əsərləri, rəsmləri, divar kağızları, Valdteyfel4 və Şopen5 barədə söhbət etmək üçün bura yığışırdılar.

      Co ilə Diliya bir-birinə vurulmuşdular, ya da bir-birindən xoşlanırdılar – zövqünüzə hansı uyğundursa, onu da qəbul edin – və vaxt itirmədən izdivaca girdilər. Çünki (yuxarıda qeyd olunanı yadınıza salın) incəsənəti sevirsənsə, qurban verməkdən qorxmamalısan.

      Mənzil kirayələyib mister və missis Lerrebilər öz təsərrüfatlarını idarə etməyə başladılar. Bu, fortepiano dillərinin ən aşağı lya-diezi kimi uzaq dalanların birində yerləşən gözdən uzaq tənha bir mənzil idi. Ər-arvad xoşbəxt idilər. Onlar bir-birinə məxsus idilər, incəsənət də onlara. Kim cavan və varlıdırsa, ona məsləhətim bundan ibarətdir: mülkünü sat və kasıblara payla… daha yaxşısı isə – bu pulları dalandara ver, qoy öz Diliyası və İncəsənəti ilə birlikdə belə bir mənzildə yaşaya bilsin. Bu mənzilin sakinləri, şübhəsiz, mənim sözlərimi təsdiqləyərlər ki, dünyanın ən xoşbəxt adamlarıdır. Xoşbəxtliyin hökm sürdüyü mənzil darısqal ola bilməz. Qoy üzüüstə yıxılmış komod bilyard masasını, buxarı lövhəsi aynanı, yazı masası qonaq otağını, əlüzyuyan isə fortepianinonu əvəz etsin! Əgər dörd divar üstünüzə СКАЧАТЬ



<p>3</p>

Rembrandt (1606-1669) – məşhur Niderland rəssamı

<p>4</p>

Emil Valdteyfel (1837-1915) – Fransa bəstəkarı, dirijor və pianoçusu

<p>5</p>

Friderik Şopen (1810-1849) – dünya şöhrətli Polşa bəstəkarı, pianoçusu