Название: Qoca və dəniz
Автор: Эрнест Миллер Хемингуэй
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952242683
isbn:
Oğlan dedi:
– Yorğanı çiyninə sal. Nə qədər mənim canım sağdır, səni acqarına balıq tutmağa qoymayacam.
– Səni görüm pir olasan. Özünə fikir ver. Yaxşı, yeməyə nəyimiz var?
Oğlan “Terras” restoranından iki tənəkə qabda yemək gətirmişdi; iki çəngəl, iki bıçaq, iki də qaşıqdan ibarət dəsti isə ayrılıqda kağız əlsilənə büküb cibinə qoymuşdu.
– Bunları sənə kim verdi?
– Restoranın sahibi Martin.
– Onu görəndə gərək razılıq eləyəm…
– Mən razılıq etdim. Sağ ol da dedim, sən deməyə də bilərsən.
– İri balıq tutanda qarnının altındakı yumşaq, ləzzətli ətdən ona yaxşı bir pay göndərərəm. Martin bizə tez-tez əl tutur, kömək edir. Birinci dəfə deyil.
– Elədir.
– Dediyim pay ona azdır. Nə isə əməlli-başlı bir şey verməliyəm. Böyük yaxşılıq etməliyəm. İnsafən yaman qeydimizə qalır.
– İki butulka da pivə verdi.
– Şüşə pivəsinə varam. Əla pivədir.
– Elədir. Özü də “Hauti” firmasının pivəsindəndir; boş şüşələri sabah aparıb verməliyəm.
– Yadından çıxmasın. – Sonra qoca soruşdu: – Yemək yeyək?
Oğlan hörmətlə dilləndi:
– Əlbəttə, yeyək. Bayaqdan səni gözləyirəm. Sənsiz qabın ağzını açmaq istəmirəm.
– Mən hazır, – qoca həvəslə qabağa yeridi, birdən dayandı, – yox, əvvəlcə əl-üzümü yumalıyam.
Oğlan fikirləşdi: “Görəsən, bu qoca harada yuyunur?” Bütün qəsəbə camaatı suyu qocanın komasından iki küçə o yandan, aşağı məhəllədən, yol qırağındakı krandan götürürdü. “Gərək gedib su, sabun, yaxşı bir əl-üz dəsmalı gətirəydim. Gör nə keyəm. Ona bir köynək, qış gödəkcəsi, ayaqqabı, bir də əlavə yorğan tapmaq lazımdır”.
Qoca xörəyi yeyə-yeyə təriflədi:
– Soyutma ət çox ləzzətlidir.
Oğlan xahiş etdi:
– Ustad, beysboldan danış görək. Nə yazıblar? İşlər necədir?
Qoca həvəslə dedi:
– Necə olacaq? Mən deyən kimi. “Yankilər” Amerikada birinci yeri tutub.
Oğlan dedi:
– “Yankilər” bu gün uduzub ki.
– Bir dəfə uduzanda nə olar? Böyük şeydir? Ulu Di Macio özünü bundan sonra göstərəcək.
– Komandanın bütün uğuru ondan asılı deyil ki. Başqa oyunçular da var.
– Orası elədir. Amma onun oyunu ayrı aləmdir. Ondan çox şey asılıdır. Başqa komandalardan “Bruklinlər”, məncə, “Filadelfiya”dan üstündür. Ulu Di Macio birinci, Dik Sisler isə ikinci oyunçudur. Mən belə hesab edirəm. Onun köhnə parkdakı oyunu yadındadır? Necə oynayırdı!
– Topa onun kimi heç kəs zərbə vura bilmir. İndiyə kimi hələ onuntək uzağa top vuran görməmişəm.
– Onun “Terras”a gəlməsi yadındadır? İstədim yaxınlaşıb onu balıq tutmağa dəvət edim. Utandım. Sənə dedim. Dəvət etmədin. Sən də utandın.
– Yadımdadır. Çağırmamaqda böyük səhv etdik. O bizimlə gedərdi. Ömrümüz boyu onunla balıq tutmağa getməyimizdən danışıb fərəhlənərdik.
– Getsəydi, ulu Di Macionu balıq tutmağa elə aparardım ki, özü də razı qalardı, – qoca dərindən köks ötürdü, – deyilənə görə, onun da atası balıqçıymış. Kim bilir, bəlkə də bizim kimi kasıb imiş. Belə olsaydı, oğlu halımızı başa düşərdi.
Oğlan dedi:
– Böyük Sislerin atası dövlətli olub. Mən yaşda olanda məşhur komandalarda oynayırmış.
– Mən sən boyda olanda Afrika sahillərində üzən yelkənli gəmidə yunqa işləyirdim. Axşamüstü şirlər gəlib sahildə gəzirdi. Biz də uzaqdan tamaşa edirdik.
– Bilirəm. Demisən.
Qoca soruşdu:
– Sən bilən, indi nə barədə danışsaq yaxşıdır? Afrika, ya beysbol?
– Məncə, beysboldan danışsaq, yaxşı olar. Mahir Con Mak-Qroudan mənə bir az danış da.
– O, qabaqlar bizim “Terras” mehmanxanasına tez-tez gələrdi. Bərk də içərdi. Özündən çıxıb bərkdən danışardı, kobud rəftar elərdi. Yaman da atbaz idi. Məşhur cıdır atlarının siyahısını həmişə cibində gəzdirərdi. Telefonla danışanda çoxlu at ləqəbi sadalayardı.
– Mak-Qrou mahir idman təlimçisi olub. Atam deyir ki, o, çox ustad təlimçi idi.
Qoca izahat verdi:
– Mak-Qrounu gördüyü üçün Atan elə deyir. Mak-Qrou həmişə bura gələrdi. Əgər Düroşer də onun kimi hər il bura gəlsəydi, atan deyərdi ki, ondan böyük təlimçi yoxdur.
– Sən bilən, kim daha yaxşı təlimçidir: Lyuk, ya Qonsales?
– Mənə elə gəlir ki, ustalıqda onların ikisi də bir olar.
– Dünyanın ən mahir balıqçısı isə sənsən.
– Yox ha! Mən özümdən də yaxşısını tanıyıram.
– Ola bilməz. Dünyasında inanmaram, – oğlan etiraz etdi, – yaxşı balıqçı çoxdur, amma ustalıqda sənə çatan olmaz. Heç kəs sənə tay ola bilməz.
– Çox sağ ol. Bu sözünlə məni sevindirdin. Qorxuram elə yekə balığa rast gələm ki, tuta bilməyəm, biabır olam, sənin də zənnin səhv çıxa.
– Dediyin qədər gücün qalıbsa, dünyada elə balıq tapılmaz ki, sən onu tuta bilməyəsən.
Qoca balıqçı izahat verdi:
– Ola bilsin, gücüm o qədər də qalmayıb, amma mən çoxlu fənd bilirəm. Özüm də amansızam.
– Ustad, СКАЧАТЬ