Hekayələr. Исмаил Шихлы
Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Исмаил Шихлы страница

Название: Hekayələr

Автор: Исмаил Шихлы

Издательство: TEAS PRESS

Жанр:

Серия:

isbn: 978-9952-563-86-3

isbn:

СКАЧАТЬ oxunursa, deməli, o yaşayır”. Bunun belə olub-olmadığını mən bilmirəm. Amma onu qəti bilirəm ki, İsmayıl Şıxlı əsərləri sevilən və oxunan yazıçıdır…”

– İntiqam Qasımzadə tənqidçi, tərcüməçi, “Azərbaycan” jurnalının baş redaktoru

      “Çətin günlərimdə mən səni anıb,

      Köməyə səslədim duyan insanı.

      Ariflər içində çoxdan yaranıb,

      İnsanlıq dastanı – Şıxlı dastanı.”

– Müzəffər Şükür, şair

      ÖN SÖZ

      Xalq yazıçısı İsmayıl Şıxlının (1919-1995) adı Azərbaycanda həm bir yazıçı, həm də bir ictimai-siyasi xadim kimi kifayət qədər geniş tanınır.

      İsmayıl Şıxlı çox ağır, amma olduqca maraqlı bir həyat yolu keçib. O, 1919-cu il mart ayının 22-də Qazax rayonunun II Şıxlı kəndində müəllim ailəsində anadan olub.

      1936-cı ildə gənc İsmayıl Qazax Pedaqoji texnikumunu bitirib Kosalar kəndində müəllimlik edir. Lakin burada çox ləngimir, ali təhsil almaq üçün 1937-ci ildə Bakıya gəlib Lenin adına Azərbaycan Dövlət Pedaqoji institutunun dil və ədəbiyyat fakültəsinə daxil olur.

      İ.Şıxlının tələbəliyi ağır repressiya illərinə təsadüf etdi. İnstitut müəllimlərinin çoxu həbs olunmuşdu, qalanları isə amansız siyasi təqib altında idilər – elə tələbələr də. İ.Şıxlının bəy nəslindən olduğunu, tez-tez institut komsomol komitəsinə sorğu-suala çağırılmasını nəzərə alsaq, onun o dövrkü həyatını, keçirdiyi psixoloji sarsıntıları təsəvvür etmək çətin olmaz…

      1941-ci ildə müharibə başlayır və 1942-ci ildə İ.Şıxlı cəbhəyə gedir.

      Dəhşətli müharibə illərində gənc İsmayıl bir döyüşçü kimi uzun yol keçir: Şimali Qafqaz-Kerç-BelarusŞərqi Prussiya-Pribaltika. Odun-alovun içindən çıxmış, minlərlə ölüm görmüş bu həlim, humanist insanın o dəhşətlərin içindən sağ-salamat çıxması bir möcüzədir.

      1945-ci ilin noyabrında İ.Şıxlı cəbhədən geri dönür. Müharibə bu qalib döyüşçüyə iki şey qazandırmışdı: mərmilər altında möhkəmlənmiş dözüm, mərdlik, kişilik; bir də barıt qoxulu cəbhə gündəlikləri.

      İsmayıl Şıxlı Qazaxda bir il müəllimlik etdikdən sonra doğma institutuna gəlir, aspiranturaya daxil olur. Sonralar o, burada müdafiə edir, elmi dərəcə, elmi ad alır, ən əsası isə həyatını sevimli peşəsinə – müəllimliyə həsr edir. Amma o bir gün də olsun yazıçılıq arzusundan əlini üzməmişdi, qələmdən, bədii yaradıcılıqdan ayrılmamışdı – ömrünün son anına qədər də ayrılmadı.

      “Ayrılan yollar”, “Dəli Kür”, “Ölən dünyam” kimi romanların müəllifi, xalq yazıçısı İsmayıl Şıxlı həm də bənzərsiz hekayələrilə tanınır. İlk hekayələrini II Dünya müharibəsindən evə döndükdən sonra cəbhə təəssüratlarının təsiri altında isti-isti qələmə almışdı. Qeyd edilməlidir ki, yazıçının çox-şaxəli bədii yaradıcılığında hekayə janrı xüsusi yer tutur.

      İsmayıl Şıxlının hekayələri maraqla oxunur, hadisələr uydurma deyil, gerçək həyat materiallarından götürülmüşdür. Yazıçının nə vaxtsa gördüyü, eşitdiyi, yaxud iştirakçısı olduğu əhvalatlardır. Sadəcə, janrın tələblərinə riayət etməklə bədii təxəyyülün süzgəcindən keçirilmişdir.

      İri əsərləri ilə bərabər onun hekayələrində də mənəvi-əxlaqi dəyərlər öz əksini tapır. Bu hekayələr mövzu və məramına görə romanları ilə bir yolda inamla addımlayan nümunələrdir, həyat reallıqlarını, insan psixologiyasını əks etdirir. Bunlar özünün dili, üslubu, poetikası ilə seçilən dəyərli sənət nümunələridir.

      İsmayıl Şıxlı yazmışdı: “Yazılarımın hamısının əsasında gerçək hadisələr, mövcud insanlar dayanır… “Mənim rəqibim”, “Qızıl ilan”, “Görüş”, “ Namus qaçağı”, ”Təyyarə geçikir“ kimi hekayələr öz həyatımla bağlıdır.

      “Mənim rəqibim” hekayəsinin də əsgər şinelli gənc qəhrəmanı İsmayıl Şıxlının özüdür. Müharibədən yenicə qayıtmış bu gənc aspiranturaya imtahan verir. Məlum olur ki, onun rəqibi var və bir yerə iki nəfər iddialıdır. Həmin rəqib isə sonralar məşhur yazıçı olmuş Əzizə Cəfərzadə idi… Rəqibinə sıxıntı gətirə biləcək uğurundan könüllü şəkildə imtina edən İsmayıl Şıxlı əlbəttə ki, aspirantura olaylarından sonra uzun illər yaşayıb-yaradıb və həm həyatda, həm sənətdə möhtəşəm, şərəfli bir yol keçib. Xalq yazıçısı, ictimai xadim, böyük pedaqoq İsmayıl Şıxlı ucaldıqca-ucalıb…

      İsmayıl Şıxlı yaradıcılığının əsas istiqamətlərindən biri əfsanə və rəvayətlər əsasında yazdıqlarıdır. O, xalq arasında yayılmış əfsanə və rəvayətləri mövzu kimi seçmiş, bu mövzulara yeni nəfəs vermiş, poetik, oxunaqlı bir formaya salmış, Azərbaycan dilinin, eləcə də söz sənətinin imkanları baxımından işləmişdi. İsmayıl Şıxlı burada xalqdan öyrəndiklərini xalqın özünə qaytarmaqla həm xalqın yazdıqlarını yaşatmış, həm də özünün bədii təxəyyülünü əsl yazıçı səviyyəsində təqdim etməyi bacarmışdı. Bu əfsanə və rəvayətlərin hər birinin adı arxasında dərin fəlsəfə durur. Elə bir həyat fəlsəfəsi ki, hər bir kəsin taleyinin içindən keçir.

      Xalq müdrikliyindən qidalanan, elin köksündəki söz zirvələrindən qanadlanan ayrı-ayrı əhvalatlar İsmayıl Şıxlının sənətkar qələmində müasir məzmun kəsb edir, böyük fəlsəfi məna qazanır. “Ruzu” adlı əfsanəsinin qəhrəmanı – allahı axtaran kişi deyir: “Onu harada olsa, axtarıb tapacam və soruşacağam ki, niyə dünyanı başlı-başına buraxıbsan? Görmürsən ki, insaf-mürvət qalmayıb, çapovulçuluqdur, dünyanı dağıdırlar? Ona deyəcəm ki, necə rəva görürsən ki, sənin yolundan çıxmayıb, halal zəhmətlə, halal çörəklə dolananlar zillət çəksin, qarnı dolusu çörək, əyni dolusu paltar tapmasın, amma allah yolundan çıxıb şeytana qulluq edənlərin başından var-dövlət tökülsün. Yoxsa istəyirsən ki, saçımızın, saqqalımızın ağ vaxtında yolumuzu azıb, şeytana qulluq edək?”. Bu sözlərdə İsmayıl Şıxlının bütün qəhrəmanlarının amalına işıq salan, onun öz həyat yolunun yönünü, mənasını göstərən bir güc var. Yazıçı ömrü boyu həqiqət, düzgünlük adlı bir “allahın” axtarışındadır.

      İ.Şıxlı vicdanla yaşamış, vicdanı həmişə uca tutmuş bir insan, bir yazıçı olub. Adını kitaba verdiyimiz “Məni itirməyin” əfsanəsini yazıçının gənc nəslə verdiyi mesaj kimi qəbul edirik. “Vicdan köksünü ötürüb üfüqlərə baxdı və titrək səslə dilləndi: – Amanın günüdür, məni itirməyin, itirsəniz, bir də tapa bilməzsiniz”.

      Yazıçının əsl ədəbi örnəklərimizə bağlı olan yolu ümid və nikbinlik doğuran bir yoldur. Xalqa görə də, o özü də xalqın gözündə həmişə ucadır. Elin böyük mənəviyyatı kimi aydın və həmişəbahadır.

Elçin ŞıxlıAzərbaycan Jurnalistlər Birliyinin sədri, əməkdar jurnalist

      Hekayələr

      Qara at

      Arabanın arxa tərəfində cağdan yapışaraq oturmuşdum. Gözümü təkərlərin əyri-üyrü izlərindən çəkmirdim. Neçə gün idi ki, çiskinli payız havası başlanmışdı. Kövşənliklər, otu çalınmış biçənəklər, saralmış yamaclar, torpaq yol islanmışdı. Adamın burnuna nəm çöllərin yovşan qoxulu, rütubətli havası dolurdu. Ayaqlarımı sallamışdım. Təkərlərin izi getdikcə enlənir və dərinləşirdi. Yolun kənarındakı kövşənliklər xışıldayırdı. Dərz tayalarının yeri cücərmişdi. Qalın sirkanların СКАЧАТЬ