Название: Çuğullar
Автор: Azər Qismət
Издательство: Hədəf nəşrləri
Серия: Çağdaş ədəbiyyat
isbn:
isbn:
Giriş
İnsana nə xoşdursa, o zərərlidir. Nəyi xoşlamırsa, o xeyirlidir. İnsanı sınmışlar sındırar. Onlar artmağı xoşlayarlar. Sınmayanlar bu mərəzdən uzaq olar. Çünki sındırmaq insana məxsus keyfiyyət deyil. Bu heyvani hisdir. Ağrı verən, dözülməz hiss. Belə ağrı çəkən insandan çətin insan olsun. Və belə çıxır ki, mən daha insan deyiləm. Çünki məni sındırmaq üçün hər vasitəyə əl atdılar. Mən dəyişmək istəmirdim.
İnsan sabit qalmağı xoşlayır. Bəzən bunu xoşlamağı sevsə də, könülsüz, məcburi şəkildə o sabitliyi pozmalı olur. Dəyişməyə çalışmaq məqsədlə bağlıdır. Lakin dəyişməyəni hansısa qüvvə dəyişəndə, bunun sirri şifrədədir. Sınılmayan şifrədə.
İnsanlar həyat və dəyişikliyə münasibətdəki baxışlarına görə iki qrupa bölünür: birincilər iddia edir ki, insanlar həyatı dəyişir, ikincilərsə həyatın insanları dəyişdiyini düşünür.
Doğru olan yanaşma isə budur ki, insanı həyat dəyişdikcə, o həyatı dəyişir, ya da insan həyatı dəyişdikcə, həyat da onu dəyişir. Əslində, bu dəyişiklik birtərəfli deyil və yarımçıqdır.
İnsanı həyat, həyatı insan iki istiqamətdə dəyişir: ya pisə, ya da yaxşıya doğru. Dəyişməyən həyat və insan inkişaf etməyən və irəli getməyən, süst insan və həyatdır. Onların bir rəngi var, o da boz. Ətrafımıza baxmaq kifayətdir ki, boz insan və həyatları sezə bilək.
Bəzən inkişaf və irəli getmək üçün insanlar o qədər dəyişir ki, tək qalanda özünü itirdiyini anlayır, axtarmaq istəyi, fikri bir anlıq beynində cücərir. Lakin o fikri sonra sulamaq, ona qulluq etmək və onu gerçəkləşdirməyə tənbəl insanlar ya hazıra doğru gedər, ya da birdəfəlik sonuncu addımı atar, başqalarının təcrübə və biliyinə istinad edər, baxmaz ki, ayaqlarının ölçüsü o addım üçün yetərincə nə uzundur, nə də enli. Baxmaz ki, riyazi hesablamaları doğru deyil. Bəzən isə qaçmaq, tullanmaqla hansısa hədəfə çatmaq, maneəni dəf etmək istəyir insanlar, bu zaman ya quyuya düşər, ya çox tələsmiş olarlar, amma son nəticədə dəyişiklik və inkişaf olmaz. Bir şeyi unudar insanlar: dəyişiklik olmayan yerdə irəliləyiş və inkişaf alınmır. Onu da unudarlar ki, bəzi dəyişikliklər irəliləyiş və inkişafa aparmır.
Bəzən insanlar inkişaf və dəyişiklik naminə elə vasitələrdən istifadə edər ki, sonra özündən ya qorxar, ya da özüylə fəxr edər. Kimisə gözü götürməz, kimisə qısqanar, paxıllıq hissi ilə alışıb-yanar, ən asan və çirkin vasitələrə əl atar. Ya onu satarlar özündən yuxarıda olanlara, ya onu atarlar, ya ona atarlar, üstünə çirkab, şər, söz…
İnsan satqın, yalançı, şərçi, paxıl, qısqanc, xəbərçi doğulmur, çiy süddəndirmi, ya digər daha bilikli və təcrübəli insanların məsləhət və yönləndirmələrindəndirmi, sonradan olurlar. Bəzən ən prinsipial insanlar belə çıxılmaz vəziyyətdə qalanda, düşünmək və alternativ variant axtarmaq yerinə, ona təklif edilən variantlardan birini seçər. Başqasını günahkar çıxarmaq ən asan yol və təsəllidir.
Çuğulluq insanların özünü saydırmaq, diqqəti cəlb etmək, insanların ondan qorxması, qorxu altında hörmət etməsi üçün düşünülmüş və planlaşdırılmış tədbirlər planına, uzunmüddətli strategiyaya bənzəyir. İnsan çuğulluq etdikcə düşünür ki, özü və gələcəyinə imkanlar yaradır, yol açır, ancaq unudur ki, beləsinə güvənmək olmaz. Onlar adətən ifşa olunduqları andan tənha qalarlar, itirməyə bir şeyləri qalmaz. Bu zaman çuğul insanların önündə hansısa mənəvi dəyər və bunu etməmək üçün səbəblər, vicdan əzabı anlayışı ortadan qalxar və onun fəaliyyətini davam etdirməsi üçün yolu tam açılar. O vaxtadək ki, lazımsız əşyaya çevriləcək, xidmətinə ehtiyac duyulmayacaq, ya da başqası ilə əvəz olunmayacaq. Əvəzedilməz insanlar isə yoxdur. Ondan daha yaxşı və daha pisləri var. İnsanların ən böyük səhvi ondan ibarətdir ki, özlərini özəl və əvəzedilməz hesab edərlər, özündən razılıq mərhələsində xırda, qeyri-peşəkar addımı ilə ya özlərini ifşa edər, ya da işlənmiş, istifadə edilmiş məhsul kimi, ya da inventar kimi siyahıdan silinərlər.
Çuğul insanlar – bədbəxt insanlardır. Bədbəxtliyin içində uğursuzluq, neqativ enerji və fikirlər, sevgisizlik, diqqətsizlik olduğundan, çatışmayanları çuğulluq yolu ilə əldə edəcəklərini düşünərlər. Ah, onlar özlərini kənardan görə bilsəydilər! Bəlkə də, başqa çuğulların timsalında görürlər. Amma özlərinə təsəlli verirlər ki, mən belə deyiləm. Onlar özlərini hamıdan üstün tutsalar da, həqiqət budur ki, hamı onlardan üstündür.
* * *
… Bəlkə də, anamı ayı yedi. Ona zəng edəndə istirahətinin üçüncü günü idi. Dağa dırmaşırdı. Deyəndə ki, bu gün həyatımda yeni mərhələ başlanır, susdu. Ya ağacın arxasında gizlənən ayı başını uddu, ya ləpiri ilə uzaqlara selbələtdi, ya da saçından tutub qışa ehtiyat üçün yarpaqların altında gizlədib üstünü işarələdi: qışqırığından belə anladım. Sonra zəng vurub şaqqanaq çəkdi ki, üç ay əvvəl iki heykəltaraş burada sevişib arada fasilə verəndə, ağacdan ayı yonublar. Həmin ayının əsl ayıya oxşaması barədə nəsə danışanda, artıq yeni iş yerimə çatıb telefonu qapamışdım.
Mən tək oğulam. Anam Krıma istirahətə gedəndə ağlamışdı ki, özümdən muğayət olum. Nəsə həmişəkinə nisbətən çox ağlamışdı. Başımı sinəsinə sıxıb hıçqırmışdı ki, “kaş, sonuncu görüşümüz olmasın”. Nədən “kaş” kəlməsini işlətməsini sonra biləcəkdim. Adətən, insan öləndə mərhumun son sözlərini xatırlayırlar. Anam son sözünü liftə girəndə söyləmişdi: “Az sosiska ye, yoxsa qəbz olarsan”. Əgər, başına nəsə iş gəlsəydi, dəfn mərasimində axırıncı sözünün nə olduğunu soruşsaydılar, sosiska məsələsini söyləyə bilməzdim, ayıb olardı. Dəfn mərasimində goplayaram ki, elə hey həyatın faniliyindən danışırdı. Yoxsa, mərhumə o urvatla basdırılmaz: molla “Az sosiska ye, qəbz olarsan” sözünə gülməkdən cırılar.
… İlk iş yerimə gələndə nələrin gözlədiyini bilmirdim. Üç gün olardı ki, idarənin qapısından içəri girir, pencəyimi çıxarır, ağ xələtimi geyinir, laboratoriyada fundamental sənət əsərləri yaradırdım. Zarafat edirəm, Rembrant deyiləm. Müvəqqəti tapşırılan vəzifə xaricdən idxal olunan meyvə-tərəvəzi analizdən keçirib satış üçün razılıq verməkdən ibarət idi. Digər on beş işçinin daha nələrə baxdığını bilmirdim. Analiz etmək, nəticələri çatdırmaq, qalanı mənlik deyildi. Üç gün ərzində başımı buna qatmışdım.
Hər dəfə analizlərin nəticələrini müdirə təqdim edəndə eynəyinin arxasından varlığımı süzüb gülümsəyirdi. Qarşılıqlı idi: gülümsəyirdim.
– Niyə məhz bizdə?
– İşimin adı belədir.
– Anlamadım.
– İxtisasım üzrə gəlmişəm.
İkinci gün görüşəndə ayağa durub əyləşməyə yer göstərdi, kefimi xəbər aldı, dedi ki, “yaxşı görünürsən”, qayıtdım ki, “siz də”. Gülümsədi ki, “vurmalı havadır”, dedim “içən deyiləm”. O, qımışdı, mən də dodağımı qaçırdım.
İlk günlər həmin on beş nəfər gözümə quzu balası kimi göründü, sonra biləcəkdim ki, bu, ilk baxışda belədir. Söz soruşan olmasaydı, söz deməzdilər. Sakitlik hamının başını işlə qarışdırmasına işarədir, heç kim bikar deyil və hamı saatbasaat məvacibin verilməsini gözləyir.
Nəhayət, beşinci gün yetişdi. Xaricdən idxal edilən, üstü etiketli almaların tərkibini yoxlayırdım ki, daxili telefon zəng çaldı. Müdir dəstəkdə pıçıldadı ki, “tələsmə, işini qurtarandan sonra yanıma gələrsən”. “Tələsmə”. Nədən belə şirinlik, lütfkarlıq, mərhəmlik?
Ətrafımda yel dəyirmanı kimi СКАЧАТЬ