Название: Filin seyrə çıxması
Автор: Александр Куприн
Издательство: JekaPrint
isbn: 978-9952-8245-5-1
isbn:
© «Gənclik», 1986
© «Kitab Klubu MMC», 2016
Ön söz əvəzi
Məşhur rus yazıçısı Aleksandr İvanoviç Kuprin 1870-ci ildə kasıb ailədə anadan olmuşdur. O hələ uşaqkən atası ölmüş, anası, yaşamaq üçün heç bir vəsaiti olmadığından uşaqlarını dövlət ixtiyarındakı qapalı məktəblərdə tərbiyə etdirməyə məcbur olmuşdu.
Balaca Saşa[1] əvvəlcə atasız-anasız uşaqlar saxlanan yetimlər evində olmuş, sonra soldat rejimi və kötək üsulunun hökm sürdüyü kadet korpusunda və nəhayət, yunker məktəbində oxumuşdur. Kuprin uşaqlıq və ilk gənclik illəri, ana qayğısı və ailə rahatlığının nə olduğunu görməmişdir. O, həyatın acısını çox tez daddığından başqalarının kədərini dərindən duymuş, azadlığı sevmiş, zülm və zorakılığa nifrət etmişdir. Çar ordusunda xidmət edərkən bu hisslər onda daha möhkəmlənmiş, – yazdığı hekayə və povestlərdə öz əksini tapmışdır.
Kuprin yaradıcılığa çox gənc yaşlarından başlamışdır. O bütün ömrü boyu yazıçı əməyinə olduqca ciddi yanaşmış və çox inadla işləmişdir. Kuprinin hekayələrində onun insanları, təbiəti və heyvanları bir rəssam kimi təsvir etmək istedadı bizi heyran edir.
O, həyatı öyrənmək və yaxşı yazmaq üçün o çox səyahət etmiş, bir neçə dəfə peşəsini dəyişmişdir: balıqçılıq, aktyorluq etmiş, yük daşımış, kilsə xorunda oxumuş, yerölçən olmuş, hələ təyyarədə uçmaq nadir və qorxulu bir iş olandan uçmuş, skafandr geyib dalğıclarla Qara dənizin dibinə enmişdir.
Bir yazıçı Kuprin haqqında hətta belə bir şeir də yazmışdır:
O sən idin getdin dəniz təkinə,
Qalxdın buludlara, göylər əngimə.
Dörd ünsürdən biri od oldu, ancaq,
Keçmədi hələ ki, pələng cənginə!
Aleksandr İvanoviç Kuprin çox cəsur adam idi. Bir dəfə o, içində pələng olan qəfəsə girmişdi. Qəfəsdə bir an qalmış, heyvanlar təəccüb və heyrətdən özlərinə gəlməmiş sağ-salamat çıxmışdı. Həmin pələnglər isə çox qəzəbli və yırtıcı imişlər. Bundan bir neçə ay sonra onlar təlimçilərini – qadını parçalamışdılar.
Kuprin Rusiyanın təbiətini sevirdi, quşların və heyvanların xarakter və vərdişlərinə çox gözəl bələddi. O, itlər, pişiklər, meymunlar, fillər, quşlar haqqında çoxlu hekayələr yazmışdır. Bu, onun heyvanları çox istədiyini göstərirdi. Kuprin vaxtının çoxunu heyvanlarla keçirmişdir; onları təlim etmiş, xəstələndikdə müalicə eləmiş, ölüm təhlükəsi üz verəndə onları xilas etmişdir.
Kuprinin heyvanlara göstərdiyi qayğıdan belə deyirlər.
Bunu bizə yazıçının bacısı qızı Sofya Stanislavovna Nepomiyaşşaya söyləmişdir.
Onun səkkiz yaşı var idi. Atası meşəbəyi idi, ailələri də meşədə yaşayırdı. Bəzən istirahət etmək üçün Kuprin də onlara gələrdi. Hər dəfə gələndə meşəbəyinin oğlanlarına, onların dostlarına – meşədə işləyənlərin, gözətçilərin uşaqlarına – ayaqlarını havaya qaldırıb əlləri üstündə yerimək, mayallaq vurmaq, piramida düzəltmək öyrədərdi. Kuprin özü çox yaxşı idmançı idi.
Bir dəfə də Kuprin gələndə meşəbəyinin kiçik oğlu Vadim porsuq ovuna getmək fikrinə düşür. Ov itini özü ilə götürməyə ona icazə vermirlər. O, çox fikirləşmədən bacısının Murka adlı pişiyini aparır. Sonya[2] kömək üçün dayısına tərəf atılır. Saşa dayı o saat ov yerinə gedir.
Ov artıq qurtarmışdı. Vadim özünü itirərək böyük, uca, qolsuz-budaqsız bir şam ağacının başına baxırdı. Murka orada ağacın lap kəlləsində bir budaq üstündə dayanmışdı. Məlum oldu ki, Vadim porsuğu qorxudub, ehtiyat çıxış yolundan qaçırmaq üçün Murkanı onun yuvasına soxmuşdur. Pişik isə porsuqdan qorxaraq bütün gücünü toplayıb ovçunun əlindən çıxmış və ox kimi atılaraq ağacın başına çıxmışdır.
Murka bütün günü və gecəni orada keçirmişdi. Səhər Kuprin Murkanın oradan düşməyəcəyini acından öləcəyini və ya yırtıcı bir quşun onu parçalaya biləcəyini yəqin edəndən sonra «idmançılara» toplanmağı əmr etdi.
Sonyanın o biri qardaşı Boris cibindən fışqırıq çıxartdı, bərkdən çaldı. O, Kuprinin şagirdləri – idmançıların hamısı toplaşıncaya qədər fit çaldı. Beləliklə, çətinliyə düşmüş pişiyin xilas edilməsinə başlandı.
Saşa dayı gəlib ağacın dibində dayandı. Onun sağ və solunda Korneyev qardaşları dayandılar. hər ikisi qüvvətli, enlikürək, dolubədənli idi. Onların və Saşa dayının çiyinlərinə Boris və Vasya Çijik qalxdılar, Borislə Vasyanın çiyinlərinə isə Vadim çıxdı.
Vadim piramidanın lap başında dayanaraq əlindəki uzun çubuğu rahat hərəkət etdirmək üçün özünü qayışla ağaca bağladı. Çubuğun ucuna parça oxşar bir qutu bəndlənmişdi. Bu qutu bir-birindən aralı nazik çubuqlardan düzəldilmişdi. Uzun çubuqların ucuna bəndlənmiş bu cür qutuları bağbanlar, uca ağaclardan meyvələri dərmək üçün istifadə edirlər.
Vadim çubuğu qaldırmağa başladı. hamı böyük bir gərginliklə qutunun hərəkətini izləyirdi.
Nəhayət, qutu Murkaya yaxınlaşdı… Ona toxundu. Vadim Murkanı ağacdan qopardı, hamı sevindi. Sonyanın üzündən göz yaşı axmağa başladı. O heç nə görmürdü, ancaq idmançıların bir-birinin çiynindən yerə atıldıqlarını eşidirdi.
Bir-iki saniyə də keçdi, Saşa dayı Murkanı Sonyanın qucağına qoydu. Sonya Murkanı bağrına basdı, sevincindən atılıb-düşməyə başladı. Amma yazıq Murka bu vaxt ərzində o qədər arıqlamışdı ki! Bir dəri, bir sümük qalmışdı. Qız Murkanı sinəsinə basmışdı, Murka başını qızın boynuna, buxağına, yanaqlarına sürtərək öz nəğməsini oxuyurdu. «Mur! Mur! Muurrm!»
Bizim Dzi-Dzi adlı balaca bir meymunumuz var idi. Onu atam qapı-qapı gəzən bir serbdən almışdı. Serb nəğmə oxuyur, qamçı ilə meymunun tüksüz baldırlarına vururdu. Dzi-Dzi qamçı zərbələrindən canını qurtarmaq üçün yerində tullanırdı. Bu da onun rəqsi idi.
Meymun cənubda yaşayan heyvandır. Onlar bizim iqlimə çətin dözür, tez soyuqlayır, öskürür, vərəm xəstəliyinə tutulurlar.
Bu barədə biz uşaqlara, evimizə tez-tez gələn Aleksandr İvanoviç danışardı. Yadımdadır, soyuq düşəndə mən onunla Dzi-Dzi üçün isti gödəkcə, mahud şalvar, corab və başmaq tikərdim.
Dzi-Dzi gödəkcə və şalvarda gəzərdi, ancaq başmaq və corabı o saat çıxardıb atardı. Nədənsə boğazının altından lentlə bağlanmış papağını çəpəki qoymaqdan xoşu gələrdi.
Biz nə qədər qorusaq da Dzi-Dzi bir gün xəstələndi. Onu tanışımız, tibb institutunun tələbəsi Vanya dayı və Kuprin müalicə etməyə başladılar. Onlar meymunun ciyərlərinə qulaq asır, dərman verir, banka salır, kompres qoyurdular. Biz Aleksandr İvanoviçin məsləhətinə görə meymuna sıyıq verir, güc-bəla ilə kakao və süd içirdirdik. Bütün bu səylərə baxmayaraq, Dzi-Dzi öldü. O çox incə, mülayim və mehriban bir məxluq idi.
1
Saşa – rus dilində Aleksandr adının nəvaziş formasıdır (tərcüməçi).
2
Sonya – rus dilində Sofya adının nəvaziş formasıdır (tərcüməçi)