Название: Əlvida, silah!
Автор: Эрнест Миллер Хемингуэй
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952243840
isbn:
1
Həmin il yayın axırlarında biz kəndlərin birində mövqe tutmuşduq. Qaldığımız balaca evdən çay və düzəngah görünür, onlardan o yanda isə dağlar ucalırdı. Çayın yatağı gün işığında ağaran qənbər və çınqıllarla örtülüydü. Suyu dumduru, axarı itiydi, yayıldıqca göy rəngə çalırdı. Evin yanındakı yoldan keçən qoşunların qaldırdığı toz ağacların yarpağı üstə çökürdü. Hətta ağacların gövdəsini də toz basmışdı. Bəlkə, buna görəydi ki, həmin il ağaclar yarpağını tez tökməyə başlamışdı…
Düzənlik boyu çoxlu meyvə bağları vardı, arxadakı dağlarsa boz və çılpaq idi. Dağlarda döyüş gedirdi. Gecələr partlayışlardan saçılan alovlar görünürdü. Qaranlıqda bunu şimşək çaxışına bənzətmək olardı; amma hava sərin keçdiyindən yağışdan, tufandan əsər-əlamət sezilmirdi.
Qaranlıqda pəncərəmizin altından qoşunların keçib-getdiyini eşidirdik. Gecələr yolda hərəkət artırdı. Əsgərləri daşıyan boz yük maşınları, döyüş sursatı yüklənmiş qatırlar bir ucdan qatarlaşıb gedirdi. Onların ardınca sürətlə gedən balaca maşınlar gəlirdi. Bu maşın karvanında kralın da olduğu hamıya məlumdu. O, Udinedə yaşayırdı və hər gün burdan gəlib keçirdi.
Qışın girməsiylə yağışlar başladı. Yağışlar özüylə vəba xəstəliyi də gətirdi. Onun geniş yayılmasına imkan vermədilər, baxmayaraq ki vəbadan artıq yeddi min əsgər ölmüşdü…
2
Növbəti il düşmən üzərində bir neçə qələbə qazanıldı. Avqust ayında biz çayı keçib Qorisiyada hündür hasarı və gözəl bağı olan bir evdə yerləşdik. İndi döyüşlər lap yaxınlığımızda gedirdi.
Qorisiya asanlıqla ələ keçirilmişdi. Nəyə görəsə, avstriyalılar bu şəhəri digərləri kimi aramsız bombalamırdılar. Adama elə gəlirdi ki, müharibə qurtarandan sonra onlar burdaca qalacaqlar.
Şəhər kənarında ucalan dağın döşündəki palıd meşəsi məhv edilmişdi. Yayda biz gələndə bu meşə yamyaşıl idi. İndi isə hər şey alt-üst olmuşdu.
Axşam şəhərə düşüb zabitlərin əyləndiyi kafeyə getdim.
Dostum olan kapitanla pəncərənin qırağında, üzbəüz oturmuşduq. Lopa-lopa qar yağırdı. Yağan qara baxıb düşünürdüm ki, bu ilimiz boşuna getdi – çayın o üzündəki dağlar alınmamışdı. Ümid gələn ilə qalırdı. Birdən dostum palçıqlı yolda ehtiyatla harasa gedən polk keşişimizi gördü. Pəncərəni tıqqıldadıb onu içəri çağırdı.
Zabitlər yeməkxanasındakı hər kəs ciddi tərzdə, tələsə-tələsə spagetti1 yeməklə məşğul idi. Spagettini yeyəndən sonra kapitan keşişə sataşmağa başladı.
Keşiş cavan idi və tez özündən çıxırdı. Geydiyi forma bizimkindəndi, ancaq boz frençinin2 sol döş cibinin üstünə tünd-qırmızı məxmərdən xaç tikilmişdi. Kapitan sadəcə mənim xatirimə pozuq italyan dilində danışırdı. Nədənsə belə hesab edirdi ki, bu cür hər şeyi daha yaxşı başa düşə bilərəm. Ordan çıxana qədər hamı keşişlə məzələndi. Arada kim isə içəri girdi. Qapı açılanda qarın necə yağdığını gördüm.
– Madam ki qar yağır, onda hücum olmayacaq, – dedim.
Mayor:
– Əlbəttə olmayacaq, – deyə cavab verdi. – İndi məzuniyyət götürsəniz, pis olmaz. Romaya, Neapola, Siciliyaya gedərsiz…
– Mən istərdim ki, siz biz tərəflərə – Abrutssıya da gedəsiniz, – keşiş dilləndi. – Orada yaxşı ov etmək mümkündür. Camaatımız da yaxşıdır. Üstəlik, atamın da ova həvəsi var.
Kapitan:
– Hə, gedək, – dedi.
– Gecəniz xeyrə qalsın, – keşişə dedim.
– Xeyrə qarşı, – keşiş cavab verdi.
3
Məzuniyyətdən qayıdanda bölüyümüz hələ də o şəhərdə idi. Bahar girmişdi. Şəhərdə toplar çoxalmışdı. Bir neçə yeni hospital açılmışdı.
Bölüyümüz hələ də həminki evdə idi, aradan keçən vaxt ərzində heç nə dəyişməmişdi. Mən evə gələndə qapı açıq idi. Divarın dibindəki skamyada bir əsgər oturmuşdu.
Böyük otağın qapısından baxdım. Gördüm ki, mayor stolun arxasında oturub. Pəncərə açıqdır, otağa gün düşüb. O məni görmürdü. İstədim əvvəlcə onun yanına gedib raport verim. Sonra qərara gəldim ki, yuxarı qalxıb üst-başımı qaydaya salandan sonra gələrəm.
Leytenant Rinaldi ilə olduğum otaq həyətə baxırdı. Mən içəri girəndə o yatırdı. Ayaq səslərimi eşidib oyandı. Bir-birimizin əlini sıxdıq. Sonra o məni qucaqlayıb öpdü.
– Hardaydınız, nə edirdiniz? – deyə soruşdu.
– Hər yerdə olmuşam, – dedim. – Milanda, Horensiyada, Romada, Neapolda…
– Şəhərə qəşəng ingilis qızları gəlib. Mən isə onların arasından birinə – Ketrin Barkliyə vurulmuşam. Ehtimal ki, onunla evlənəcəyəm.
– Mən yuyunub raport verməyə getməliyəm, – dedim.
Leytenant soruşdu:
– Pulun varmı?
– Niyə soruşurdun?
– Mənə 50 lirə borc ver. Miss Barkliyə pullu adam təsiri bağışlamalıyam.
İstədiyi pulu çıxarıb verdim. Axşam zabitlər yeməkxanasına getdim. Keşişi orda görüb yanında oturdum. Abrutssıya getmədiyimi öyrənəndə məyus oldu. Hətta incidi də… Sən demə, gələcəyim barədə atasına yazıb, o da hazırlıq görübmüş. Bunu eşidəndə mən də təəssüfləndim. Ona izah etməyə çalışdım ki, onlara getməyi mən də çox arzulayırdım. Amma o qədər iş çıxdı ki, mümkün olmadı.
Nəhayət, o mənə inandı.
Yeməkxanadakılar arasında qızğın mübahisə gedir, keşişlə mən isə susurduq. Bu vaxt kapitan dilləndi:
– Keşiş darıxır, keşiş istəyir müharibəni avstriyalılar udsun.
Keşiş başını tərpədib:
– Yox, – dedi.
– Keşiş istəmir ki, biz hücuma keçək, – kapitan yenidən dilləndi.
– Madam ki döyüş gedir, hücuma keçməliyik, – keşiş dedi.
– Əl çəkin ondan, – mayor səsləndi. – O, yaxşı oğlandır.
Biz hamımız stolun arxasından qalxdıq.
4
Səhər qonşu bağdakı hərbi hissədən gələn səsə oyandım. Pəncərəyə yanaşıb bayıra boylandım. Toplar görünmürdü, mərmilər isə lap başımızın üstündən ötüb-keçirdi. Geyinib aşağı düşdüm. Mətbəxdə qəhvə içib qaraja getdim.
Uzun talvarın altında sıra ilə on maşın düzülmüşdü. Bunlar iri kuzovlu, kəsikburun sanitar avtomobilləri idi.
– İşləriniz necədir? – mexaniklərin СКАЧАТЬ
1
2