– Ay gədə, burda neynirsən. Düzünü de. Yoxsa mənim dalımca
göndəriblər səni?
– Qurbanın olum, ağa, yuxuya qaldığımdan qoyun-quzunu itirmişəm, sanki qeybə çəkiliblər. Sürünü axtara-axtara gəlib bura çıxmışam.
– Yalan deyirsən, məlun. Səni bura öyrədib göndəriblər, – artıq xeyli
müddətdi ki, Məmmədrəsul bəylə meşələrə çəkilən, Ağcabədinin Kəbirli bəylərindən olan Soltan bəy dilləndi.
Neçə vaxtdı ki, meşədə həyat sürən Soltan bəy sanki vəhşiləşmişdi. O
hər kəsdən şübhələnirdi.
Hümbət: – Ağa, niyə hirslənirsən, bizim nəsildən satqın çıxmayıb,
bunu Məmmədrəsul bəydən də xəbər ala bilərsən.
Məmmədrəsul hələ də sərt və səbirsiz olaraq qalırdı:
– Eh Hümbət, bəylik qoydular ki, qalsın bizdə. Sən mənə de görüm
Şəhrizad necədir, Talıbdan nə xəbər?
– Ağa, hamı yaxşıdır. Təkcə səndən nigarandırlar. Mehtər oğlu
İsmayıl deyirdi ki, Şəhrizad xanım qardaşı Məmmədrəsulu görmək üçün bütün dünyanı qurban verər…
– Kimə qurban verəcək bu dünyanı, bolşeviklərə? Dünya onlara qalmayacaq… Qisasımı almayınca, bacıma de, dünyadan əl çəkən deyiləm.
– Ağa, bəs mənim qoyunlarım?
Məmmədrəsul ucadan şaqqanaq çəkib güldü:
– Ə qırışmal, sənin qoyunların var? Bizim qoyunlar nə tez sənin
oldu? Arxa tərəfdə dərədədir, götür apar. Bacıma da de ki, gələcəm…
***
Hümbətin gəlib çıxmaması kənddə hamını təlaşlandırmışdı. Kənd
sovetinin sədri Sibir Qəzənfər camaatı səfərbər etmişdi. Hamı əllərində məşəl Soltanbuda tərəf gedib Hümbəti axtarırdı. Səhərə yaxın kəndlilər uzaqdan qaraltı gördülər. Sibir Qəzənfər atını ora çapdı. Hümbətə yaxınlaşıb şallağını çəkdi onu vursun:
– Hardaydın, ə. Camaatı qanbağır eləmisən. Arvadın saçın yolur.
– Qəzənfər qağa, azmışdım.
– Gəl tez ol, düş qabağıma…
Kəndin ağsaqqalı olan Sibir Qəzənfər özündən cavan olan kənd əhlinə övladı kimi baxırdı. Kənddə də hər kəs onun bir sözünü iki eləmirdi.
Kəndlilərin hələ uzaqda olduğunu görən Sibir Qəzənfər atın
üstündən Hümbətə səsləndi:
– Yaxın gəl və mənə diqqətlə qulaq as. – Hümbət yaxınlaşdı. – Bir də gedib başını qurd yuvasının ağzına soxma. Öz ağzını da möhkəm saxla…
Handan-hana Sibir Qəzənfərin nə demək istədiyini anlayan Hümbət:
– Qağa mən heç nə görmədim meşədə. Sadəcə azıb gedib oralara
çıxmışam. Meşədir də…
– Kəs…, – deyə Sibir Qəzənfər Hümbətə səsləndi, – mən sənə sözümü
dedim.
Məmmədrəsulu vəhşi qiyafəsində görüb çox məyus olan Hümbət indi bir az ürəklənmişdi. Deməli, Sibir Qəzənfər də Məmmədrəsulun buralarda, meşədə olduğunu bilirmiş… Kənddə də iclasda deyirdi ki, inqilabın düşmənləri ilə mübarizə aparaq… Hümbət çiyinlərini çəkdi. Çar dövründə uryadnikin adamını öldürüb Sibirdə dustaq yatmış Qəzənfər bu gün də kənd sovetinin sədridir. Bolşeviklər ona çar üsul-idarəsi ilə mübarizə aparmış qəhrəman kimi baxırdılar. Havayı yerə bu kişiyə Sibir Qəzənfər demirlər ki… Hümbət kəndlilərin yaxınlaşdığını görüb fikirdən ayıldı…
– Şükür ki, Hümbət tapıldı. Day dağılışın evinizə, – deyən Sibir
Qəzənfər Hümbətə səsləndi, – Talıba de yanıma gəlsin.
Talıb hər dəfə kənd sovetinin binasını görəndə dünya onun başına
fırlanırdı. Çünki onların evini kənd sovetinə, Əmiraslan bəyin evini isə məktəbə vermişdilər.
İndi Hümbət ona deyəndə ki, Sibir Qəzənfər səni çağırır, ayaqları
getsə də, ürəyi getmək istəmirdi.
Sibir Qəzənfər Talıbı övladı kimi qarşılayıb gecikdirmədən dilləndi:
– Bilirsən ki, mən dünyanın hər üzünü görmüşəm. Sizi istəyib
deyirəm… – Talıb Sibir Qəzənfərin nə demək istədiyini tam anlamayıb sual
dolu nəzərlərlə sovet sədrinə baxdı. Sibir Qəzənfər xısın səslə, – Məmmədrəsulu deyirəm, – dedi.
– Qəzənfər kişi, gör bir neçə vaxtdır mən onun üzünü görmürəm…
– Bilmirəm. Görürsən, ya yox… Amma onu bilirəm ki, onun
gördüyü işin axırı yoxdur. Tutub güllələyəcəklər. Kişilər o boyda dövlət qurmuşdular Bakıda. Axırı nə oldu? Ölən öldü, sağ qalan da pərən-pərən düşdü vətəndən… Əmin oğlu sizi də zibilə salacaq…
– Mənim əlimdən nə gəlir ki…
– Bax zəmanənin ən doğru cavabı budur. Bizim əlimizdən nə gəlir
ki? Başqa yolumuz yoxdur. Vallah belə getsə, ona görə kəndin də altını üstünə çevirərlər.
Talıb çiyinlərini çəkdi:
– Axı mən onun harada olduğunu hələ də bilmirəm.
– Yaxındadır. Uzaqda deyil. O ya təslim olmalıdır, Ya da Arazı
keçib qeybə çəkilməlidir. Nə vaxtadək meşələrdə canavar kimi yaşayacaq. İndi ətrafda biri öldürülən kimi ondan şübhələnirlər. Fövqəladə komissiya onu axtarır. Geci-tezi var. Tapıb güllələyəcəklər.
СКАЧАТЬ