Xatirələrim. Abdulla Şaiq
Чтение книги онлайн.

Читать онлайн книгу Xatirələrim - Abdulla Şaiq страница 5

Название: Xatirələrim

Автор: Abdulla Şaiq

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия: Xatirə ədəbiyyatı

isbn: 978-995-255-779-4

isbn:

СКАЧАТЬ Beləliklə, yeni, qabaqcıl görüşlərlə köhnə, mürtəce görüşlər mübarizə aparır, üz-üzə gəlirdi.

      Bütün bunlarla yanaşı, xalqın şüurunda dini görüşlər, avamlıq və mövhumat çox möhkəm yer tutmaqda idi. Xalqın çoxu savadsız idi; fala, duaya, pirlərə, qəza-qədərə, caduya, istixarəyə inam möhkəm idi. Avam arvadlar bir xəstəlik, ya bədbəxtlik üz verən kimi falçılara fala baxdırır, Altınbarmaq Seyidə dua yazdırır, Tiflisin məşhur ruhanilərindən olan Mir Nemətulla ağanın ocağına, Xıdır Nəbiyə nəzir verir, şam yandırır, onlardan nicat, sağlamlıq və xoşbəxtlik istəyirdilər.

      Mir Nemətulla ağanın evi "Botanik bağı"nın yanında idi. (O bağa "Gəncə bağı"da deyirdilər.) Atam danışırdı ki, Mir Nemətulla ağanın həyətində iri, şaxəli, qoca bir tut ağacı var imiş. Bir gün qonşuluqda yaşayan avam bir qadın gecə qaranlıqda həmin ağacın altında işıldayan atəş böcəyini görüb, onu şama oxşatmış, səhər ətrafa səs salmışdı ki, gecə tut ağacının altında səhərə qədər şam yanmışdır. Həqiqəti anlamayan bu avam qadın ertəsi günü axşamçağı tut ağacı altında birinci şamı özü yandırmışdı. Beləliklə tut ağacı ocaq olur. Ona hər yandan nəzir-niyaz gəlməyə başlayır. Uşağı olmayan, ya bir fəlakət üz vermiş olan qadınlar nəzir edib, tut ağacına əski bağlaya-bağlaya hər dərdin dərmanı bildikləri bu ağacı axırda qurutdular. Bundan sonra ağanın ocağını yaşatmaq üçün tut ağacının yerində böyük bir günbəd tikildi.

      Yadımdadır, qonşulardan biri xəstələnsəydi, ya işləri çətinə düşsəydi, dərhal Altıbarmaq Seyidə dua yazdırar və Mir Nemətulla ağanın ocağına nəzir edərdilər.

      Anamın təbiətində Sənəm nənəmin aşıladığı mövhu-matçılıq qulluqçumuz məşədi Pərinin təsiri ilə daha da güclənmişdi. Bu qılıqlı arvad anama özünü elə sevdirmişdi ki, anam ona çox zaman, "bacım" deyə xitab edir və hər sözünə inanırdı.

* * *

      Şeytanbazar o vaxt Tiflisin ən izdihamlı küçələrindən idi. İki-üç yerdə çayxana var idi. Bu çayxanalar səhərdən axşama qədər hey dolub boşalır; hərə qarşısında bir stəkan çay oturur, dərvişlər nağıl söyləyir, ilan oynadır, xanəndələr çalıb-oxuyurdular. Böyük samovar səhərdən gecə yarısınadək qaynayır, onun yanından qızarmış kömür əskik olmur, çayxana xidmətçiləri qəlyan başına maşa ilə od qoyub, çəkə-çəkə alışdırır, sonra aparıb müştəriyə verirdilər. Müştəri də bir əli ilə qəlyanın uzun boğazından, bir əli ilə də uzun müştüyündən yapışıb çəkir və tez-tez tüstünü havaya buraxırdı. Samovarların hisi, tənbəkilərin acı tüstüsü çayxananın içini duman kimi bürüyürdü. Mən dayımgilə həmişə bu çayxananın qabağından keçib gedərkən qapı ağzında durub, içəridə nağıl söyləyən, ilan oynadan dərvişlərə tamaşa edirdim. Bu çayxanalar o zaman işsiz-peşəsiz həyat keçirən, ətalət və qəflət azarına tutulmuş adamların məskəni idi. Elə çayxana düşkünləri var idi ki, bütün günlərini orda keçirirdilər.

      Şeytanbazarın çayxanaları kişilərin əyləncə yeri olduğu kimi, Tiflis hamamxanaları da arvadların gün keçirdikləri yer idi. Bu hamamlar gecə-gündüz qurnalardan[4] şırhaşır axıb hovuzlara tökülən kükürdlü isti mədən suları ilə məşhurdur. Heç bir ictimai yerə çıxmayıb evdə dustaq kimi yaşayan çarşablı arvadların ən böyük əyləncə yeri bu hamamlar idi. Hamı burada görüşür, burada tapışır, burada şirin söhbətə qızışır, oğlunu evləndirmək istəyənlər burada qız bəyənirdi. Hər kəs öz gücünə görə boğçasına pendir, çörək, yayda qarpız, xiyar bağlayıb hamama gedir, axşama qədər gününü orada keçirirdi.

      Uşaq vaxtından mən də hamama anam ilə gedirdim. Yadıma gəlir, bu arvad hamamında elə səs-küy olardı ki, ağız deyəni qulaq eşitməzdi. Təəccüb burasındadır ki, hamısı birdən danışır, hamısı da bir-birini anlayıb cavab verirdi.

      Sonralar hamama mən atamla gedirdim. Hamama daxil olan kimi gözə dərhal kərpicdən tikilmiş, əhəng və gəc ilə suvanmış böyük bir hovuz çarpırdı. Hovuzun sağ və sol tərəflərində soyunmaq üçün yerdən bir qədər uca xüsusi səkilər vardı. Nazik və uzun taxtalardan qayrılmış kiçik bir daxmada hamamçı otururdu. Soyunulan paltarlara nəzarət edən xidmətçi çimib gələnlərin ayağına su tökür, geyinmək istəyənlərə hər cür kömək göstərirdi. Bir tərəfdə isə samovar qaynayır, çayçı müştərilərə çay paylayırdı. Bir dəfə atam ilə hamama getməyim heç xatirimdən çıxmır. Biz hamama daxil olan kimi ətrafımızı kisəçilər bürüdü. Atam birini seçdi. O əvvəlcə hamamın səkisinə iki fitə sərdi. Sonra uzanmaq üçün bir kisəni yumrulayıb başı altına qoydu. Biz fitə üstündə oturduq. Kisəçi əvvəlcə atamın saqqalına xına qoydu. Sonra mənə kisə çəkdi. Mən oturub atamı gözləyirdim. Kişi başqa birisinə kisə çəkdikdən sonra atamın saqqalının xınasını yuyub yerinə rəng yaxdı. Mən gözləməkdən darıxırdım. Bir saatdan sonra kisəçi atamın saqqalının rəngini yuyub bədəninə kisə çəkməyə başladı. Sonra canını ovuşdurdu. Bütün bu tamam-dəsgahdan sonra böyük hovuza girdik. Dolu hovuzun suyu o qədər təmiz idi ki, ayaq barmaqlarımızın dırnağı görünürdü. Üç-dörd saat davam edən yuyunma nəhayət başa çatdı. Hamam xidmətçisi ayaqlarımıza su tökdü. Kişi hamamı intizamlı və səs-küysüz idisə də, kisəçinin hoqqabazlıqları, atamın saqqalının xınası və rəngi, onun bütün hamam qanun-qaydalarına qeyd-şərtsiz itaət etməsi məni lap hövsələdən çıxarırdı.

* * *

      Tiflis cavanlarının bir hissəsi oxumur, işləmir, günlərini xoruz və qoç döyüşdürmək, meydançalarda güləşməklə keçirirdilər. Bir gün evdən çıxıb yoldaşım Hüseyn Minasazov ilə "Virana bağ"a oynamağa gedirdik. Yolda iki nəfər kişinin öz qoçlarının zəncirindən tutub, yanlarında bir dəstə adam ilə həmin bağa tərəf addımladıqlarını gördük. Bildik ki, qoçlarını döyüşdürməyə aparırlar. Biz də onlara qoşulduq. Qoçların ikisi də ağ idi. Qoçbazlardan biri öz qoçunu yol uzunu tərifləyib deyirdi:

      – Tiflisdə mənim qoçumun qabağına çıxan qoç olmayıb. Heydər ağanın qoçu ki, səsi Tiflisi tutmuşdu, onu mənim qoçum beşcə dəqiqədə qaçırtdı.

      O biri qoçun sahibi sakit-sakit onu dinlədikdən sonra:

      – İgidin gücü meydanda bilinər! – deyə cavab verdi.

      Onlar qoçlarını "Virana bağ"a yox, onun aşağısındakı

      Qarpız meydanına gətirdilər. Ora çatıncaya qədər yolda adamlar çoxalmışdı. Qarpız meydanında böyük bir ağaclıqda dayandıq. Hər iki kişi qoçların boynundakı nazik zəncirə bağlı qalın meşin xaltaları açıb, qoçların buynuzlarından yapışdılar; onları bir-birinə yaxın gətirib buraxdılar. Qoçlar əvvəlcə bir-birilə iyləşdi, sonra dəhşətli bir döyüş başlandı. Vuruş getdikcə qızışır, hər iki qoç geri çəkilir, sonra irəli cumub bir-birinin kəlləsinə "şaraq-şaraq" buynuz vururdu. Qoçların yiyələri, "Ha qoçum, ha" deyə-deyə, elə bil onlara ürək-dirək verirdilər. Vuruşma uzun sürdü. Öyünən qoçbazın qoçu axıra yaxın bir-iki dəfə yediyi buynuzdan СКАЧАТЬ



<p>4</p>

Kran